Orfoqrafiya lüğətinə dəyişikliklər təklif edilir

Qulu Məhərrəmli: ”Gündə bir təklif verməkdənsə, ümumi təkliflər paketi hazırlanmalıdır”

Source:


Qulu Məhərrəmli: ”Gündə bir təklif verməkdənsə, ümumi təkliflər paketi hazırlanmalıdır”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu orfoqrafiya lüğətində dəyişiklik etmək istəyir. Azərbaycan dilinin orfoqrafiya qaydalarının layihəsində bəzi sözlərin mənbə dildəki yazılışının əsas götürülməsi təklif olunur. Hesab edilir ki, bəzi sözlərin “k” hərfi ilə yazılması məqsədəuyğundur. Məsələn, əsgər-əskər, əsginas-əskinas, İsgəndər-İskəndər, işgəncə-işkəncə və s. kimi yazılmalıdır

APA-nın xəbərinə

görə,

komissiyaya toplaşan dilçilər hesab edib ki, bu sözlər Azərbaycan dilinə məhz tələffüzlərinə əsasən indiyədək “g” hərfi ilə yazılıb. Belə ki, mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçib.

69 maddədən ibarət orfoqrafiya qaydaları hazırlanıb

Layihədə həmçinin yaradanın və səmavi kitabların adları – Allah, Rəbb, Tanrı, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Qurani-kərim, Tövrat, Zəbur və s., planet adları, mifonimlər – Ay, Günəş, Ülkər; Afrodita, Herakl, Zevs və s. böyük hərflə verilir.

Təklif olunur ki, tərkibində şöbə, lisey, gimnaziya, vəqf, məktəb sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılsın. Məsələn, Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi və s.

Azərbaycan dilinin 69 maddədən ibarət orfoqrafiya qaydaları hazırlanıb. Qaydalar Orfoqrafiya Komissiyasının iclasında müzakirə edildikdən sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.

Təkcə, mənbəyə istinad etmək doğru deyil

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli deyir ki, dildə bəzi qaydalarda mübahisələrin olduğunu və onlara aydınlıq gətirilməsinin vacibliyini nəzərə alsaq, bu təkliflərdə yaxşı cəhətlər var:

“Mənfi cəhəti odur ki, dilin möhkəmlənmiş, sabitləşmiş sözlərinə dəyişiklik təklif olunur. İndiki halda təklif edilən (g) hərfinin (k) kimi yazılması, əslində, normal təklifdir. Doğru olmayan alınmış mənbəyə istinad olunmasıdır. Tutaq ki, bu sözləri biz ərəb və fars dillərindən alırıq. O dildə necədirsə, biz də bu dildə belə yazırıq. Düşünürəm ki, təkcə, mənbəyə istinad etmək doğru deyil. Orfoqrafiya qaydasında ümumi olan prinsiplər var. Həmin prinsiplər əsas götürülməlidir”.

Allah, tanrı sözləri ilə bağlı dəyişikliklərdə də problem var

Q.Məhərrəmli deyir ki, ona qalsa, bizdə tərkibindəki hərflərin dəyişik salındığı sözlər çoxdur. Bu baxımdan da düzgün yazılış qaydasının hansı prinsiplərə əsaslandığına aydınlıq gətirilməlidir:

“Yeni qaydalarda Allah, tanrı sözləri ilə bağlı dəyişikliklərdə də problem var. Deyirlər, Allah sözü böyük yazılmalıdır, doğrudur, ancaq tanrı üçün eynisini demək olmur. Hesab edirəm ki, tanrı kiçik hərflə yazılmalıdır. Çünki bu söz Allah demək deyil. Yunan mifologiyasında tanrılar var. Ona görə də bunların adının böyük yazılması düz deyil. Ancaq ali şüur mənasında Allah əlbəttə böyük yazılmalıdır. Tanrı Allah sözünə sinonimdirsə, böyük yazıla bilir. Adi tanrı haqqında danışırıqsa, kiçik yazılmalıdır. Mübahisəli bir məqamdır”.

