Ötən il 327 intihar hadisəsi olub

“2016-cı ildə 470 intiharacəhd qeydə alınıb”

Source:
İntihar
İntihar
İntihar
İntihar


“2016-cı ildə 470 intiharacəhd qeydə alınıb”

2016-cı ildə Azərbaycanda qeydə alınan intiharların sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin Təcili Psixoloji Yardım Şöbəsinin müdiri Kəmalə Talıbova APA-ya ötən il Azərbaycanda 327 intihar hadisəsinin qeydə alındığını deyib. Bildirib ki, intiharlarla yanaşı, tamamlanmamış suisidlər (intihara cəhd) də olub. Onların sayı isə 470-dir.

2016-cı ildə intihar faktı azalıb

Kəmalə Talıbova Azərbaycanda intiharların sayının kritik vəziyyətdən aşağı olduğunu söyləyir:

“Bu gün dünyada orta intihar faktlarının sayı hər 100 min nəfərə 7 nəfərdir. Azərbaycanda isə hər 100 min nəfərdən 5 nəfərdə bu hal qeydə alınır. 2015-ci illə müqayisədə ötən il intiharların sayında azalma müşahidə edilib. 2015-ci ildə 515 intihar faktı olmuşdusa, 2016-cı ildə bu rəqəm 327 olub”.

Daxili İşlər Nazirliyindən isə bildirmişdilər ki, ötən ilin təkcə 9 ayında ölkədə özünü öldürmə həddinə çatdırmaqla bağlı 500 cinayət işi açılıb.

Bu, dövlət qurumlarını həyəcanlandırmalı, profilaktik tədbirlər görülməlidir

Psixoloq Aysel İsgəndərli deyir ki, nə qədər vəziyyətin kritik həddə çatdığını etiraf etməsələr də, son günlərdə intiharların sayı artıb. Psixoloq bildirir ki, istənilən insan ölümü cəmiyyət üçün siqnaldır:

“Gün ərzində 3 intihar xəbərini eşitmək adiləşib. Bu, həm psixoloqları, həm də dövlət qurumlarını həyəcanlandırmalı, profilaktik tədbirlər görülməlidir”.

İntihar sayı yüzlərlədir, ancaq hər hansı tədbir, profilaktik iş görülmür

Aysel İsgəndərli deyir ki, bəzən intiharların kökündə konkret bir səbəbin olduğunu demək çətin olur. Bu, çox vaxt individual xarakter daşıyır:

“Ümumi səbəblər kimi iqtisadi böhran, maliyyə çətinliyi, işsizlik, sosial problemləri göstərmək olar. İntiharların səbəbləri ilə bağlı araşdırma aparılmır. Bəli, dünya ölkələrində də intihar halları baş verir. Ancaq orada itirilən hər bir insan üçün çalışılır. Bizdə sayın yüzlərlə olmasına baxmayaraq, hər hansı tədbir, profilaktik iş görülmür”.

Psixoloq intiharlarda mətbuatın da rolunun olduğunu söyləyir: “Hər gün gedən intihar xəbərləri bu düşüncədə olan insanları qıcıqlandırır və onların bunu həyata keçirməsində az da olsa rolu olur”.

Elmir Əkbər
Elmir Əkbər

Gah özünü binadan atdığını, gah da kəmərlə asdığını dedilər

Yanvarın 25-də tanınmış psixoloq Dəyanət Rzayevin də intihar etməsi ilə bağlı xəbər yayıldı. Onu tanıyanlardan kimi intihara meylli olduğunu, kimi də onun intihar etmədiyini söyləyir.

