DİN isə qazinin dediklərini təkzib edir: “Polislər xidməti vəzifələrini icra ediblər”
N saylı hərbi hissənin tabor komandiri, mayor Taleh Alcəfərov özü və hərbçi yoldaşlarının Naftalanda polis zorakılığına məruz qaldığını deyir. O, mediaya və hüquq müdafiəçilərinə müraciət edərək, başına gələnlərin ictimailəşdirilməsini istəyib. Zabit deyir ki, Naftalan rayon Polis Şöbəsində məruz qaldığı zorakılıq və təhqirlər üzündən özünü öldürmək həddinə çatıb. Bu üzdən Prezident də daxil olmaqla, müvafiq dövlət strukturlarının rəhbərlərinin hadisədən xəbər tutmasını, ona və hərbçi yoldaşlarına qarşı qanunsuzluq edən polislərin cəzalandırılmasını xahiş edir.
Taleh Alcəfərovun sözlərinə görə, hadisə iyulun 16-da baş verib. Həmin gün 10 nəfərdən çox hərbçi yoldaşı ilə Naftalandakı kafelərdən birində olublar. Kafedən çıxanda onları mülki geyimli şəxslər saxlayıb. Onlar özlərini polis şöbəsinin əməliyyatçıları kimi təqdim ediblər, lakin xidməti vəsiqələrini göstərməyiblər. Deyiblər ki, hərbçilərin olduğu avtomobili Naftalanda ilk dəfə görürlər, bu üzdən şübhələnirlər və şöbəyə getməlidilər.
Taleh Alcəfərov deyir ki, polislərə hərbçi olduqlarını, 44 günlük müharibədə yaralandıqlarını, hazırda da orduda xidmət etdiklərini deyiblər, amma xeyri olmayıb.
Polis şöbəsində onu və Ayaz adlı zabit yoldaşını kabinetdə saxladıqlarını, digər hərbçi yoldaşlarının isə müvəqqəti saxlama yerinə salındığını deyən Taleh Alcəfərov bildirib ki, şöbədə Dövran, Ceyhun və adlarını bilmədiyi digər polis əməkdaşları onu möhkəm döyüblər, təhqir ediblər. O vurğulayıb ki, işgəncələrdən bir hissəsi rəis müavininin xidməti otağında, onun gözünün qarşısında baş verib:
“Məni dəhşətə gətirən budur ki, heç bir cinayət törətməmiş adamlara qarşı bunları necə etmək olar?! Məni yerdə təpiklədilər, döydülər. Mənim üzümə tüpürülməsi isə son hədd oldu. Bu təhqiri heç cür həzm edə bilmirəm. Bir Ordunun zabitinin şərəfini bu şəkildə necə təhqir eləmək olar? İntihar həddindəyəm…”.
O əlavə edib ki, digər hərbçi yoldaşı Ayaz Cəfərliyə qarşı da eyni vaxtda zorakılıq göstərilib. Hərbçilər bir neçə saat sonra sərbəst buraxılıb. Taleh Alcəfərov həkimə müraciət edib, üstündəki xəsarət izlərilə əlaqədar ekspertizadan keçib:
“Mən 19 ildir hərbçiyəm, zabit şərəfim var. Bizim zabit şərəfimiz təhqir olunub. Ali Baş Komandandan, Baş prokurordan, daxili işlər nazirindən xahiş edirik, bu məsələni nəzarətə götürüb, obyektiv araşdırma aparılmasına göstəriş versinlər”.
O vurğulayıb ki, obyektiv araşdırma aparmaq üçün müşahidə kameralarındakı görüntülərdən istifadə oluna bilər:
“Bizim saxlanılıb aparıldığımız yerdə kameralar var. O görüntülərə baxanda hər şey aydın olacaq. Təəssüf ki, bizim əlimiz o görüntülərə çatmır. Amma obyektiv araşdırma aparmaq istəyən olsa, götürüb baxa bilər”.
Daxili İşlər Nazirliyi isə Naftalanda hərbçilərin polis zorakılığına qalması haqda qazinin dediklərini təkzib edir. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, saxlanılanlar sərxoş olub və ictimai qaydanı pozublar, polislər də xidməti vəzifələrini icra ediblər:
“İyulun 16-da gecə saatlarında Naftalandakı marketlərin birinin qarşısında “Mercedes” markalı avtomobillə bir qrup şəxs sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozub. Ərazidə xidmət aparan polis əməkdaşları onları nizam-intizama dəvət etsə də, avtomobildə olan Ayaz Cəfərli, Elvin Muradov, Ruslan Səfəralıyev, Taleh Alcəfərov və Nihad Quliyev Vətən müharibəsi iştirakçısı olduqlarını əsas gətirərək, ictimai yerdə söyüş-təhqirlə müşahidə olunan qanunsuz əməllərini davam etdirib.
Əməllərinin araşdırılması üçün Naftalan Şəhər Polis Şöbəsinə gətiriləndə Ayaz Cəfərli və Taleh Alcəfərov qeyri-adekvat əməllərini davam etdirərək polis əməkdaşlarının xidmətinə mane olublar. Həmin şəxslər sərxoşluq müayinəsindən keçirilən zaman Ayaz Cəfərli, Elvin Muradov və Ruslan Səfəralıyevin orta dərəcəli sərxoş olmaları müəyyən edilib”.
DİN-in mətbuat xidmətinin açıqlamasından o da məlum olub ki, adları çəkilən hərbçilər sərbəst buraxılsalar da, Naftalan şəhər Polis Şöbəsinin İstintaq Qrupunda araşdırmalar davam etdirilir.