Orduxan Teymurxan: İmtinalar məni öz fəaliyyətimdən döndərə bilməz

Blogerin ailəsi prezidentə müraciət etdi

Source:
Bloqqer Orduxan Teymurxan
Bloqqer Orduxan Teymurxan

Blogerin ailəsi prezidentə müraciət etdi

Hollandiyada yaşayan bloger Orduxan Teymurxanın ailə üzvləri və yaxın qohumları Azərbaycan prezidenti İlham Əliyevə müraciət ediblər. Məlumatı APA yayıb. Orduxan Teymurxanın qardaşı Bəbir Bəbirov, bacıları Rübabə Zeynalova, Sədaqət Ağayeva, Südabə Əliyeva, həmçinin yaxın qohumları Səbuhi Zeynalov, Vüsal Əliyev, Vasif Əliyev, Tural Əliyev, Xəyalə Bəbirli, Turan Bəbirli, Xumar Nəzərova və Vəli Əliyevin imzaladı müraciətdə deyilir:

“Ölkəmizdə yaşamayan və Azərbaycan vətəndaşlığı belə olmayan bir şəxsin respublikamız və onu tərəqqiyə və inkişafa doğru aparan hörmətli prezidentimizin ünvanına heç bir həqiqətə uyğun olmayan ifadələr işlədilməsini pisləyir və şiddətlə qınayırıq. Onun Azərbaycandan kənarda hansısa xarici qüvvələrin təsiri altında həyata keçirdiyi anti-Azərbaycan fəaliyyətini dövlətimizə və xalqımıza qarşı xəyanət kimi qiymətləndiririk. Hesab edirik ki, bu günə kimi həyatda heç bir nailiyyət əldə etməmiş, savadsız bir adamın Azərbaycan hakimiyyətinə iradlar bildirməsi yolverilməzdir”.

Müraciət müəllifləri qeyd edirlər ki, onlar prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir və daim dəstəkləməkdə davam edəcəklər: “Prezidentimizin yeritdiyi siyasətə və dövlətimizin qanunlarına qarşı çıxan bu şəxsə öz etirazımızı bildiririk”.

Meydan TV məsələyə bloger Orduxan Teymurxanın münasibətini öyrənib:

“Hamı ölkəmizdəki durumu bilir. Bunu bir neçə dəfə təkrar etmişəm. Orada əzilən təkcə mənim ailəm deyil, bütün Azərbaycan xalqıdır. Əgər ailəm məndən imtina edibsə, deməli, buna səbəb var. Onlara prezidentin, nazirlərin adına imtina məktubları yazdırılır. Bu da bir daha sübut edir ki, Azərbaycanda dövlət siyasəti yox, Sovet İttifaqında olduğu kimi kolxoz siyasəti yeridilir. Bu imtinalar, basqılar məni öz fəaliyyətimdən döndərə bilməz. Əksinə, mənə pozitiv güc verir ki, mübarizəmi daha da qüvvətli şəkildə aparım. Bir daha bildirirəm ki, mən Orduxan Teymurxanı heç kim durdura bilməz. Öz xalqımı sevirəm, Vətənimin, xalqımın azadlığa, demokratiyaya çıxmasını istəyirəm. Bu yöndə mübarizə aparıram və aparacam da”.

Ana səhifəXəbərlərOrduxan Teymurxan: İmtinalar məni öz fəaliyyətimdən döndərə bilməz