Psixoterapevt Elmir Əkbər modern.az-a deyib ki, bu hadisədə intihardan söhbət gedə bilməz:

“Dəyanətin həyatının mənası var idi, nə üçün yaşadığını bilirdi. Yüz faiz əminəm ki, bu özünəqəsd deyil. Gah özünü binadan atdığını, gah da kəmərlə asdığını dedilər. Sanki əvvəlcə onun ölümü haqqında nə deməyin lazım olduğunu bilmirdilər. Dərindən analiz edən insanlar üçün bu versiyalar gülüncdür. Yaxşı ki, yazıq Dəyanətin üstünə benzin töküb yandırandan sonra “o özünü yandırdı”, – deməyiblər”.

Rəy vermək üçün tezdir

E.Əkbər bildirib ki, D.Rzayevlə yaxın münasibətdə olan insanlar və məsələni soyuqqanlı analiz edənlər başa düşür ki, o, intihar etməyib: “Hadisə olan kimi, o dəqiqə onun intihar etdiyini söylədilər. Mən həkiməm, patoloji anatomiyanı da bilərəm. Məhkəmə-tibbi ekspertiza haqqında da kifayət qədər məlumatlıyam. Rəy vermək üçün tezdir. Nə oldu, belə tezliklə hamı durub Dəyanətin intihar etdiyi qənaətinə gəldi?”

Dəyanətin ölümünün intihar olması barədə rəy yaratmağa çalışırlar

E.Əkbər qeyd edir ki, psixoloqlar, psixoterapevtlər özləri hər il neçə dəfə şəxsi terapiyalarını keçirdir.

“Düzdür, psixoloq da insandır, onun da problemləri var. Amma bizdə bir qayda var ki, hər il şəxsi terapiyamızı keçiririk. Özü də bu, vacib qaydalardan biridir. İndi Dəyanət bunları bilmirdimi?!”

Elmir Əkbərin fikrincə, Dəyanət Rzayevin ölümünün intihar olması barədə rəy yaratmağa çalışırlar.

Dəyanətin intihar edə biləcəyini ağlımdan da keçirməzdim

Son vaxtlar Dəyanət Rzayevlə birlikdə çalışan sabiq deputat, psixoloq Gülər Əhmədova onun intihar edə biləcəyini ağlından da keçirmədiyini söyləyib. O bildirib ki, həmkarı son vaxtlar depressiyada olub: “Mənim onun əvvəl də intihara cəhd etməsi ilə bağlı məlumatım yoxdur. Amma son vaxtlar depressiyada idi. Bizim dörd tərəfimiz psixoloq idi. Mənə deyirdi ki, görüşək. Müəyyən konsultasiyalar edək. Bir-iki dəfə görüşmüşdük. Amma düşünmürdüm ki, o, belə bir şey edər”.

Prokurorluq araşdırmaya başlayıb

Bu il yanvarın 7-də Türkiyədə də oxşar durum yaşanıb. Mersin şəhərində Ailə və Sosial Politikalar Bakanlığının bürosunda çalışan 45 yaşlı psixoloq Hasan Cevdet evinin balkonunda özünü asaraq intihar edib. Onun intiharı ilə bağlı polis araşdırma aparır. Hələ ki, səbəbi məlum deyil.

Psixoloq Dəyanət Rzayevin ölümü ilə bağlı cinayət işi başlanıb. Yasamal Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hadisənin başvermə səbəbləri müəyyənləşdiriləcək.

46 yaşlı Dəyanət Rzayevin cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov, 185) yerləşən evində aşkarlanıb. D.Rzayevin özünü kəmərlə boğaraq intihar etdiyi düşünülür.

Hadisədən öncə D.Rzayevin yazdığı məktubun tapıldığı bildirilir. Verilən xəbərə görə, o, bu qərarda heç kimin günahlandırılmamasını istəyib.

Son aylar intihar xəbərləri artıb. Yanvarın 16-da Dəyanət Rzayev özü də bu barədə Meydan TV-yə açıqlama vermişdi. O, intiharların əksəriyyətinin arxasında korrupsiyanın dayandığını demişdi.

Ana səhifəXəbərlərÖtən il 327 intihar hadisəsi olub