Hollandiyada yaşayan azərbaycanlı bloqqer Orduxan Teymurxanın qardaşı və bacısı oğlu 30 sutkalıq həbs ediliblər. Xanlar Teymurxan oğlu Dadaşov və Səbuhi Vidadi oğlu Zeynalov polisə müqavimət göstərməkdə təqsirləndirilirlər.
Bu barədə Meydan TV-yə bloqqerin özü məlumat verib.
Hüquq müdafiəçisi Oqtay Gülalıyev fevralın 20-də O.Teymurxanın Bakıda yaşayan yaxınları ilə görüşüb. Bu barədə hüquq müdafiəçisinin özü məlumat verib:
“Ailə üzvləri, qardaşı Şakir bəy, bacıları və qohumları ilə görüşdüm. Onlara sizin adından dəstəyimizi ifadə etdim. Hər birinizə dəstəyə görə təşəkkür edirlər.
3 gündür ki, ailə çox pərişan və narahatdır. 18 fevralda Almaniyanın Köln şəhərində “Siyasi məhbuslara azadlıq” tələbi ilə keçirilən aksiyada Orduxan bəyin tənqidi çıxışından dərhal sonra onun Bakıda yaşayan bütün qohum- əqrəbası kütləvi şəkildə Suraxanı rayon Polis İdarəsinə aparılıb. Hətta qızdırma içində olan 2 yaşlı körpə Selcan da “rəislə söhbət” adıyla polisə aparılıb və İdarədə saxlanılıb. 18 fevralda Orduxan bəyin 12 nəfər qohumu axşamdan səhərə qədər Polis İdarəsində saxlanılıb. Onlara yatacaq, su- çörək belə verilməyib. Onlar bu şəxslər olub:
1. Xanlar Dadaşov
2. Şakir Bəbirov
3. Zəhra Əliyeva
4. Möhübbət Əliyev
5. Elnar Əliyev
6. Rübabə Zeynalova
7. Səbuhi Zeynalov
8. Südabə Əliyeva
9. Sədaqət Ağayeva
10. Xumar Nəzərli
11. Selcan Nəzərli
12. İlqar Ağayev
19 fevralda isə qadınlar sərbəst buraxılıb, qalanlar polisdə saxlanılıb. Onlardan Orduxan Teymurxanın tənqidi çıxışlarını dayandırması tələb olunub.
Bu gün isə başda Orduxan bəyin qardaşı Şakir bəy olmaqla digərləri buraxılıb. Amma 2 nəfər – Orduxan bəyin böyük qardaşı Xanlar bəy və bacısı oğlu Səbuhi bəy saxlanılıb. Polisə müqavimətdə ittiham olunaraq onların hər birinə məhkəmə tərəfindən 30 sutka inzibati həbs cəzası verilib. Çox maraqlıdır insanı nəsillikcə aparırlar polisə, qanunsuz saxlayıb təhdid edirlər, sonra da polisə müqavimət adı ilə ittiham edirlər”.
O,Gülalıyev deyir ki, Xanlar Dadaşovun 64 yaşı var, şəkər xəstəliyindən əziyyət çəkir. Təcili Tibbi Yardım Xidmətində işləyir. Bu olaydan sonra onun işindən azad olunacağı gözlənilir:
“Səbuhi bəy isə gəncdir. O, hadisə zamanı evdə olmayıb. Anasının polis tərəfindən aparıldığını eşidərək idarəyə gedib və polisə müqavimətdə ittiham olunur. Gələn ay, 12 martda toyu olmalıdır”.
Hüquq müdafiəçisi onu da bildirib ki, fevralın 21-də ölkədə davam edən siyasi represiyalarla bağlı toplantı təşkil olunacaq və problemlər müzakirə ediləcək.