Ötən il 206 cinayət işi məhkəməyə göndərilib

Həmin cinayət işlərinin 19-u təhsil, 18-i bank, 3-ü sosial sahə, 7-si yerli icra orqanları, 4-ü bələdiyyələr, 3-ü səhiyyə, 2-si daxili işlər və 1-i prokurorluq orqanları ilə bağlı olub

Source:


Həmin cinayət işlərinin 19-u təhsil, 18-i bank, 3-ü sosial sahə, 7-si yerli icra orqanları, 4-ü bələdiyyələr, 3-ü səhiyyə, 2-si daxili işlər və 1-i prokurorluq orqanları ilə bağlı olub

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi 2014-ci ildə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirib. Mətbuat konfransında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi, Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) təşkilatında Azərbaycan nümayəndə heyətinin rəhbəri Vüsal Hüseynov, QHT təmçisliçiləri iştirak ediblər.

Kamran Əliyev bildirib, baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ötən il vətəndaşların 3194 müraciətinə baxıb, həmçinin 218 cinayət xarakterli material araşdırılıb. “Həmin cinayət xarakterli materialların 82 faizi üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib”.

İdarə rəisi bildirib ki, 2014-cü il ərzində Baş İdarənin İstintaq Şöbəsi tərəfindən 333 şəxsin barəsində 206 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. “Həmin cinayət işlərindən 16 şəxsin barəsində 9 iş rüşvət alma (passiv rüşvətxorluq), 5 şəxsin barəsində 4 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 43 şəxsin barəsində 22 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 6 şəxsin barəsində 6 iş vəzifə səlahiyyətlərini aşma, 7 şəxsin barəsində 4 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 6 şəxsin barəsində 3 iş vəzifə saxtakarlığı, 5 şəxsin barəsində 4 iş səhlənkarlıq, 134 şəxsin barəsində 79 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 95 şəxsin barəsində 59 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 14 şəxsin barəsində 14 iş saxta sənədlərdən istifadə etmə, 2 şəxsin barəsində 2 iş isə digər faktlarla əlaqədar olub”, o qeyd edib.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 76 165 41 manat ziyandan istintaq müddətində 54 885 691 manat və ya 72% ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

K. Əliyev qeyd edib ki, Baş İdarə tərəfindən ötən il istintaqı tamamlanaraq məhkəməyə göndərilən cinayət işləri bir çox sahələri əhatə edib. Həmin cinayət işlərinin 19-u təhsil sahəsi, 18-i bank sektoru, 3-ü sosial sahə, 7-si yerli icra orqanları, 4-ü bələdiyyələr, 3-ü səhiyyə sahəsi, 2-si daxili işlər və 1-i prokurorluq orqanları ilə bağlı olub.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov bildirib ki, 2014-cü ildə dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb, mütərəqqi institusional tədbirlər həyata keçirilib:  “Hesabat dövründə korrupsiyaya qarşı ardıcıl və sistemli mübarizənin aparılması istiqamətində bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər həyata keçirilib, ölkədə korrupsiyaya qarşı mübarizənin daha səmərəli formada təşkil edilməsinə zəmin yaranıb”.

Yenilənmiş

rusum.az

 saytı barədə də danışan V.Hüseynov qeyd edib ki, vətəndaşlar bu sayta girməklə özlərinin işini yüngülləşdirəcək və faydalı məlumatlar əldə edə biləcəklər. “Vətəndaşlar sayt vasitəsilə müxtəlif dövlət qurumlarına elektron qaydada müraciət edə, lisenziyaların alınması qaydalarını öyrənə, onlayn qaydada ödənişlər edə, “ASAN xidmət” mərkəzlərində onlayn qaydada növbəyə dura, vergilər, sığorta, cərimələr üzrə kalkulyator hesablamaları apara, müxtəlif ölkələrə vizalar barədə məlumat edə bilərlər”,- o vurğulayıb.

QHT təmsilçiləri isə ölkədə korrupsiyaya mübarizə sahəsində işlərin davam etdirilməsinin vacibliyini önə çəkiblər. Xüsusilə məmurlara, tenderlərdə sui-istifadə hallarına, dövlər vəsaitinin məmurlar tərəfindən mənimsəninməsi hallarına, böyük biznes qurumlarında, məhkəmə orqanlarındakı korrupsiya hallarına qarşı mübarizənin gücləndirlməsinə diqqəti çəkiblər. Bununla yanaşı korrupsiya ilə bağlı müraciət edən insanların hüquqlarının qorunması ilə bağlı tədbirlər görülməlidir.

QHT rəhbərləri həmçinin diqqəti tikililərin təmirdən sonra yenidən təmir edilməsi, yollar tikildikdən və ya asfalt örtüyü salındıqdan sonra qazılaraq yenidən təmir edilməsi adı altında korrupsiya hallarına, KİV-də korrupsiya ilə bağlı materialların araşdırılmasına yönəldiblər.

“Turan İA”-ın müxbiri isə Nazirlər Kabinetinin vəzifəli şəxslərin gəlir bəyannaməsinin nümünəsini artıq 10 ilə yaxındır ki, hazırlamamasının səbəbini soruşub. “Prezident Əliyevin sərəncamında nümunənin hazırlanması ilə bağlı Nazirlər Kabinetinə göstəriş verilib, amma artıq 9 ildir bu yerinə yetirilmir. Nazirlər Kabinetinin prezidentin sərəncamını yerinə yetirməməsi hüquqi məsuliyyət yaradırmı? ”  sualına cavabda bildirilib ki, bu sahədə yenilik yoxdur.

“Təəssüf ki, gəlir bəyannaməsinin formasının qəbulu ilə bağlı heç bir yeni məlumat verə bilməyəcəm. Azərbaycanda gəlir bəyannaməsi ilə bağlı status-kvo dəyişməyib”,- V. Hüseynov qeyd edib.

K. Əliyev isə QHT təmsilçilərinin suallarının cavabında bildirib ki, hazırda bir özəl şirkətdə 35 milyon manat mənimsəmə ilə bağlı araşdırma davam edir.

O, eyni zamanda Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işinin istintaqının davam etdirildiyini deyib.

K.Əliyev E. Abdullayevin hazırda axtarışda olduğunu bildirib.“Vaxtı ilə onunla birgə çalışan və qanunsuzluqlara yol verən şəxslər  məsuliyyətə cəlb ediliblər. Hazırda istintaq davam etdirilir”, – o bildirib.

O, “AMAY” Şirkətlər Qrupunun rəhbəri Abdulla Abdullayevin cinayət işindən də danışıb: “Abdulla Abdullayevin mənimsədiyi  48 milyon manatın 43 milyonu qaytarılıb. Qalan məbləğlə bağlı isə onun əmlakına həbs qoyulub”.

Ana səhifəXəbərlərÖtən il 206 cinayət işi məhkəməyə göndərilib