Ancaq zərərçəkmiş şikayətini geri çəkib, şahidlər də polisin təzyiqi altında ifadə verdiklərini bəyan ediblər
Xətai rayon məhkəməsində hüquq müdafiəçisi Oqtay Gülalıyevin yetkinlik yaşına çatmamış oğlu Əli Gülalıyevin işi üzrə proses yekunlaşmaq üzrədir.
Oktyabrın 29-da keçirilən iclasda məlum olub ki, zərərçəkmiş şikayətini geri çəkib. Dörd şahid hadisənin şahidi olmadığını bildirərək, polisin təzyiqi altında ifadə verdiklərini bəyan ediblər.
O.Gülalıyev və demokratik ictimaiyyət nümayəndələri bu məhkəmənin onun ictimai-siyasi fəaliyyətinin nəticəsi olduğundan əmindirlər. Xüsusən, yeniyetmənin atası Milli Şuradan prezidentliyə namizəd Cəmil Həsənlinin mətbuat katibi olub.
Prokuror yekun çıxışında şahidlərin ibtidai istintaqa verdikləri ifadələrə əsaslanaraq, təqsirləndirilən şəxsi 1 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini təklif edib.
Lakin təqsirləndirilən şəxs və atası bəraət hökmü çıxarılmasını tələb ediblər, belə ki, heç bir şahid yeniyetmənin təqsirini təsdiq etməyib.
Hökmün elan olunması oktyabrın 30-na təyin olunub.
Əli Gülalıyev 2013-cü il sentyabrın 20-də təhsil aldığı 165 nömrəli məktəbdə davada iştirak etməklə xuliqanlıqda ittiham olunur. İş üzrə zərərçəkmiş kimi məktəbin şagirdi Bayram Sultanlı keçir.
Ə.Gülalıyev özü bir müddət əvvəl naməlum şəxslər tərəfindən döyülüb və yaralanıb, amma bu iş hələ də araşdırılmayıb.