Ötən il abituriyentlərin 64.7 faizi imtahandan “02” alıb

Source:


Nadir İsrafilov: “Bu gün bizim təhsilimiz naşı insanların əlindədir”

2014-cü ildə Azərbaycanda keçirilən qəbul imtahanlarında abituriyentlərin 64.7 faizi qəbul imtahanlarında 200-dən az bal toplayıb.

APA yazır ki, bu sözləri  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimatında deyib. Qəbulda toplanılması mümkün olan maksimal bal isə 700-dür:

“0-700 bal diapazonunu şərti olaraq 0-200, 200-300, 300-500, 500-700 intervallarına bölərək, ənənəvi “2”, “3”, “4”, “5” qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, ötən il abituriyentlərin 64.7 faizi imtahandan “02”, 13.6 faizi “3”, 15.7 faizi “4”, 6.0 faizi isə “5” qiymət alıb”.


“Bəzi bölgələrdən imtahan verənlərin 40 faizdən çoxu 100-dən aşağı bal toplayıb”

Əvvəlki qəbul ilində bu göstəricilərin müvafiq olaraq 65.0 faiz, 13.8 faiz, 15.7 faiz, 5.6 faiz olduğunu deyən TQDK sədri vurğulayıb ki, bu il “2” və “3” qiymət alanların faizi nisbətən azalıb, “5” qiymət alanların faizi artıb, “4” qiymət alanların faizi isə dəyişməyib:

“Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da əksini tapıb. Ali məktəblərə qəbul olanların 29.9 faizini “3”, 40.2 faizini “4”, 15.5 faizini isə “5” qiymət alanlar təşkil edib. Əvvəlki il bu göstəricilər uyğun olaraq 27.7 faiz, 41.3 faiz, 14.8 faiz olub. 100-dən az bal toplayan abituriyentlərin hamısı, 100-200 bal toplayan abituriyentlərin isə 19 faizi xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olanlardır. Təəssüflə qeyd etmək lazımdır ki, ötən il Daşkəsən, Ağsu, Xaçmaz, Astara, Samux, Ucar, Qusar, Ağdaş, Qobustan, Sabirabad, Zərdab, Goranboy, Lerik, Şabran, Quba, İmişli və Yardımlı rayonları, eləcə də Naxçıvan MR Kəngərli, Sədərək və Babək rayonlarından olan abituriyentlərin 40 faizdən çoxunun 2014-cü ildəki qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub”.


“Savadsız cəmiyyəti daha asan idarə etmək mümkündür”

REAL hərəkatının icraçı katibi Natiq Cəfərli facebook səhifəsində bu barədə yazıb. Bildirib ki, ölkədə 2014-cü ildə imtahan verənlərn 78,3 faizinin bilikləri çox aşağı səviyyədədir və bu faciədir, ölkənin altına qoyulmuş minadır:

“Hakimiyyət illərdir bilərəkdən təhsilin səviyyəsini aşağı salırdı, düşünürdülər ki, savadsız, “manıslaşmış” cəmiyyəti daha asan idarə etmək mümkündür. Savadlı, bilikli, dünya görüşü geniş olan insan belə absurd sistemi qəbul edə bilməz, bu mümkün deyil. Qısa vadədə, müəyyən qədər öz istəklərinə nail oldular, amma, əvəzində yüzlərlə İŞİD-ə qoşulan fanatik, minlərlə, onminlərlə cahillər ordusu yaratdılar. Anlamadılar ki, orta və uzun vadədə savadsız toplum bunların ən böyük düşməninə çevriləcək. Bundan əlavə, hətta Ramiz Mehdiyev məqalə yazıb şikayətlənməyə başladı ki, ölkədə kadr çatışmır, elə bil ki, bunun günahı bizdədir, 23 ilə kadr yetişdirə bilmədilər”.


“Kortəbii atılan hər addım, xırda dəyişiklik – təhsildə islahat adı ilə təqdim edilir ”

Təhsil eksperti Nadir İsrafilov isə təhsil sistemindəki problemlərin kökünü bu sahəni naşı insanların idarə etməsində görür: “İslahat sözünü o qədər ucuzlaşdırıblar ki, hər hansı kortəbii atılan addım, xırda dəyişiklik – hamısı islahat adı ilə təqdim edilir. Əslində isə bütün bunlar islahat deyil. Təhsil sistemimizin isə köklü islahatlara ehtiyacı var. Bu da çətin məsələdir. Çünki bu gün bizim təhsilimiz naşı insanların əlindədir”.

N. İsrafilov deyir ki, Azərbaycanın təhsillə bağlı çox yaxşı islahat proqram olub. Ancaq indi həmin proqramı arxivə yollayıblar: “1999-cu ildə bizim Azərbaycan Respublikasında Təhsilin İnkişafına dair islahat proqramımız var idi. Təəssüf olsun ki, biz bu proqramda nəzərdə tutulanların heç 30 faizini yerinə yetirmədik. Nəticəsi də budur. Budur Məleykə Abbaszadə açıqlama verib. Hər şey göz önündədir”.

Ana səhifəXəbərlərÖtən il abituriyentlərin 64.7 faizi imtahandan “02” alıb