Oqtay Gülalıyevin övladlarının təhsil aldığı məktəbdə araşdırma başlanıb

Məktəbin direktoru və övladlarıma dərs deyən müəllimlər, onların məktəbli yoldaşları “qorotdel”-ə çağrılıb, izahatatları alınıb

Source:


Məktəbin direktoru və övladlarıma dərs deyən müəllimlər, onların məktəbli yoldaşları “qorotdel”-ə çağrılıb, izahatatları alınıb

Məlumatı “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev öz Facebook səhifəsində yayıb. Oqtay Gülalıyev bildirib ki, ötən həftə az yaşlı övladlarıyla birlikdə yenidən Bakı şəhər Baş Polis İdarəsinin Ağır Cinayətlər şöbəsinə dəvət ediliblər: “Sorğu- sual edib yola saldılar. Düşünürdüm bu işlərin davamı olacaq, amma bu sayaq yox… Bir neçə gündür ki, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları övladlarımın təhsil aldığı 165 saylı orta məktəbə gələrək “araşdırma”-lara başlayıblar”.

Hüquq müdafiəçisi hesab edir ki, araşdırmanın məqsədi məktəbli övladları haqqında məlumat toplamaqdır: “Onların dərsə davamiyyətindən tutmuş, aldığı qiymətlərə, kimlərlə oturub durduqlarına qədər hər şeylə maraqlanıblar. Bunlar az imiş kimi məktəbin direktoru və övladlarıma dərs deyən müəllimlər, onların məktəbli yoldaşları “qorotdel”-ə çağrılıb, izahatatları alınıb (!?). Bəlkə də çoxları buna inanmaz. Çünki qos-qoca Bakı şəhər Baş Polis İdarəsinin vəzifəli, rütbəli müstəntiqlərinin orta məktəblərdə pedoqoji inspektorlar sayağı araşdırma aparması, sinif jurnallarını, şagirdlərin dərsə davamiyyətini yoxlaması absurd olduğu qədər də acınacaqlıdır. Dövlətin resursları insanların maddi-rifah halının yaxşılaşmasına, onların layiqli təhsil, tibbi, sosial, kommunal və s. xidmətlərlə təmin olunmasına, normal şəxsiyyət kimi formalaşmasına deyil, 37- ci il sayağı qorxu, xof altında saxlanılıb repressiyalara məruz qalmalarına sərf olunur. Ölkədə minumum əmək haqqının səviyyəsi, korrupsiyanın həcmi, sosial xidmətlərin bərbad durumu, qanunsuz həbslərin sayı və s. dediklərimizə misal ola bilər”.

Oqtay Gülalıyevin fikrincə, Bakı şəhər Baş Polis İdarəsinın əli ilə övladlarına qarşı növbəti ittiham dosyesi hazırlanır: “Olsun, biz mübarizəmizdən qaçmadığımız kimi qədərimizdən və taleyimizdən də qaçmırıq. Bizim övladlarımız da NİDA- çı dostlarımızdan onların yaşında olmasalar da nə əksik deyillər, nə də artıq. Bu ölkə, bu Vətən bizimdir. Biz ölkəmizə də, vətənimizə də sahib çıxacayıq. Dəyərli əqidədaşlarımız Cəmil Həsənlinin qızına böhtan atıb onu təhdid edənlər, Gültəkin Hacıbəylinin oğlunu əlindən almaq istəyənlər, Rafiq Daşdəmirlinin oğlunu həbs edənlər, ataları övladları ilə sınağa çəkənlər unutmasınlar ki, bu rəzillik təkcə onları ifşa etmir. Onların hakimiyyətlərini və ömürlərini qısaldır. Bu mübarizə ləyaqətlə mübarizə apara bilməyənlərin mübarizəsidir. Haqqa, ləyaqətə söykənməyən mübarizələr isə gec- tez məğlubiyyətə vı iflasa məhkumdur”.

Ana səhifəXəbərlərOqtay Gülalıyevin övladlarının təhsil aldığı məktəbdə araşdırma başlanıb