“Orduya dəstək” yürüşünə görə həbs olunanların hamısı ev dustaqlığına buraxıldı

Haqqında ev dustaqlığı qərarı çıxarılan şəxslər məhkəməyə gətirilməyib.

Source: google.az


Məhkəmə prokurorluğun təqdimatını təmin edib

İyulun 14-dən 15-nə keçən gecə Bakıda Qarabağa azadlıq və Milli Orduya dəstək yürüşünə görə həbsdə qalanların hamısı ev dustaqlığına buraxılıb.

Bu cinayət işi üzrə həbs olunan 36 nəfərdən 21-i noyabrın 16-da ev dustaqlığına buraxılmışdı. Qalan 15 nəfər haqqında isə dekabrın 7-də eyni qərar verilib.

Əvvəlki kimi, bu dəfə də prokurorluq onların ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət verib. Vəsatətə Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarov baxıb və təmin edib. Qərarda göstərilib ki, təqsirləndirilən şəxslərin ailə vəziyyəti və başqa hallar nəzərə alınaraq, onların həbsdə saxlanmaması uyğun hesab edilib.

Haqqında ev dustaqlığı qərarı çıxarılan şəxslər məhkəməyə gətirilməyib. Onlar istintaq təcridxanasından video vasitəsilə məhkəmə prosesinə qoşulub.

Bu iş üzrə həbs olunan 26 nəfərdən 15-i Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarıdır. Onlardan 12-si noyabrın 16-da həbsdən buraxılmışdı. Qalan üç nəfər – Ramid Nağıyev, Gündüz Mirzəyev və Elnur Həsənov haqqında bu dəfə eyni qərar verilib.

AXCP üzvləri məhkəməyə qoşulub çıxış edərkən təqsirsiz olduqlarını, ittihamlarla razılaşmadıqlarını vurğulayıblar.

Həbsdə olan AXCP fəallarından Ramid Nağıyevin atası Zəkrulla Nağıyev günahsız həbs olunan şəxslərin, o cümlədən oğlunun azadlığa buraxılması tələbilə dekabrın 2-dən aclıq aksiyası keçirirdi. Z.Nağıyev dekabrın 7-də Meydan TV-yə bildirib ki, aclığı dayandırmadığını bildirib.

Ev dustaqlığına buraxılanlar arasında Naxçıvan Muxtar Respublikasının Daxili işlər nazirinin keçmiş müavini Siyavuş Mustafayev də var.

Ana səhifəXəbərlər“Orduya dəstək” yürüşünə görə həbs olunanların hamısı ev dustaqlığına buraxıldı