Ümumi təkliflər paketi hazırlanmalıdır

Q.Məhərrəmli deyir ki, orfoqrafiya lüğətinə gündə bir təklif verməkdənsə, ümumi təkliflər paketi hazırlanmalıdır.

Qulu Məhərrəmli

“Təklifləri Orfoqrafiya Komissiyası, Dilçilik İnstitutu paket şəklində versə yaxşıdır. Şəkilçilərlə, düzgün yazılış qaydaları ilə bağlı müəyyən problemlər var. Hesab edirəm ki, KİV nümayəndələri də bu məsələlərdə fəal iştirak etməlidirlər. Çünki onlar dili dilçi alimlərdən çox istifadə edirlər. Tətbiqi dilçiliklə məşğuldurlar. Gündəlik praktikada dil materiallarından necə istifadə edilir, qaydalarda hansı problemlər var. Onlar yaxşı bilirlər”.

Qulu Məhərrəmli tərcümə işindən də danışıb. Deyir, bu sahə günü-gündən genişlənib. Ancaq elə situasiyalar meydana çıxır ki, onu müəyyən qaydalarla ifadə etmək lazımdır:

“Dilçi alimlər, nəzəriyyə ilə məşğul olanlar bundan çox da xəbərdar deyillər. Amma dil praktikləri, tərcüməçilər, dil materialları ilə işləyən adamlar bu məsələlərlə daha çox bağlıdırlar. Odur ki, onların müzakirələrdə iştirak etmələri, təklif vermələri, münasibət bildirmələri vacibdir”.



Görünür, indiyə qədər özləri süni fəaliyyətlə məşğul olublar

“Dilçilik İnstitutunun açıqlamasında qeyd olunur ki, bundan sonra lüğətdə süni sözlər yer almayacaq. Öncə soruşmaq lazımdır ki, sözün süni və ya təbii olduğunu necə müəyyənləşdirirsiniz?”

Jurnalist-yazar Şəmşad Ağa öz növbəsində hesab edir ki, indiyə qədər özləri süni fəaliyyətlə məşğul olublar və birdən yadlarına düşüb ki, bəs dildəki sözlər qrammatik qaydalara uyğun yazılmalıdır.

Şəmşad Ağa

“Götürək ərəb dilindən keçən “əsgər” sözünü. Son qaydaya görə indiyə qədər “əsgər” kimi yazılan bu sözün mənbə dildəki yazılışı əsas götürülüb və “əskər” yazılacaq. Niyə mənbə dildəki yazılışı? Axı bizim dilin fonetik qaydasına görə sözü necə tələffüz ediriksə, dilimizdə də o şəkildə işlətməli və yazmalıyıq. Necə ki rusların “vedro” sözünü “vedrə” kimi qəbul edib yazırıq. Bu sözlərə əsginas-əskinas, İsgəndər-İskəndər, işgəncə-işkəncə kimi sözləri də daxil ediblər. İndi başa düşüblər ki, bəs bu sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədək “g” hərfi ilə yazılıb. Yəni mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçib”.



Orfoqrafiya qaydalarının tez-tez dəyişməsi yaxşı hal deyil

Yazar bildirir ki, əslində, orfoqrafiya qaydalarının tez-tez dəyişməsi yaxşı hal deyil, dildə xaotik vəziyyət yaradır.

“Bu gün dilə daxil olan və artıq əksəriyyəti ümumişlək olan sözlərin yazılışı ilə bağlı xaotik vəziyyət var. Xeyli söz var ki, hətta lüğətə salınmayıb. Yaxşı olardı ki, dilçi alimlərimiz, Dilçilik İnstitutu həmin sözlərlə bağlı operativ qaydada reaksiya versin və və işləsinlər. Daha 40 ildir ki, dildə mövcud olan sözləri “çevir tatı, vur tatı” prinsipi ilə tez-tez dəyişib  çaşqınlıq yaratmasınlar”.

Ana səhifəXəbərlərOrfoqrafiya lüğətinə dəyişikliklər təklif edilir