“Otelçilik və turistik məkanların bərpası yaxın müddətdə ölkəyə gəlir gətirə bilməyəcək”

İqtisadçı deyir ki, ilk ağıla gələn xidmət sektorudur

Source: Foto: sosial şəbəkə


Qubad İbadoğlu: “Kənd təssərrüfatına diqqət ayrılmalıdır”

Ötən həftə İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən Azərbaycanda post-neft dövrünün başlandığını bildirib. Neftin qiymətinin iki dəfə aşağı düşməsilə ölkədə post neft dövrünün gəlib çatdığını qeyd edib. İqtisadçılar isə İlham Əliyevin bu ritorikasının 2014-cü ildə də müşahidə edildiyini deyirlər.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, 2014-cü ildə neft ucuzlaşırdı və qarşıdan devalvasiya gözlənilirdi. İlham Əliyev isə post neft dövrünə qədəm qoyulduğunu bildirmişdi və demişdi ki, nefti unutmalıyıq.

İqtisadçının sözlərinə görə, 2015-2016-ci illərdə həqiqətən də post-neft dövrünün az da olsa özəllikləri görünüb:

"Neftin qiyməti aşağı idi, devalvasiya baş vermişdi və ölkədə qeyri-neft ixracatının təmin olunması, qeyri-neft sektorunun stimullaşdırılması üçün müəyyən təkliflər irəli sürülürdü. Amma 2017-2018-ci illərdə dünya bazarında neftin qiymətinin bahalaşması hakimiyyətin bu sahədəki siyasətini dəyişdi və biz yenidən neft erasına qayıtdıq. 2019-cu ildə də bunu davam etdirdik. 2020-ci ilin yanvarında İlham Əliyev Davos görüşlərində neft şirkətlərinə, neftlə əlaqəli təşkilatlara daha çox üstünlük verdi. OPEC-in sədri ilə, “Lukoil”-in prezidentilə, BP-nin icraçı direktoru ilə görüşərək bildirdi ki, biz neft erasını davam etdiririk.

Çox keçmədi ki, 2020-ci ilin fevral və mart aylarında yenidən sübut olundu ki, Azərbaycana neftdən nəinki gəlir, hətta ziyan da gələ bilər”.

Qubad İbadoğlunun sözlərinə görə, cari ilin fevral ayında bütövlükdə ölkə ixracatı gündəlik 610 min barel olub. Bu 610 min barelin 530 min bareli xam neftdir, 15 min bareli “Azəri-Çıraq” yatağından çıxarılmış neft olub:

"Bizim hesablamalarımız göstərir ki, hər barelə 25 dollar götürsək və nəzərə alsaq ki, xam neftin maya dəyəri 12,5 dollardır, hər barel üçün daşınma xərclərini də 3-8 dollar arası götürsək , aylıq Azərbaycana 125 milyon dollar gəlir qala bilər. 30 dollar səviyyəsində müəyyənləşsə, ölkəyə aylıq gəlir 250 milyon dollara qədər arta bilər. Halbuki, 2010-cu ildə Azərbaycanın neftdən aylıq qazancı 1 milyard 700 milyon dollardan çox olub. 2013-cü ilə qədər neftdən gələn qazanc aylıq 1 milyard 500 milyon dollar səviyyəsində olub. Hesablamalardan da məlum olur ki, neftdən gələn gəlir 10 dəfə azalıb”.

Post -neft dövrü o deməkdir ki, ölkə iqtisadiyyatı daha yaxşı şaxələndirilməli, qeyri-neft sektoru inkişaf etdirilməlidir.

İqtisadçı deyir ki, ilk ağıla gələn xidmət sektorudur:

“Digər ölkələrin təcrübəsindən də görünür ki, bu sektor daha proqressivdir və onu inkişaf etdirmək daha asandır. Üstəlik, gəlir gətirən mühüm sahədir. Azərbaycanın xidmət sektoru koronavirusun təsirindən tamamilə dayanıb. Onun bərpası uzun müddət davam edəcək. Təəssüf ki, otelçilik və digər turistik məkanların bərpası yaxın müddətdə ölkəyə gəlir gətirə bilməyəcək. Hökumət nəqliyyat, tikinti sahələrində inkişaf imkanlarını araşdırmalıdır. Azərbaycan özünü kosmos ölkəsi elan etsə də, adi tibbi maskanı belə istehsal edə bilmir. Buna görə də, kənd təssərrüfatına diqqət ayrılmalıdır. Əkinçilik, heyvandarlığı inkişaf etdirərək post-neft dövrünü bərpa etmək mümkündür. Məhsuldarlığın artırılmasına yönələn fəaliyyətlər olmalıdır. Bütün bunlar ölkənin kənd təssərrüfatında mümkündür. Azərbaycan həm də, münbit torpaqları və zəhmətkeş kəndlisi ilə seçilir”.

Ana səhifəİqtisadiyyat“Otelçilik və turistik məkanların bərpası yaxın müddətdə ölkəyə gəlir gətirə bilməyəcək”