Hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulmasıyla bağlı məhkəmə prosesi yekunlaşıb. Yanvarın 25-də Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin bu iş üzrə çıxardığı hökm elan edilib. Hökmə əsasən, hüquq müdafiəçisini avtomobillə vurmaqda ittiham olunan sürücü Kənan Abdullayev Cinayət Məcəlləsinin
263.1.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsilə təqsirli bilinib. O, 2 il 3 ay azadlıqdan məhrum edilib. Əlavə cəza kimi, 3 il də nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunub.
K.Abdullayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Azərbaycanda cəzaların icrasına dair qanunvericiliyə əsasən, ehtiyatsızlıqdan törədilən cinayət üzrə şəxsə təyin edilən cəza 5 ildən azdırsa, həmin cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir.
O.Gülalıyevin vurulduğu avtomobil qəzası 2019-cu il oktyabrın 29-da paytaxtın 28 May və Puşkin küçələrinin kəsişməsindəki işıqforda baş verib. Hüquq müdafiəçisi piyadalar üçün yaşıl işıqda yolu keçərkən Kənan Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə onu vurub. Sürücü dərhal O.Gülalıyevi Kliniki Tibbi Mərkəzə (Semaşko) aparıb. Kənan Abdullayevin sözlərinə görə, O.Gülalıyev yolda gedərkən də, xəstəxanada da danışırmış. Hətta ciddi xəsarəti olmadığını bildirərək, xəstəxanaya aparılmasına ehtiyac olmadığını da söyləyib.
Sonradan yaxınlarının istəyilə onu Kliniki Tibbi Mərkəzdən “Baku City Hospital”a köçürüblər, orada beyin əməliyyatı keçirib. Oradan da Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. Bir neçə gün sonra isə Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün İstanbuldakı klinikaya yerləşdirilib. Təxminən bir il orada müalicə olunduqdan sonra noyabrın 8-də Bakıya gətirilib. Hazırda ev şəraitində müalicəsi davam edir. O, 1 il 3 aydır koma vəziyyətindədir.
K.Abdullayev ibtidai istintaq və məhkəmə dövründə həbsdə olmayıb. Onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
K.Abdullayev hüquq müdafiəçisinin qəsdən vurulması barədə iddiaları rədd edir. O bildirib ki, bu barədə deyilənlər əsassızdır. O.Gülalıyevi hadisədən əvvəl tanımadığını, ona qarşı qərəzi olmadığını deyən sürücünün sözlərinə görə, hadisə onun diqqətsizliyi nəticəsində baş verib. Kənan Abdullayev baş verənlərə görə çox peşman olduğunu da vurğulayıb.