Mikayıl Cabbarov vergi islahatının qaçılmaz olduğunu bildirib
“2018-ci ilin ilk dörd ayında ötən ilin müvafiq dövrünə nisbətən səyyar vergi yoxlamaları 40 faiz azalıb və bu siyasət davam etdiriləcək”.
Bunu Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxış edən vergilər naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, vergi islahatları qaçılmazdır.
“Vergi islahatlarından vergidə şəffaf olanlar məmnun qalacaqlar”, nazir deyib.
M.Cabbarovun sözlərinə görə, hazırda bu sahədə əsas problem ƏDV ödəyicisi kimi qeydiyyat keçmək məsələsindədir.
“Vergi ödəyicilərinin cəmi 3 faizi ƏDV ödəyicisi kimi qeydiyyatdan keçib. Qanuna görə, illik dövriyyəsi 200 min manatı ötən vergi ödəyicisi ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməlidir”.
İslahatların istiqamətlərinə toxunan M.Cabbarov bildirib ki, orta və kiçik sahibkarlar üçün vergi güzəştləri, vergi yükünün azaldılması nəzərdə tutulacaq və bu xusüsilə də qeyri-neft sahəsində fəaliyyət göstərənlərə aid olacaq.