Ordumuz necə mülkiləşir?

Müdafiə Nazirliyinin Aparatı ilə Silahlı Qüvvələrin Baş Qərargahının ayrılması prosesi aparılmalıdır

Source:

2013-cü ilin oktyabrında Azərbaycan Silahlı Qüvvələrində rəhbər dəyişikliyi baş verdikdən sonra yeni nazir Zakir Həsənov tərəfindən mülki şəxslərin hərbi vəzifələrə qəbul olunmasına start verildiyi bəyan edildi. İndi cəmiyyətdə ortaya çıxan suallardan biri təxminən ilyarım bir müddətdə bu prosesin necə getməsi və hansı nəticələr verdiyi ilə bağlıdır. Xüsusilə sual doğuran məsələlərdən biri bu prosesin ordudakı problemlərin həllinə təsir göstərib-göstərməməsidir.

Öncə dünyanın mütərəqqi ölkələrinin ordusunda “mülkiləşmə” prosesinin necə həyata keçirildiyinə diqqət yetirək. NATO ölkələrinin təcrübəsinə əsasən Silahlı Qüvvələrin effektli “mülkiləşdirilməsi” 3 əsas istiqaməti özünə daxil etməlidir:

Birincisi, Silahlı Qüvvələrdə bütün texniki və yardımçı vəzifələrə (aşbaz, avtomobillərin idarə olunması, təmiri, sanitar-təmizlik işləri, bağ-təsərrüfat, təmir-tikinti, digər və hətta bəzən ilkin yardım göstərən tibbi vəzifələr) mülkilər cəlb olunmalıdır;

İkincisi, Silahlı Qüvvələrdə bir sıra orta və üst vəzifələr (mülki-hərbi əlaqələr, informasiya siyasəti, hüquq vəzifələri, beynəlxalq əlaqələr, ekoloji, nəqliyyat-daşıma, dəftərxana, arxiv, muzey, klub, KİV, informasiya texnologiyaları və hətta bəzən tibbi vəzifələr) mülkilərdən təşkil olunmalıdır;

Üçüncüsü, Müdafiə Nazirliyinin rəhbərliyi – nazir mülki şəxs olmalıdır və onun aparatı əsasən mülkilərdən təşkil olunmalıdır. Bununla yanaşı Müdafiə Nazirliyi Aparatının Silahlı Qüvvələr Baş Qərargahından ayrılması həyata keçirilməlidir. Hərbi-mülki əlaqələri tənzimləyən xüsusi idarə yaradılmalıdır.

Bu üç islahatın birgə və ardıcıl nəzərdə tutulmadığı proses effektiv və strateji ola bilməz, daha çox yarımçıq və uğursuz hesab edilə bilər. Bəs bu üç istiqamətin hər biri həyata keçirilsə, nə faydası olacaq?

1) Vəzifələrin, məsuliyyətlərin və öhdəliklərin dəqiqləşməsi baxımından orduda idarəetmə asanlaşacaq;

2) Orduda xidmət edənlərin və çalışanların haqları daha çox qorunacaq;

3) Maliyyə qənaəti baş verəcək, bununla da hərbçilərin sosial təminatı yaxşılaşacaq;

4) Hesabatlılıq, şəffaflıq təmin olunacaq, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə güclənəcək;

5) Ordunun siyasətə qarışmasına son veriləcək;

6) Ordunun psixoloji-mənəvi, döyüş hazırlığı artacaq;

7) Hərbiyə mülki nəzarətin vacib forması yaradılacaq və s.

