Oqtay Əsədov Zahid Oruca acıqlandı: Heç kimə ”uçeniya” keçmə

İnternet resursları ilə bağlı qanun sərtləşdirildi, pensiya yaşı artırıldı

Source:


İnternet resursları ilə bağlı qanun sərtləşdirildi, pensiya yaşı artırıldı

Martın 10-da Milli Məclisin plenar iclasında İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihəni vitse-spiker, İnsan Hüquqları Komitəsinin sədri Bahar Muradova təqdim edib.

Saytın sahibi xəbərdarlıq alanda həmin informasiyanı dərhal saytdan yığışdırmalıdır

Spiker qeyd edib ki, təklif edilən dəyişikliklərin məqsədi kibertəhlükəsizliyi təmin etməkdən, kiberhücumların qarşısını almaqdan, internet informasiya ehtiyatının yaradılması, uçotu və internet informasiya ehtiyatında informasiyanın yayılması qaydalarını müəyyən etməkdən, internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısını almaqdan, bu qaydaların pozulmasına görə məsuliyyətin müəyyən edilməsindən, informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi sahəsində qanunvericiliyi təkmilləşdirməkdən ibarətdir.

Layihəyə əsasən, saytda yayılması qadağan olunan informasiya aşkar olarsa, müvafiq icra qurumu ona və host provayderə dərhal xəbərdarlıq edəcək. Saytın sahibi xəbərdarlıq alanda həmin informasiyanı dərhal saytdan yığışdırmalıdır. Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya saytdan götürülmədikdə müvafiq orqan saytın məhdudlaşdırılması üçün məhkəməyə müraciət göndərir. Əgər bu informasiya dövlət və cəmiyyət üçün təhlükəlidirsə, məhkəmənin qərarı olmadan müvafiq qurum saytı bağladacaq və bundan sonra məhkəməyə müraciət edəcək. Müvafiq qurumun məhdudlaşdırdığı sayta giriş məhkəmə baxışı başa çatanadək qapalı olacaq. Məhkəmə bu müraciətə 5 gün müddətində baxacaq.

Həmçinin qapadılan resursların reyestri formalaşdırılacaq. Bu məqsədlə müvafiq qurum “Yayılması qadağan edilən informasiyanın yerləşdiyi saytların Siyahısı”nı hazırlayacaq. Provayderlər bu Siyahıya daxil edilən resurslara girişi qapatmalıdır.

Bundan başqa, bütün səviyyələrdən olan provayderlərin uçotu aparılacaq. Provayderlər hüquq-mühafizə orqanlarından, məhkəmə və icra orqanlarından daxil olan sorğular əsasında 3 gün müddətində istifadəçilərlə bağlı məlumatı təqdim etməlidirlər.

Qadağan edilən informasiyalar

Layihəyə əsasən, milli domenlərin qeydiyyatı ilə bağlı yeni qaydalar müəyyən olunacaq. Bütün hüquqi şəxslər öz internet resurslarında özləri haqda mütləq məlumat yerləşdirməlidirlər.

Layihədə qeyd edilir ki, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməməlidir:

– İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terroçuluğa açıq çağırışlar;

– Zorakılığın və dini ektremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və saxlanılmasına, kütləvi iğtişaşların təşkil edilməsinə açıq çağırış;

– Dövlət sirri təşkil edən məlumatlar;

– Odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və üsulları barədə məlumatlar;

– Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və üsulları barədə məlumatlar;

– Pornoqrafiya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar;

– Qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar;

– İntiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədilə yayılan məlumatlar;

– Təhqir və böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar;

– Əqli mülkiyyət hüquqlarını pozan məlumatlar;

– Azərbaycan qanunları ilə yayılması qadağan olunan digər informasiyalar.

Ölkəmizdə internet tam azaddır

Layihə deputatların müzakirəsinə verilib. Deputat Siyavuş Novruzov informasiya təhlükəsizliyi ilə bağlı qanun layihəsini bir qədər də sərtləşdirməyin vacib olduğunu deyib. O qeyd edib ki, sosial şəbəkələrdə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatın tələb edilməsi zəruridir:

“Ölkəmizdə internet tam azaddır. İstənilən adam istədiyini təhqir edir və başa düşmür ki, bunu hər kəs oxuyur. Saxta profil açıb istədiyi fikir yazır. Burada internet portalının sahibi məsuliyyətə cəlb olunmalıdır. Ya da şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməlidir. Xaricdə hər hansı bir portal yaradıb, Azərbaycanın ordusu, əsgəri ilə bağlı yazılar yazırlar, oradan xəbərləri götürüb verənlər olur. Sonra o şəxs bu yalan xəbərləri pozur. Görürsən ki, onlar hansısa bir formada ölkədən qaçanlardır. Bu informasiyalar cəmiyyət təsir edir”.

