Xəsarət alanlardan 11 nəfəri SOCAR-ın, digərləri isə əməliyyat şirkətlərinin əməkdaşlarıdır
2023-cü ildə Azərbaycanın hasilat sənayesində əmək qanunvericiliyinin pozulması nəticəsində 27 işçi xəsarət alıb, 5 nəfər həlak olub.
Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Həlak olanlardan ikisi SOCAR “Neftqaztikinti” trestinin, ikisi SOCAR “Azneft” İB-nin 2 saylı İxtisasdırılmış Neft Mədən Xüsusi Texnika İdarəsinin, biri isə “SOCAR Petroleum” Qapalı Səhimdar Cəmiyyətinin işçisi olub.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hesabatına görə, xəsarət alanlardan 11 nəfər SOCAR, 8 nəfər “Balaxanı”, 1 nəfər “Qarasu” (Global Energy Azerbaijan) , 1 nəfər “Salyanoyl” (GL Şirkətlər Qrupu), 1 nəfər “Binəqədioyl” (Global Energy Azerbaijan), 1 nəfər “Şirvanoyl” (Global Energy Azerbaijan), 1 nəfər “Tağıyev” əməliyyat şirkətlərinin, 1 nəfər BP şirkətinin, 1 nəfər “Caspian Marine Services B.V” şirkətinin Azərbaycandakı filialının, 1 nəfər isə Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqının işçisi olub.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu barədə hər hansı açıqlama verməyib.