Oqtay Gülalıyev Ali Məhkəməyə kassasiya şikayəti verdi

Hüquq müdafiəçisi oğlu ilə bağlı verilmiş məhkəmə qərarından narazıdır

Source:


Hüquq müdafiəçisi oğlu ilə bağlı verilmiş məhkəmə qərarından narazıdır

Martın 11-də Bakı Apellyasiya Məhkəməsində Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyevin yetkinlik yaşına çatmayan övladı Əli Gulalıyevlə bağlı verilmiş apellyasiya şikayətinə baxılıb.

Bu barədə Meydan TV-yə Oqtay Gülalıyev məlumat verib.

Ə. Gülalıyev Xətai rayon Məhkəməsinin 30 oktyabr 2014- cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1- ci maddəsi ilə ittiham edilərək qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Məhkəmə hökmündən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiya baxır. Apellyasiya Məhkəməsinin məhkəmə istintaqı ilə aparılması barədə müdafiə tərəfinin verdiyi vəsatəti məhkəmə heyəti qəbul etməyib. Məhkəmə kollegiyası apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan keçirilməsinə dair qərar qəbul edib. Qərarla razılaşmayan müdafiə tərəfi Ali Məhkəmənin Cinayət Kollegiyasına kassasiya şikayəti verib.

Kassasiya şikayətində qeyd olunur ki, Apellyasiya Məhkəməsində məhkəmə baxışı məhkəmə istintaqı keçirilməklə aparılmalıdır. Çünki Xətai rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamlar sübuta yetirilməyib, eyni zamanda məhkəmə təqdim edilən sübutları düzgün qiymətləndirməyib. Həmin sübutları yenidən araşdırmadan iş üzrə hallara düzgün və obyektiv qiymət vermək mümkün deyil.

Həmçinin qeyd olunur ki, Xətai rayon Məhkəməsi məhkəmə iclas protokollarını saxtalaşdırıb və şahidlərin, zərərçəkənin, təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin məhkəmə iclas zalında verdiyi ifadələri olduğu kimi iclas protokoluna qeyd etməyib. Bununla bağlı Xətai rayon Məhkəməsinə protokola qeydlər verlməsi üçün ərizə verilsə də, məhkəmə tərəfindən ərizə təmin edilməyib. Hətta protokola qeydlərin nəzərə alınması üçün müdafiə tərəfinin vəsatəti əsasında Apellyasiya Məhkəməsi iş materiallarını 9 yanvar tarixli qərarla Xətai rayon Məhkəməsinə qaytarsa da, birinci instansiya məhkəməsi bunu da nəzərə almayıb.

Kassasiya şikayətində daha sonra bildirilir ki, Xətai rayon Məhkəməsində şahid qismində dindirilən yetkinlik yaşına çatmayan şahidlər, 165 saylı orta məktəbin şagirdləri istintaqda onların imzası ilə tərtib olunan izahatdan fərqli ifadə veriblər. Məhkəmədə şahidlər bildiriblər ki, onları valideynlərinin iştirakı olmadan polis bölməsinə aparıb təzyiq edərək, “ifadə verməsəniz sizin üçün yaxşı olmayacaq, hamınız videoya düşmüsünüz” deyə onları aldadıb, hədələyərək, hazır yazılmış ifadəyə qol çəkdiriblər. Məhkəmə şahidlərdən istintaq müddətində zorla, təzyiq altında ifadə alınması kimi qanunsuz hərəkəti araşdırıb, bu qanunsuzluğa hüquqi qiymət verməyib. Odur ki, Apellyasiya Məhkəməsi şahidlərdən istintaq zamanı təzyiq altında ifadə alınması faktını araşdırmalı və bu fakta hüquqi qiymət verməlidir.

Bundan başqa, Xətai rayon Məhkəməsinin protokollarında şahidlərin ifadə bölmündə verilən ifadələr düzgün qeydə alınmayıb və saxtalaşdırılıb. Şahid ifadələri tam təhrif olunub. Polisin təzyiqi altında istintaqda şahidlərdən alınan ifadələr oxşar formada məhkəmə hökmünə əlavə edilib. Odur ki, Apellyasiya Məhkəməsində şahidlərin yenidən dindirməsi zəruridir.