Deputat mediada intiharlarla bağlı gedən xəbərlərə də münasibət bildirib. O qeyd edib ki, dünyada intiharın sayına görə birinci yerdə olan Avropa ölkələri var, Azərbaycanda intiharların sayının bundan qat-qat az olmasına baxmayaraq, informasiya şişirdilir:

“Sovet vaxtı intihar, avtomobil qəzası yox idi? İnternet saytlarında daha önəmli məsələni kənara qoyub, bu məsələləri populyarlığa görə önə çıxarırlar. Bunu etməklə digərlərini də bunu təhrik edirlər. Televiziyalarımızın hamısı cinayət xronikası verir. Tələm-tələsik informasiyanı cəmiyyətə çatdırmaqla xal qazanmaq düzgün deyil. Bu informasiyalar bəzi insanları mənfi istiqamətlərə yönəldir”.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə bildirib ki, həm ölkədə, həm də kənarda olan bəzi qüvvələr sözügedən qanun layihəsini məhdudlaşdırma kimi qiymətləndirməkdə maraqlıdırlar.

“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edildi

“Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi də müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, layihəyə ümumilikdə 98 dəyişiklik təklif edilir.

Layihədə Azərbaycanda bütün peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddinin artırılması təklif olunur. Layihəyə əsasən, polis və hərbi qulluqçular istisna olmaqla bütün peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajı artırılır. Dövlət qulluqçuları üçün hazırda qüvvədə olan 15 təqvim ilinin 20 təqvim ilinə, prokurorlar üçün 25 təqvim ilinin 35 ilə, o cümlədən digər peşələr üçün də tələb olunan staj ilinin müvafiq olaraq 5 il qaldırılması layihədə əksini tapıb. Layihədə, ümumilikdə, pensiya yaşının artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılması da əks olunub.

H.Rəcəbli qeyd edib ki, qanun layihəsinə edilən təkliflərdən biri də pensiyanın baza hissəsinin ləğvi ilə bağlıdır. Belə ki, əvvəl pensiyanın sığorta hissəsi indeksləşirdi, baza hissəsi indeksləşmirdi:

“Qanun layihəsində pensiyanın baza hissəsi məfhumu aradan götürülür. Bu da insanların ödədiyi məbləğə uyğun olaraq pensiya haqqı deməkdir. Burada baza hissəsi olmayacaq. Pensiyada bir hissə olduğundan indeksləşdirmə olanda daha çox insanlar pensiya məbləğinin artımından faydalana biləcək”.

O qeyd edib ki, pensiya yaşında olan vətəndaşlardan bəziləri işləyir və sosial sığorta haqqı ödəyir:

“Bu dəyişikliklər belə şəxslərin işlədiyinə və sosial sığorta haqqı ödədiyinə görə 6 ildən sonra onun pensiyasının yenidən hesablanmasına imkan verəcək. Bu isə o deməkdir ki, sözügedən dəyişiklik onun pensiya məbləğində artıma səbəb olacaq”.

Digər dəyişikliklə isə vətəndaşın ödədiyi məcburi dövlət sosial siğorta haqqının çox hissəsinin onun fərdi hesabında toplanması ilə bağlıdır:

“Məcburi dövlət sosial sığorta haqqının 22%-ni işəgötürən, 3%-ni isə vətəndaş ödəyir. Vətəndaşın ödədiyi məbləğin 50%-i onun hesabında əks olunurdu, digər 50%-i isə Dövlət Sosial Müdafiə Fondunun sərəncamında qalırdı. Bu ədalətsizlik idi. Bizim təklifimizlə vətəndaşın ödədiyi vəsaitin 50%-i yox, 90%-i onun hesabında toplanacaq. Bu da gələcəkdə onun pensiya məbləğinin yüksək olmasına gətirib çıxaracaq”.

H.Rəcəbli bildirib ki, qanun layihəsində pensiya kapitallarına əlavə olunma imkanlarının yaradılması da nəzərdə tutulur:

“Yəni əgər hazırda şəxs işləyən dövrdə az sosial sığorta haqları ödədiyi üçün pensiyaya çıxa bilmirdisə, artıq imkan yaradılacaq ki, istədiyi bankda hesab açsın və gəlirləri ilə onun üstünə əlavələr etməklə 110 manata çatdırsın ki, artıq pensiya ala bilsin”.

Deputat Fazil Mustafa bəzi peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajının kəskin artırılmasının əleyhinə olduğunu bildirib. O vurğulayıb ki, pensiyaya çıxmaq üçün tələb olunan iş stajının prokurorlar üçün birdən-birə 10 il – 25 təqvim ilinin 35 ilə qaldırılması düzgün deyil. O bu iş stajının 5 il artırılmasını məqbul hesab edib.

O qeyd edib ki, əhalinin elə bir kateqoriyası var ki, onlar yaşa görə pensiyaya çıxmaqda maraqlı deyillər və onlar daha çox yaş müddətinin olmasını istəyirlər. “Amma bəziləri də daha erkən pensiyaya çıxmaq məsələsini dəstəkləyirlər. Bu baxımdan hansı ideal variantın tapılması çox mürəkkəb məsələdir. Ona görə də bu məsələnin tərəfdar və əleyhdarı olacaq. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin aztəminatlı hissəsinə daha az zərər gəlməsi prinsipini əsas götürüb”.

