”QHT rəhbərləri ilə bağlı yayılan məlumatlarda, siyahılarda mənim adımın olması həqiqətə uyğun deyil”
“Son zamanlar bəzi vətəndaş cəmiyyəti fəallarına, QHT rəhbərlərinə qarşı repressiyaların dayandırılması, onların üzərindən cinayət təqibinin götürülməsi, bank hesablarına qoyulan həbsin, ölkədən çıxışla bağlı qadağaların aradan qaldırılmasına dair mətbuatda məlumatlar dərc olunur. Siyahılar paylaşılır. Həmin məlumat və siyahılarda mənim də adım qeyd olunur”.
Bu sözləri hüquq müdafiəçisi Oqtay Gülalıyev öz Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, adı hallandırılsa da, ona və ailəsinə qarşı təzyiqlər azalmayıb:
“Əlbəttə, bu istiqamətdə təşəbbüslərin olması, bəzi dostların problemlərinin həll olunması (əgər məlumatlar dəqiqdirsə) yalnız müsbət haldır. Baxmayaraq ki, bu problemləri hakimiyyət süni şəkildə özü yaradıb və hazırda yerli və beynəlxalq ictimaiyyətin ardıcıl, təsirli təzyiqlərindən sonra müəyyən yumşaldıcı addımlar atmağa başlayıb. Amma məlumat üçün bildirim ki, problemi həll olunan ictimai fəallar və QHT rəhbərləri ilə bağlı yayılan məlumatlarda, siyahılarda mənim adımın olması həqiqətə uyğun deyil. Bu hakimiyyət mənimlə, ailə üzvlərimlə, rəhbəri olduğum təşkilatla bağlı yaratdığı heç bir problemi həll etməyib və həll etmək istəyi də görünmür. Rəhbəri olduğum Demokratik İslahatlar Ugrunda İctimai Birlik (DİUC) 17 ildir əsassız olaraq dövlət qeydiyyatına alınmır. 2012- ci ilin 18 aprelində haqqımda açılan qondarma cinayət işinin təqibinə bu günə kimi xitam verilməyib. Ölkədən çıxışım yasaqdır. Övladlarım haqqında da anoloji vəziyyətdir. Mənimlə bağlı yayılan məlumatlarda qeyd olunur ki, ölkədən çıxış problemim guya həll olunub. Mənə pasport vermirlər, haqqımda olan cinayəti işinə xitam vermirlər. Pasportu olmayan, haqqında cinayət işi olan şəxs ölkədən necə çıxa bilər? Son günlər dəqiqləşdirdiyim bəzi məlumatlar da bu həqiqəti bir daha təsdiq etdi. Mənim hökümətim məni ölkədən buraxmaq istəmir. Deyəsən məni çox istəyir. Necə deyərlər, deyir; “getmə gözümdən, gedərəm özümdən”.