Oqtay Gülalıyevin vurulmasıyla bağlı məhkəmə başladı

M.Əliyev bildirib ki, O.Gülalıyev hələ də sərbəst hərəkət edə bilmir.

Foto: Meydan TV


Cinayət işi məhkəmə baxışına verilib

Bir ildir ki, komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulmasıyla bağlı məhkəmə prosesi başlayıb. Bu işə Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyev baxır.

Oktyabrın 30-da məhkəmənin hazırlıq iclasında qəzanı törətməkdə təqsirləndirilən Kənan Abdullayevin anket məlumatları dəqiqləşdirilib.

Hakim zərərçəkmiş O.Gülalıyevin sağlıq durumuyla maraqlanıb. Bu barədə sualları zərərçəkmişin hüquqlarını müdafiə edən vəkil Fuad Ağayev və “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev cavablandırıb. M.Əliyev O.Gülalıyevin ailəsinin hüquqi nümayəndəsi hüquqi nümayəndəsi qismində prosesdə iştirak edir.

M.Əliyev bildirib ki, O.Gülalıyev hələ də sərbəst hərəkət edə bilmir. Amma müalicə nəticə verir, durumunda müsbət dinamika hiss olunur: “Artıq sözləri başa düşür. Amma hələ də danışa bilmir”.

M.Əliyev əlavə edib ki, O.Gülalıyev bir müddət sonra Türkiyədə müalicə aldığı xəstəxanadan Bakıya gətiriləcək.

Cinayət işi məhkəmə baxışına verilib. Məhkəmə iclası isə noyabrın 13-nə təyin edilib.

O.Gülalıyevin vurulduğu avtomobil qəzası 2019-cu il oktyabrın 29-da paytaxtın 28 May və Puşkin küçələrinin kəsişməsindəki işıqforda baş verib. Hüquq müdafiəçisi piyadalar üçün yaşıl işıqda yolu keçərkən Kənan Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə onu vurub. Sürücü dərhal O.Gülalıyevi Kliniki Tibbi Mərkəzə (Semaşko) aparıb. Kənan Abdullayevin sözlərinə görə, O.Gülalıyev yolda gedərkən də, xəstəxanada da danışırmış. Hətta ciddi xəsarəti olmadığını bildirərək, xəstəxanaya aparılmasına ehtiyac olmadığını da söyləyib.

Sonradan yaxınlarının istəyilə onu Kliniki Tibbi Mərkəzdən “Baku City Hospital”a köçürüblər, orada beyin əməliyyatı keçirib. Oradan da Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. Bir neçə gün sonra isə Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün İstanbuldakı klinikaya yerləşdirilib. Sonra İstanbuldakı xəstəxanaya köçürülüb. Bir ilə yaxındır ki, orada müalicə olunur.

Kənan Abdullayevə qarşı Cinayət Məcəlləsinin 263.1.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsilə ittiham irəli sürülüb. Onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Kənan Abdullayev hüquq müdafiəçisinin qəsdən vurulması barədə iddiaları rədd edir. O bildirib ki, bu barədə deyilənlər əsassızdır. Oqtay Gülalıyevi hadisədən əvvəl tanımadığını, ona qarşı qərəzi olmadığını deyən sürücünün sözlərinə görə, hadisə onun diqqətsizliyi nəticəsində baş verib. Kənan Abdullayev baş verənlərə görə çox peşman olduğunu da vurğulayıb.

Ana səhifəSiyasətOqtay Gülalıyevin vurulmasıyla bağlı məhkəmə başladı