Orta məktəblərdə adını yaza bilməyənlər var

“45 dəqiqəyə sinifdəki 40 şagirdə müəllim hansı biliyi verə bilər?”

Source:


“45 dəqiqəyə sinifdəki 40 şagirdə müəllim hansı biliyi verə bilər?”

“Çox acınacaqlı haldır ki, 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki minimal tədris proqramını mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkar olunub”, – bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, belələri 11-ci sinif şagirdləri arasında 2 nəfər, 9-cu sinif şagirdləri arasında isə 64 nəfər olub. Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb:

“Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların əslində daha çox olduğunu və vəziyyətin daha acınacaqlı olduğunu ehtimal etmək olar. Belə şagirdlərin hansı bilik və bacarıqlar sayəsində 9-cu və hətta 11-ci sinfə qədər gəlib çatması TQDK üçün müəmmalı olaraq qalır”.

11-ci siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı belədir: Ağcabədi və Masallı rayonlarının hərəsində 1 nəfər. 9-cu siniflər üzrə isə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı belədir: Cəlilabad və Yevlax rayonlarının hərəsində 6 nəfər, Ağcabədi və Masallı rayonlarının hərəsində 5 nəfər, Göygöl, Laçın, Sabirabad və Tovuz rayonlarının hərəsində 4 nəfər, Biləsuvar, Füzuli, Gədəbəy, Goranboy, Göyçay, İmişli, Quba, Şəmkir və Xaçmaz rayonlarının hərəsində 2 nəfər, Bakı şəhəri, Abşeron, Ağstafa, Bərdə, Lənkəran, Qazax, Tərtər və Zaqatala rayonlarının hərəsində 1 nəfər.

Komissiya sədrinin sözlərinə görə, 9-cu siniflər üzrə buraxılış imtahanında bölgələr arasında ən yüksək nəticəni Şahbuz rayonu, Sumqayıt, Naxçıvan, Bakı və Mingəçevir şəhərləri, Ordubad, Qubadlı, Abşeron və Qax rayonlarının şagirdləri göstəriblər.

“Ən aşağı göstəricilər isə Ağcabədi və Sabirabad rayonlarının şagirdlərinə məxsus olub. 11-ci siniflər üzrə buraxılış imtahanında ən yüksək nəticəni Mingəçevir şəhəri, Qax, Şahbuz rayonları, Naxçıvan, Sumqayıt və Bakı şəhərləri, Xızı, Naftalan və Qubadlı rayonlarının şagirdləri əldə ediblər”.

M. Abbaszadə onu da vurğulayıb ki, 9-cu siniflər üzrə buraxılış imtahanında yüksək nəticə göstərən bölgələr 11-ci siniflər üzrə buraxılış imtahanında da əsasən, yüksək nəticə əldə ediblər. “Ən aşağı göstəriciləri isə Hacıqabul, Daşkəsən, Ağcabədi və Sabirabad rayonlarının şagirdləri nümayiş etdiriblər” (mənbə:

lent.az

).

Təhsil eksperti Nadir İsrafilov deyir ki, bunun da öz səbəbləri var. Məsələn, təhsil haqqında qəbul edilmiş qaydalara görə hər sinifdə maksimum 20 şagird olmalıdır. Ancaq bizdəki siniflərin  əksəriyyətində 35-40 şagird təhsil alır: “Nəticədə də əksər şagirdlər dərslərindən geri qalır. Bir sinifdə 40 nəfər olanda, 45 dəqiqə içində müəllim hansı birinə bilik verə bilər? Birinci bu problem həll edilməlidir. Bundan əlavə, Avropa təhsil sistemini örnək götürürük. Ancaq Almaniyada, Fransada, Belçikada təhsil sistemi bizimkindən qat-qat fərqlidir”.

Ekspert bildirir ki, orta məktəb təhsili 3 hissəyə bölünür: İbtidai, ümumi orta təhsil və tam orta təhsil:

“Normal təhsil sistemlərində bizdəki kimi ibtidai təhsilə 4 il zaman ayırmırlar. Çünki ibtidai təhsil öyrənmənin təməlidir. Təhsil sistemi yaxşı inkişaf etmiş ölkələrdə ibtidai təhsilin sürəsi 6-7 ildir. Ən azı 5 ildir. Ancaq bizdə bu 4 ildir. 4 il ərzində bir sinifdə olan 40 şagirdə tam təhsil vermək çətindir görünür. Nəticəsi də budur ki, hələ də adını yaza bilməyən şagirdlər var. Fikrimcə, orta təhsil sisteminin də ciddi islahatlara ehtiyacı var”.

Ana səhifəXəbərlərOrta məktəblərdə adını yaza bilməyənlər var