AŞPA yeni qərar qəbul etdi
Oktyabrın 13-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) türkiyəli hüquq müdafiəçisi, “vicdan məhbusu” hesab edilən “Osman Kavalanın dərhal azad edilməsinə çağırış” adlı qərar qəbul edib.
65 yaşlı Kavala, ona qarşı heç bir ittiham isbat olunmasa da, artıq altı ilə yaxındır ki, həbsxanadadır. O, Gezi Parkı etirazlarına görə özünə qarşı irəli sürülmüş ittihamları rədd edir.
Bu etirazlar 2013-cü ildə İstanbuldakı Gezi parkının sökülməsinə və yerində alış-veriş mərkəzi tikilməsinə etiraz olaraq başladı. Sonra etirazlar bütün ölkəni bürüdü.
Ömürlük həbsə məhkum edilən Osman Kavala ilə yanaşı, məhkəmə daha 7 nəfəri də hər birini 18 il müddətinə azadlıqdan məhrum edən hökm çıxarıb.
AŞPA-nın qəbul etdiyi sənəddə Avropa Şurası ölkələri və müşahidəçi dövlətlərdən (o cümlədən ABŞ) Kavala və digər siyasi məhbusların özbaşına, qanunsuz məhkum edilməsində rolu olan polislərə, hakimlərə, prokurorlara və digər rəsmilərə sanksiyalar tətbiq edilməsi istənilir. Onlardan “Maqnitsky” kimi mexanizmləri işə salmaları xahiş edilir.
AŞPA bildirir ki, Osman Kavala 2024-cü il yanvarın 1-dək azad edilməsə, türkiyəli deputatlara AŞPA-ya giriş qapadıla bilər.
Avqopa İnsan Hüquqları Məhkəməsi 2019-cu ildə Osman Kavalanın dərhal azadlığa buraxılması ilə bağlı qərar çıxarıb.
Lakin Türkiyə hökuməti AİHM-in qərarını icra etməyib. Bununla Avropa Konvensiyasının AİHM qərarlarının icrasının məcburiliyinə göstəriş verən 46-cı maddəsini pozub.
2022-ci ilin fevralında AİHM qərarlarının icrasına nəzarəti həyata keçirən Avropa Şurasının Nazirlər Komitəsi Avropa Konvensiyasının 46-cı maddəsinin 4-cü bəndinə əsasən, məhkəmənin qərarını icra etmədiyinə görə Türkiyəyə qarşı hüquq pozuntusu üzrə icraat başladıb.
İyunda Beynəlxalq Amnistiya Təşkilatı Osman Kavala və altı müttəhimi 25 aprel 2022-ci ildə Gəzi məhkəməsində ədalətsiz mühakimə olunaraq həbs olunduqdan sonra “vicdan məhbusu” elan edib.
Daha sonra 2022-ci il iyulun 11-də Avropa Məhkəməsinin Böyük Palatası Konvensiyanın 46.4-cü maddə üzrə yeni qərar elan edib.
Qərarda Kavalaya barəsindəki qərarın icra edilməməsinə görə 7500 avro təzminat ödənilməsi nəzərdə tutulub.
“Amnesty International”ın Avropa ofisinin Tədqiqatlar üzrə direktor müavini Culiya Hall deyir ki, bu qərar Türkiyə hökumətini biabır edib.