Ordunun generalına 12 il 6 ay həbs cəzası tələb olundu

Foto: Meydan TV

Generalın vəkili və digər müdafiəçilər çıxışa hazırlaşmaq üçün vaxt istəyib

Müdafiə Nazirliyində 2017-2021-ci illərdə 143 milyon manatlıq mənimsəmə ilə bağlı cinayət işi üzrə həbsdə olan şəxslər arasında yeganə general Nizami Məmmədov və daha 3 nəfərin işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Noyabrın 22-də məhkəmə prosesində dövlət ittihamçısı Fuad Musayev çıxış edərək, onlara ağır cəzalar istəyib.

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin keçmiş rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəhbəri Vüsal Əlizadənin işinə 2023-cü ilin sentyabrından Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyilə baxılır.

Prokuror çıxışında bildirib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar məhkəmə istintaqı zamanı dindirilən şahidlərin ifadələri, araşdırılan ekspertiza rəyləri və başqa sübutlarla təsdiqini tapıb. Dövlət ittihamçısı Fuad Musayev təqsirləndirilən şəxslərdən Nizami Məmmədovun 12 il 6 ay, Cəlal Kazımov və Bayram Bayramovun 12 il, Vüsal Əlizadənin 11 il 6 ay azadlıqdan məhrum edilməsini, onların əmlaklarının müsadirə olunaraq, dövlətə vurulmuş ziyanın ödənilməsinə yönəldilməsini, rütbələrinin alınmasını istəyib.

Məhkəmə prosesində qaydaya görə, prokurordan sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxış etməlidir. Daha sonra təqsirləndirilən şəxslər son sözlərini deməli və ardınca hökm oxunmalıdır.

Generalın vəkili Rəşad Mirmehdizadə və digər müdafiəçilər çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Nizami Məmmədov və digər 3 nəfərin heç biri özünü təqsirli bilmir. Onlar özlərinə qarşı irəli sürülmüş ittihamları qəbul etmirlər.

Məhkəmə prosesi noyabrın 29-na qədər təxirə salınıb.

Müdafiə Nazirliyindəki mənimsəmələrlə bağlı cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılıb. Həbs olunan 10 nəfərdən çox vəzifəli şəxs də 2023-cü ilin yanvar-fevral aylarında bu qurumun əməkdaşlarının keçirdiyi əməliyyatlar zamanı saxlanılıb.

General-mayor Nizami Məmmədov təxminən 18 milyon manatlıq mənimsəmədə ittiham olunur. DTX-dan məhkəmənin sorğusuna verilən cavabda bildirilib ki, Nizami Məmmədov ziyandan 12 milyon manatdan artıq ödəniş edib. Digər təqsirləndirilən şəxslərdən Cəlal Kazımov 110 min manat, Vüsal Kazımov isə 101 min manat ödəyib. Ziyandan ümumi ödənilmiş məbləğ isə 38 milyon 664 min manatdır.

Təqsirləndirilən şəxslər və onların ailə üzvlərinin adlarına olan bir çox əmlakların üzərinə həbs qoyulsa da, məhkəmə prosesinin gedişində bəzilərinin üzərindən həbs götürülüb. Onlar satılıb və əldə edilən vəsait ziyanın ödənilməsinə yönləndirilib.

Bu cinayət işi üzrə əsas ittihamlardan biri budur ki, qiymətlər sənəd üzərində artıq göstərilib və tenderdə qalib elan edilən şirkətlərin hesabına büdcədən buna uyğun məbləğdə pul köçürülüb. Lakin əvvəldən razılaşma olub ki, köçürülmüş artıq pulu şirkət hesabından çıxarıb, Müdafiə Nazirliyinə geri qaytaracaq. İttihama əsasən, şirkətlər ümumi vəsaitin təxminən 18-20 faizini geri qaytarıb və qayıdan pul da mənimsənilib. Həmçinin hərbi hissələrə və Müdafiə Nazirliyinə tabe olan başqa müəssisələrə köçürülən vəsaitlərin bir hissəsi ora göndərilən təftişçilərə verilərək, geri qaytarılıb.

Prezident İlham Əliyevin sərəncamları ilə Nizami Məmmədova bir sıra orden və medallar verilib. O, 2020-ci il iyunun 25-də general-mayor ali hərbi rütbəsi alıb. Həmin ilin dekabrında – müharibədən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. 2018-ci ildə isə “Vətən uğrunda” medalı ilə təltif olunmuşdu.

Ana səhifəXəbərlərOrdunun generalına 12 il 6 ay həbs cəzası tələb olundu