Oqtay Gülalıyevin həyat yoldaşı həkimləri ittiham edir: Onlar haqqında tədbir görülsün

“Vaxtında lazımi tibbi müdaxilələr edilsəydi, Oqtay komaya düşməzdi”

Source: Meydan TV


“Vaxtında lazımi tibbi müdaxilələr edilsəydi, Oqtay komaya düşməzdi”

Bir il öncə avtomobillə vurlduqdan sonra komaya düşən və hələ də sağalmayan hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı buna görə həm də “Baku City Hospital”ın tibbi heyətini günahlandırır. Firuzə Gülalıyeva noyabrın 16-da məhkəmədə ifadə verərkən bu barədə danışıb.

Nəsimi Rayon Məhkəməsində O.Gülalıyevi ehtiyatsızlıqdan avtomobillə vurmaqda ittiham olunan Kənan Abdullayev haqqında cinayət işinə baxılır. Hakim Azər Tağıyevin sədrliyilə keçirilən məhkəmə prosesində hazırda şahidlərin dindirilməsi mərhələsidir.

F.Gülalıyeva dindirilərkən məhkəmədən “Baku City Hospital”ın həkimlərinin əməllərinə hüquqi qiymət verilməsini istəyib. O bildirib ki, həyat yoldaşının bugünkü duruma düşməyində onların da rolu var. Həyat yoldaşının fikrincə, vaxtında lazımi tibbi müdaxilələr edilsəydi, O.Gülalıyev komaya düşməzdi.

F.Gülalıyevanın sözlərinə görə, Kliniki Tibbi Mərkəzdə olanda hüquq müdafiəçisinin durumu daha yaxşı olub. Onu özəl xəstəxanaya köçürəndə huşunu itirib, lakin vaxtında tədbir görülməyib.

Hakim Azər Tağıyev bildirib ki, həkimlərin məsuliyyətini araşdırmaq məqsədilə cinayət işi ayrılıb.

O.Gülalıyevin vəkili Fuad Ağayev hadisə günü təqsirləndirilən sürücü Kənan Abdullayevin telefonuna gəlib-gedən zənglərin siyahısının mobil operatordan alınması barədə vəsatət qaldırıb. Vəsatət təmin edilib.

Məhkəmə prosesi dekabrın 1-nə qədər təxirə salınıb.

“Baku City Hospital”ın həkimləri isə O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatının gecikməsinə görə onun həyat yoldaşını ittiham edir.

Sözügedən avtomobil qəzası 2019-cu il oktyabrın 29-da paytaxtın 28 May və Puşkin küçələrinin kəsişməsindəki işıqforda baş verib. Hüquq müdafiəçisi piyadalar üçün yaşıl işıqda yolu keçərkən K.Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə onu vurub. Sürüvü dərhal O.Gülalıyevi Kliniki Tibbi Mərkəzə (Semaşko) aparıb. Kənan Abdullayevin sözlərinə görə, O.Gülalıyev yolda gedərkən də, xəstəxanada da danışırmış. Hətta ciddi xəsarəti olmadığını bildirərək, xəstəxanaya aparılmasına ehtiyac olmadığını da söyləyib.

Sonradan yaxınlarının istəyilə onu Kliniki Tibbi Mərkəzdən “Baku City Hospital”a köçürüblər, orada beyin əməliyyatı keçirib. Oradan da Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. Bir neçə gün sonra isə Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün İstanbuldakı klinikaya yerləşdirilib. Bir ilə yaxın orada müalicə olunduqdan sonra noyabrın 7-dən 8-nə keçən gecə Bakıya gətirilib.

K.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 263.1.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsilə ittiham irəli sürülüb. Onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

K.Abdullayev hüquq müdafiəçisinin qəsdən vurulması barədə iddiaları rədd edir. O bildirib ki, bu barədə deyilənlər əsassızdır. Oqtay Gülalıyevi hadisədən əvvəl tanımadığını, ona qarşı qərəzi olmadığını deyən sürücünün sözlərinə görə, hadisə onun diqqətsizliyi nəticəsində baş verib. K.Abdullayev baş verənlərə görə çox peşman olduğunu da vurğulayıb.

Ana səhifəXəbərlərOqtay Gülalıyevin həyat yoldaşı həkimləri ittiham edir: Onlar haqqında tədbir görülsün