Ötən il ölkəyə 2 milyondan artıq turist gəlib

”Qərb ölkələrilə də viza sadələşdirilməsinə getmək lazımdır”

Source:


”Qərb ölkələrilə də viza sadələşdirilməsinə getmək lazımdır”

2 milyon 242 min 783 nəfər – bu, 2016-cı ildə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayıdır.

Rəqəmləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Turizm Şurasının iclasında açılayıb. O, bu rəqəmin 2015-ci illə müqayisədə 11,7 faiz çox olduğunu deyib:

“Ötən il ölkəyə gələn xarici vətəndaşların ümumi sayında Rusiya (33 faiz), Gürcüstan (22,5 faiz), Türkiyə (13,9 faiz) və İran (10,9 faiz) vətəndaşları çoxluq təşkil edib. Bir sıra ölkələr, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Koreya Rrespublikası, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Eyni zamanda, elektron viza sisteminin tətbiqi və bu il yanvarın 10-dan etibarən “ASAN Viza” sisteminin fəaliyyətə başlaması uğurlu addımlardandır”.

Turizm sahəsi üzrə ekspert Ülvi Həsənli Meydan TV-yə deyib ki, Qərb ölkələrilə də viza sadələşdirilməsinə getmək lazımdır. Həmin ölkələrdən turistlər cəlb etməklə, külli miqdarda valyuta cəlb edə bilərlər:

“Turizm elə bir sahədir ki, burada müştərinin istəkləri önəmlidir. Viza da bu istəklər sırasındadır. Təəssüf ki, Azərbaycanda hər şey tərsinə olduğu kimi, bu yanaşma da tərsinədir. Hökumət elə bilir ki, turistlər sərhəd məntəqələrində sıraya düzülüb gözləyirlər ki, ASAN Viza tətbiq edilsin və onlar Azərbaycana gəlsinlər”.

Ülvi Həsənli sonda bildirir ki, hökumət ölkəyə turist cəlb etmək istəyirsə, əvvəlcə Avropa ölkələri ilə viza sadələşdirməsinə getməlidir.

Ana səhifəXəbərlərÖtən il ölkəyə 2 milyondan artıq turist gəlib