Məhkəmə iclasında müdafiə tərəfi hadisənin baş verdiyi iddia olunan məkanda və saatda NZS qəsəbəsi 165 saylı orta məktəbin 3 mərtəbəsində dəhlizin yuxarı hissəsində quraşdırılmış müşahidə kamerasının yaddaşında olan video görüntüyə məhkəmə zalında baxlmasına dair vəsatət verib, lakin məhkəmə əsaslı və həlledici məqamlardan olmasına baxmayaraq, video diskə baxış keçirilməsi barədə vəsatəti rədd edib. Bununla da məhkəmə baş verdiyi iddia olunan hadisənin qurama və əsassız olmasına dair əsas faktı görmək və incələmək istəməyib. Halbuki, video kamera hadisənin baş verdiyi iddia olunan məkanı və şəxsləri tam əhatə edir. Ona görə də hadisənin baş verdiyi məkanda quraşdırılmış müşahidə kamerasının yaddaşında olan video görüntülərə baxaraq hadisə barədə ətraflı təsəvvürlərə malik olmaq mümkündür. “Təəssüf ki, Apellyasiya Məhkəməsi də məhkəmə istintaqının aparılmasını zəruri edən əsas faktorlardan biri olan videogörüntüyə baxış keçirilməsinə lüzum görməyib. Məhkəmə qərarını onunla əsaslandırıb ki, guya müdafiə tərəfinin birinci instansiya məhkəməsində bu barədə vəsatəti olmayıb və ibtidai istintaqı aparan müstəntiq tərəfindən tərtib olunmuş protokolda qeyd olunur ki, “videogörüntüdə dava- dalaş olması, sonra həmin şəxslərin aralaşması aydın şəkildə görmək mümkün olsa da hadisə zamanı bir araya toplaşmış şəxslərin şəxsiyyətlərini və üzlərini aydın görmək mümkün deyil”. Qeyd etmək lazımdır ki, Apellyasiya Məhkəməsinin gəldiyi nəticə və əsaslandırma düzgün deyil. Əvvalə müdafiə tərəfi Xətai rayon Məhkəməsində videogörüntüyə baxış keçirilməsi barədə dəfələrlə vəsatət verib. Lakin vəsatət qəbul olunmayıb və birinci instansiya məhkəməsi bu faktı ört- basdir etmək üçün həmin vəsatət barədə qeydləri protokola daxil etməyib. Digər tərəfdən, maraqlıdır, nə üçün istintaqın və birinci instansiya məhkəməsinin buraxdığı səhvləri araşdırıb bu fakta hüquqi qiymət verməli olan Apellyasiya Məhkəməsi istintaq müddətində müstəntqin “qənaəti”-ni əsas götürərək, videogörüntüyə baxış keçirməkdən imtina edir? Qeyd etmək lazımdır ki, iş materiallarının 43- cü səhifəsində video görüntüyə baxış keçirilməsi barədə Xətai RPİ- nin İŞ- nin müstəntiqi polis baş leytinantı Həsənəliyev Məmmədşahın tərtib etdiyi protokolda da qeyd olunur ki, “dəhlizin sonunda bir neçə şəxs bir yerə toplaşıb mübahisə etsələr də, onların şəxsiyyətini və üzlərini müəyyən edə bilməyib”. Müstəntiq həmin rəydə “dava-dalaşın olması” və “sonra həmin şəxslərin aralaşması” barədə fikir bildirməyib. Apellyasiya Məhkəməsinin müstəntiqin rəyini təhrif olunmuş şəkildə əsas gətirərək, videogörüntüyə baxış keçirilməsindən imtina etməsi absurd və əsassızdır. Hətta müdafiə tərəfi birinci instansiya məhkəməsində videogörüntüyə baxış keçirilməsi barədə vəsatət verməsə və ya bu barədə müstəntiqin rəyi olmasa belə həqiqəti öyrənmək və aşkara çıxarmaq üçün baş verdiyi iddia olunan hadisənin əsas şahid faktoru olan müşahidə kamerasının yaddaşında olan görüntüyə baxış keçirilməsi Apellyasiya Məhkəməsinin marağında olmalıdır. Buna görə də bu və digər halların araşdırılması üçün apellyasiya baxışı qismən məhkəmə istintaqının keçirilməsi ilə aparılmalıdır. Yalnız bu yolla obyektiv həqiqətə nail olmaq mümkün olar. Məhkəmə istintaqı aparılmadan məhkəmə iclasının keçirilməsi apellyasiya şikayətinin dəllillərinin araşdırılmasına və qiymət verilməsinə kifayət etmir”.

Beləliklə, Apellyasiya Məhkəməsinin Əli Gülalıyevin təqsirsizliyini və əslində ittihamın saxta olması haqqında əsaslı arqumentləri araşdırmaması apellyasiya baxışını səmərəsiz edib və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin kobud şəkildə pozub.

CPM-nin 325.2-ci maddəsi məhkəmə istintaqı zamanı sübutların tədqiq edilməsi ardıcıllığını sadalayıb və həmin sübutlar apellyasiya məhkəməsində araşdırılmırsa, obyektiv hökm qəbul etmək mümkün deyil. Bununla da Apelyasiya Məhkəməsi məhkəmə prosesini qeyri-müəyyən vaxta qədər təxirə salınması barədə qərar çıxarıb” – – deyə kassasiya şikayətində qeyd olunur.
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin az yaşlı övladı Əli Gülalıyev 2013- cü il prezident seçkiləri öncəsi, 22 sentyabrda yaşadığı NSZ qəsəbəsində naməlum şəkildə döyülərək bıçaqlanıb. Hadisənin üstündən 1 il 6 ay vaxt keçsə də, hadisəni törədən şəxslər cəzalandırmayıb. Əksinə, zərərçəkən şəxs Ə. Gülalıyev sonradan təqsirləndirilən şəxsə çevrilib və ona qarşı Bakı şəhər Baş Polis İdarəsinin Ağır Cinayətlər şöbəsində cinayət işi qaldırılıb.

Ana səhifəXəbərlərOqtay Gülalıyev Ali Məhkəməyə kassasiya şikayəti verdi