Azərbaycan ordusunda isə biz yalnız birinci istiqamətin – texniki-yardımçı vəzifələrə mülkilərin cəlb olunması istiqamətində olduqca ləng addımların atıldığını müşahidə edirik. Əldə olunan məlumata görə, son ilyarım müddətdə Silahlı Qüvvələrdə texniki-yardımçı vəzifələrə təxminən 1500 nəfər mülki şəxs qəbul edilib. Amma bu prosesin özü də müəyyən ciddi çatışmazlıqlarla həyata keçirilir. Əsas çatışmazlıq qeyd edilən prosesin bir universal strategiya kimi planlaşdırılmamasıdır. Texniki – yardımçı vəzifələrə mülkilərin hazırlaşdırılması prosesi üzrə təhsil – bilgi alacaqları kursların yaradılması işində çiddi ləngimələr var. Misal üçün, aşbaz vəzifələri üçün hərbi hissələrin yerləşdiyi ərazilərdə yaşayan qadınların cəlb olunması həyata keçirilir. Belə ki, hələ mətbuatın 2013-cü ilin noyabrında yazdığı məlumata görə, müdafiə naziri Zakir Həsənov əsgərlərin mətbəxdə aşpaz kimi çalışmasına qəti etirazını bildirərək, xüsusi təkliflə çıxış edib. Yaşayış məntəqələrinin, kəndlərin yaxınlığında yerləşən hərbi hissə komandirlərinə tapşırıb ki, həmin yaşayış məntəqələrində işə ehtiyacı olan qadınların əməyindən istifadə edilsin.

İndi ortada olan məlumata görə, orduda texniki və yardımçı vəzifələrə işəgötürmə əsasən “yaxınlıqda yaşayan və ehtiyacı olanlar” üçün həyata keçirilir və bu şəxslərin xüsusi kurslar keçib-keçmədiyi barədə məlumat yoxdur.

Amma bütün bunlar “mülkiləşmə” prosesinin ilk, strateji ordu quruculuğu baxımından o qədər də vacib olmayan mərhələsidir. Əsas hədəflər ikinci istiqamət – ordudakı əhəmiyyətli, nisbətən orta və üst xidməti vəzifələrə mülkilərin gətirilməsi olmalıdır. Azərbaycanda bu istiqamət üzrə hansısa irəliləyişlər hələlik baş vermir və bunun necə və nə zaman baş verəcəyi isə hələlik ciddi suallar doğurur.

Ümumiyyətlə, Azərbaycan Silahlı Qüvvələrində “mülkiləşmə” prosesi yarımçıq həyata keçirilir və üst vəzifələr bu prosesdən kənarda qalır. NATO standartlarına görə, ümumilikdə orduda hərbi vəzifələrin təxminən 20-25 faizinin mülkiləşdirilməsi ordunun idarə edilməsi prosesinin səmərəliliyi, orduya mülki nəzarət mexanizminin tətbiqi baxımından zəruridir. Rəsmi məlumatlara görə, Azərbaycan Silahlı Qüvvələrində 4 minə yaxın mülki şəxs işləyir (buraya texniki-yardımçı vəzifələrdə çalışanlar aid deyil). Əgər hakimiyyət bu prosesi uğurla həyata keçirmək istəyirsə, onda indən belə ən azı 14-18 min vəzifəyə mülki vətəndaşlar cəlb olunmalıdır. Amma hökumətin bu istiqamətdə hansı strategiya və əsaslandırması var? Suallar açıqdır.

