Afət Nəzərli: ”2016-cı ildə qeydiyyata götürülən uşaqların yaşları fərqlidir”
2016-cı ildə 42 hamilə qadında İİV infeksiyası aşkarlanıb. Bunu “Report”a açıqlamasında Respublika QİCS-lə Mübarizə Mərkəzinin Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin müdiri Afət Nəzərli deyib.Onun sözlərinə görə, 170 mindən çox hamilə qadın İİV-infeksiyasına görə müayinə olunub. Şöbə müdirinin sözlərinə görə, qeydiyyata götürülən 42 qadının hər biri dünyaya sağ körpə gətirib.
Həmçinin 2016-cı ildə İİV-ə yoluxmuş 10 uşaq mərkəzdə daimi qeydiyyata götürülüb: “Yeni dünyaya gəlmiş körpələr dərhal qeydiyyata götürülmür. 18 ay ərzində onlar müşahidədə olurlar. 18 aydan sonra analizləri götürüb baxırıq. Çünki 18 ay ərzində anadan olan anticisimlər orqanizmdə qalır. Əgər bu müddətdən sonra onların qanında anticimlər təyin olunmursa, onda onlar qeydiyyatdan çıxarılır. Ötən il qeydiyyata götürülən uşaqların yaşları fərqlidir: 3 yaşa qədər olan da var, 3 yaşdan yuxarı olan da”.