Ordumuz yenə bir neçə əsgərini itirdi (yenilənib)

Şəhidlər bu gün torpağa tapşırılıb

Source:

11.39. Müdafiə Nazirliyi Meydan TV-in xəbərini təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən

APA

-ya verilən məlumatda bildirilir ki, son günlər işğal olunmuş

Dağlıq Qarabağ

ərazisində çoxsaylı itkilər verən Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhədəki ağır uğursuzluqlar səbəbindən növbəti dəfə daha aqressiv və eybəcər təxribata əl atıb.

“Düşmənin kəşfiyyat-təxribat qruplarının cəbhə boyu və Azərbaycan-Ermənistan dövlət sərhədində qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə qəfil hücum etmək cəhdlərinin qarşısı uğurla alınıb. Yanvar ayı ərzində ermənilərin 17 hərbi qulluqçusu məhv edilib, 20-dək yaralısı var.

Sayca qat-qat çox olan düşmənlə qeyri-bərabər döyüşdə Silahlı Qüvvələrimizin bölmələri şəxsi şücaət və igidlik göstərib. Düşmən hücumlarının qarşısı alınan zaman 3 hərbi qulluqçumuz şəhid olub, yaralananlar var.

Müdafiə naziri, general-polkovnik

Zakir Həsənov

un əmrinə əsasən şəhid hərbi qulluqçular ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif ediliblər.


Müdafiə Nazirliyi

nin rəhbərliyi şəhidlərin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbir diləyir!


Müdafiə Nazirliyi

 xüsusi olaraq qeyd edir ki, biz öz xalqımızdan həqiqəti gizlətmirik. Ermənistan mətbuatının cəbhədə guya çoxsaylı itkilərimiz barədə yaydığı məlumatlar tam yalandır, dezinformasiya xarakteri daşıyır və qoşunların təmas xəttindəki vəziyyəti düzgün əks etdirmir”, – deyə məlumatda bildirilir.

“Dünən gecə saat bir radələrində erməni kəşfiyyatçıları cəbhənin Gədəbəy istiqamətində N saylı hərbi hissəsinə əməliyyat keçiriblər. Hücum nəticəsində, səngərdə 3 əsgərimiz şəhid olub, 2-si yaralanıb”.

Bu məlumatı Almaniyada yaşayan bloqqer Həbib Müntəzir öz şəxsi Facebook səhifəsində yayıb. Bloqqer yazdığı  məlumatda şəhid olan və yaralanan hərbiçilərin adlarını  da açıqlayıb. Onun yaydığı siyahıya görə, hərbiçilər – Zaqatala rayonundan  Elşən Əfəndiyev, Dəvəçi rayonundan gizir Sənan İsayev və Hacıqabul rayonundan  Vüqar Qasımov  yanvarın 24-də şəhid olublar.  Yaralılar – kapitan İlqar Əsədov və gizir Anar Əliyev isə hərbi hospitala yerləşdiriliblər.

Həbib Müntəzir onu da qeyd edib ki, şəhidlər bu gün torpağa tapşırılıb: “Dəfndə iştirak edənlərə şiddətlə tapşırılıb ki, heç kim telefonla şəkil çəkməsin. Müdafiə Nazirliyi bütün bu xəbərləri ictimaiyyətdən gizlədir. Cəbhə bölgəsində neçə gündür vəziyyət çox pisdir. Gümrüdəki hadisədən istifadə edib, Ermənistan tərəfi cəbhə xəbərləri ilə xalqını manipulyasiya edir. Olan cavan uşaqlara olur”-deyə, bloqqer qeyd edib.

Meydan TV məlumatı dəqiqləşdirmək üçün dəfələrlə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif  Dərgahlı  ilə əlaqə saxlamaq istəsə də, o, zənglərə cavab verməyib.

Lakin şəhid olmuş gizir Sənan İsayevin bacısının həyat yoldaşı Sadiq Əliyev faktı Meydan Tv-yə təsdiqləyib. O, bildirib ki, 33 yaşlı Sənan İsayevin şəhid olmasından dünən xəbər tutublar. Şəhid Sənan İsayev yanvarın 25-də Dəvəçi rayonu Ağbaş kəndində torpağa tapşırılıb.

Şəhidin yaxını onu da deyib ki, hadisənin necə baş verməsi və başqa kimlərin şəhid olmasından xəbərsizdir.

(embedded content removed)

“Facebook” sosial şəbəkəsindəki “Zaqatala Azərbaycan” səhifəsi isə şəhid Elşən Əfəndiyevin fotosunu paylaşaraq, bunları yazıb: “Zaqatala rayon Yuxarı Çardaxlar kənd sakini Əfəndiyev Elşən Elçin oğlu dünən hərbi vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. Qeyd edək ki, Elşən şəhid əmisinin adını daşıyırdı. Elşənin dayısı da Vətən uğrunda şəhid olmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin və ailələrinə səbir versin. Amin…”

Adının açıqlanmasını istəməyən başqa bir mənbə Meydan TV-yə yanvarın 23-də dünyasını dəyişmiş əsgər Nizami Şəmil oğlu Babaşovun da şəhid olduğu barədə məlumat verib.

Müdafiə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumatda isə bildirilir ki, Silahlı Qüvvələrin N saylı hərbi hissəsində avtomat silahla ehtiyatsız davranılması nəticəsində atəş açılıb və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Babaşov Nizami Şəmil oğlu vəfat edib. Qeyri-döyüş şəraitində baş verən hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

“Qafqazinfo”ya daxil olan xəbərə görə isə vəfat edən hərbçi, 26 yaşlı Babaşov Nizami Şəmil oğlu Füzuli rayonu, Araz-Zərgər kənd sakinidir.

Allah şəhidlərimizə rəhmət etsin.

Ana səhifəXəbərlərOrdumuz yenə bir neçə əsgərini itirdi (yenilənib)