İndi keçək üçüncü istiqamətə: Müdafiə Nazirliyinin Aparatı ilə Silahlı Qüvvələrin Baş Qərargahının ayrılması prosesi. Bu istiqamətdə Gürcüstan Silahlı Qüvvələrinin təcrübəsindən çox məqamları əxz etmək olar. Qüsurlu olsa da, sadə dillə deyək: mülkilər MN Aparatı tərəfindən, hərbçilər isə SQ Baş Qərargahı tərəfindən idarə olunmalı, birincilər, yəni mülkilər ikincilər, yəni hərbçilər üzərində nəzarəti həyata keçirməlidirlər. İkincilər isə birincilərə öz ehtiyaclarının təmin olunması üçün vasitə kimi baxmalıdırlar. Bu sistem çox sadə olmaqla yanaşı, həm də səmərəlidir: ona görə ki, hərbçilər özlərinə aid olmayan işlərdən – büdcə planlaşdırması, xərclərin təsnifatı, daxili və xarici hərbi-siyasi əlaqələrin təşkili, lobbiçilik kimi məsələlərdən kənar qalırlar və bütün bu işlər mülkilərə – yəni Müdafiə Nazirliyinin Aparatına şamil olunur. Mülki nazir olan müdafiə naziri də döyüş hazırlığı məsələləri ilə məşğul olmur. O, parlament, hökumət qarşısında çıxış edir, Silahlı Qüvvələrə lazım olan vəsaitin əsaslandırılmasını həyata keçirir, orduda məvaciblərin, təminatın artırılması, yeni silah və hərbi texnika növlərinin alınması zəruriliyini hökumətə çatdırır, ölkəni və Silahlı Qüvvələri beynəlxalq miqyasda təmsil edir, dövlətin hərbi-siyasi hədəflərini açıqlayır. Bu sistem həm də ona görə effektlidir ki, Müdafiə Nazirliyinin öz içində hərbiyə nəzarət imkanları formalaşdırılır, qanunu pozanların cəzalandırılması daha effektiv həyata keçirilir. Bu sistemdə ordunun cəmiyyətlə əlaqələri daha asan, ağrısız qurulur.

Bu sistem eyni zamanda ona görə vacibdir ki, ordunun siyasiləşməsi baş vermir. Yəni hansısa hakimiyyət dəyişikliyi olarsa, o zaman müdafiə naziri və onun aparatı qalib gələn partiyanın və ya tərəfin istəyinə uyğun olaraq təşkil oluna bilər. Həmin nazir siyasi hədəf və maraqları ifadə etməkdə azad olacaqdır. Amma bu prosesin SQ Baş Qərargahına aidiyyəti yoxdur, SQ Baş Qərargahı və onun tabeçiliyindəki hərbi birləşmələr, hərbçilər hərbi hədəfləri həyata keçirmək üçün mövcuddurlar və fəaliyyət göstərirlər. Eyni zamanda bu sistemdə müdafiə nazirinin ordunun adından sui-istifadə edərək hər hansı bəyanat vermək,“Silahlı Qüvvələr seçkilərdə filan şəxsi dəstəkləyəcək” kimi absurd fikirlər səsləndirmək hüququ əlindən alınır.

Bu prosesin maliyyə qənaəti tərəfi də vardır. Aydındır ki, mülkilər hərbçilərlə müqayisədə daha az məvacib alırlar, onlar üçün geyim, qidalanma, xüsusi ödənişlər öhdəliyi demək olar ki olmur. Onların sonradan pensiya təminatı da hərbçilərdən fərqli olacaq. Beləliklə, bu prosesdə dövlət 10 milyonlarla dollar qənaət edə bilər.

Amma təəssüf ki, mövcud Azərbaycan hakimiyyətinin belə əhəmiyyətli islahatın – ordu rəhbərliyinin mülkiləşdirilməsinin həyata keçirilməsi istəyi heç üfüqdə də görünmür.

Beləliklə, biz hazırda Azərbaycanda növbəti uğursuzluğu – Silahlı Qüvvələrin mülkiləşdirilməsi prosesinin uğursuzluğunu müşahidə etməkdəyik. Hökumət qeyd etdiyimiz və etmədiyimiz məqamları nəzərə almalı, Azərbaycan Silahlı Qüvvələrinin müasir standartlara uyğunlaşdırılmasını təmin etməlidir. Bu, həm də postneft erası üçün vacibdir.

P.S. Bəzi oxucularımız müəllifi bu yazıda orduda ixtisarlar və müqaviləli əsasa keçid məsələsinə toxunmadığına görə qınaya bilərlər. Əslində qeyd edilən məsələlər, ümumiyyətlə, başqa bir geniş söhbətin, təhlilin mövzusudur. Amma bəllidir ki, müqaviləli əsasa keçid zamanı da mülkiləşmə prosesi qaçılmazdır və hətta daha çox əhəmiyyət kəsb edəcək.

Ana səhifəXəbərlərOrdumuz necə mülkiləşir?