Nazirlər Kabineti 2015-ci ilə dair fəaliyyət hesabatını açıqlayıb
Ötən il imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 2 faiz artıb. Bu barədə Report.az Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatına istinadən yazıb.
2012-ci ildə imtahanlardan müsbət qiymət almış IX sinif məzunlarının sayı 50 faiz, 2014-cü ildə 62 faiz, 2015-ci ildə 64 faiz təşkil edib.
Hesabatda qeyd olunub ki, 2012-ci ilə nisbətən müvəffəqiyyət faizi IX siniflərdə 11,77 faiz, XI siniflərdə 5,21 faiz artıb.
XI siniflərdə müvəffəqiyyət faizi 2012-ci ildə 68 faiz olduğu halda, 2015-ci ildə 74,11 faiz təşkil edib.
Bundan başqa, 2015-2016-cı tədris ilində ölkənin pilot olaraq seçilən 58 məktəbində X-XI siniflərdə 4 istiqamət üzrə qeyri-profil fənlərin dərs saatlarının azalması hesabına 176 təmayül sinfi açılıb. Həmçinin, tədris ilinə ümumtəhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün 141 adda 4 milyondan çox nüsxə dərslik, müəllimlər üçün metodik vəsaitin nəşri və çapı təşkil olunub.
Bununla yanaşı, I siniflər üçün 10 adda 8 min nüsxə, II siniflər üçün 16 adda 82 min nüsxə dərslik çap olunub.
Hesabatda o da qeyd olunub ki, risk qrupundan olan uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb, övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 3-16 yaş arası 10 uşaq övladlığa verilib.
Nazirlər Kabinetinin hesabatı parlamentin martın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.