Spiker deputatı intizam komissiyasına dəvət edərək onunla söhbət aparılmasını tapşırıb
Milli Məclisin 24 iyunda keçirilən son toplantısında spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında mübahisə yaşanıb.
Trend-in məlumatına görə, Azərbaycanda “tax-free” sisteminin tətbiq edilməsi ilə bağlı Vergilər Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı Z.Oruc Böyük Britaniyanın Avropa İttifaqından çıxması məsələsini vurğulayaraq, Aİ-nın dağılması ərəfəsində “tax-free” sisteminin tətbiqində ehtiyatlı olmağın vacibliyini qeyd edib.
O.Əsədov isə bu məsələnin Aİ ilə əlaqələndirilməsini düzgün hesab etməyərək Z.Oruca irad tutub. O bildirib ki, “tax-free” sistemi təkcə Aİ ölkələrində deyil, dünyanın 130 ölkəsində tətbiq olunur.
Spiker əlavə edib ki, Azərbaycanın bu sistemi tətbiq etməsinin Aİ ilə heç bir əlaqəsi yoxdur.
Z.Oruc isə O.Əsədovun ona irad tutmasına etiraz edib və bu dəyişikliyin əlayhinə səs verəcəyini bildirib.
O.Əsədov Z.Oruca özünü aparmağı bacarmadığını deyib və deputatı intizam komissiyasına dəvət edərək onunla söhbət aparılmasını tapşırıb.