Şirkətin bölünməyən mənfəəti 2,4 dəfə – 120,036 mln manatdan 50,136 mln manata azalıb
”Azərişıq” ASC 2015-ci il üçün maliyyə-iqtisadi hesabatını açıqlayıb.
Məlumata əsasən, ötən il şirkəti ciddi ziyanla işləyib.
2015-ci ildə şirkətin xalis itkisi 31,287 mln manat olub. Bir il öncə şirkət 5,189 mln manat mənfəət əldə etmişdi.
“Azərişıq” ASC-nin bölünməyən mənfəəti 2,4 dəfə – 120,036 mln manatdan 50,136 mln manata azalıb.
“Azərişıq” ASC-nin aktivləri ötən il 1322,973 mln-dan 2027,923 mln manata, nizamnamə kapitalı 623,534 mln-dan 1319,208 mln manata artıb.
2015-ci ildə şirkətin debitor borcları 465,364 mln-dan 524,257 mln manata artıb. Operator yığım perspektivinə şübhə ilə yanaşır və 26,213 mln manat ehtiyat yaradıb.
2015-ci ildə elektrik enerjisinin maya dəyəri 377,751 mln-dan 679,953 mln manata artıb. Debotor borcları nəzərə alınsa, belə çıxır ki, operator satılan elektrik enerjisinin qiymətinin 22,8 faiz toplaya bilib, deyə abc.az portalı bildirir.
Elektrik enerjisinin satışı 427,254 mln-dan 756,785 mln manata artıb. Debotor borcları nəzərə alınsa, abunəçi ödənişi satışın 31,7 faizi qədər olub.
”Turan IA” xatırladır ki, “Azərişıq” ASC “Azərenerji”yə olan borcunu ödəmək qabiliyyətində deyil. Sonuncunun isə 2016-cı ilin I rübü üçün SOCAR-a aldığı qaza görə 350 mln manat borcu var. Beləliklə, dövlət müəssisələri arasında maliyyə intizamı pozulub.