Özəl sektor bu yükü qarşılamağa hazır deyil

F.Mustafa pensiya yaşının artırılmasının əsl səbəbini belə izah edib ki, büdcədə neft vəsaitləti az olduğuna görə, dövlət bu yükü götürə bilmir:

“Özəl sektor isə bu yükü qarşılamağa hazır deyil”.

O əlavə edib ki, Yaponiyada, Almaniyada pensiya yaşı bizdən daha çox – 67 yaş olsa da, orada məşğulluq alternativləri genişdir:

“Bizdə bu alternativ olmadığına görə insanlar bunu həyəcanla qarşılayır. Digər tərəfdən, bizdə orta ömür həddi 70-in altındadır, bir çox insanlar müalicə olunmaq imkanından məhrumdurlar. Xüsusən də pensiyaçı insanların müəyyən problemləri var. Özünüz fikirləşin, hansısa xəstəliklə bağlı müayinə olunmaq 140-160 manatdır. Deməli, bir təqaüdçü öz pensiyası ilə yalnız bir dəfə müayinə olunmaq imkanına malik olacaq. Müalicə xərcləri çox bahadır. Daha çox inkişaf etmiş ölkələrdə tibbi sığortaya görə orta ömür yaşı yüksəkdir”.

Çıxışa yazılan deputatların sayı çox olduğu üçün deputat Zahid Oruc çıxışa başlayan zaman bir neçə deputat çıxış müddətinin 10 dəqiqədən 5 dəqiqəyə endirilməsini təklif ediblər. Yerindən təklif səsləndirən deputalara Zahid Oruc etiraz edib:

“Bu 5 dəqiqə ömrümüzdən nə alacaq ki?! Yaxşı olardı ki, 10 dəqiqə çıxış etmək istəyənin vaxtı kəsilməsin”. Bu isə spiker Oqtay Əsədovun sərt reaksiyasına səbəb olub:

“Ay Zahid, mən demədim ki, 5 dəqiqə danış. 10 dəqiqəlik çıxış etmək istəyirsənsə, et…Heç kim sənə mane olmur. Amma heç kimə “uçeniya” keçmə…”

Zahid Oruc vurğulayıb ki, qanun layihəsinin mütərəqqi müddəaları olsa da, bir çox maddəyə yenidən baxılmalıdır. O vurğulayıb ki, qanunun qəbulundan sonra pensiyaçıların sayı azalacaq:

“Bundan başqa, sosial sığorta haqlarının artırılması təmin edilməlidir. Biz elə etməliyik ki, insanların ömürləri uzansın. Bizdə uzunömürlü insanların sayı əmək qabiliyyətli əhalinin cəmi 6%-ni təşkil edir. Bu digər ölkələrdə 15-20%-dir. Siz deyirsiniz ki, pensiyada olan insanların həyatını dəyişmə yaşı qadınlarda 78,5 yaşdır, kişilərdə isə 77,4 yaş təşkil edir. Biz bunu qəbirlərin üzərindəki rəqəmlərlə müqayisə etmək fikrində deyilik. Amma elə etməliyik ki, insanların bu dəyişiklikləri sərt şəkildə hiss etməsinlər”.

O həmçinin əlavə edib ki, qanunun qəbulu bir çox problemli hallara da səbəb olacaq:

“Tutaq ki, indi qüvvədə olan qanunla mən 14 illik qulluq stajına malikəm. Hazırda qüvvədə olan qanunvericilikdən çıxış edib həyatımı qurmuşam. İndi yeni normaların bizə tətbiqi hüququn baş prinsipinə-vətəndaşların ziyanına geriyə qüvvəsinin olmaması” müddəasına zidd olacaq. Lakin bu hələ hamısı deyil. Üstəlik, gənclərin dövlət orqanlarında, yaxud digər hakimiyyət qollarında təmsilçiliyi daha da çətinləşəcək. 25 və ya 35 il işləmək məcburiyyəti kadrların əvəzlənməsini çətinləşdirəcək. Kreslosunu itirmək istəməmək məcburiyyətə çevriləcək. Yeni qanun nəsillərarası konflikti dərinləşdirə bilər. Özü də günah bu halda böyüklərdə olmayacaq. Çünki onlar gələcək uzunmüddətli qulluq stajını yığmaq üçün məcburən vəzifələrini itirmək istəməyəcəklər”.

Deputat, eyni zamanda, hərbi qulluqçulara və polis orqanlarına yeni dəyişikliklərin şamil olunmamasını təqdir edib.

Problem yaşda deyil

Deputat Əli Məsimli isə vurğulayıb ki, sığorta-pensiya sistemində problem yaşda deyil, əməkhaqqı sistemindədir. O vurğulayıb ki, insanları rəqəmlər deyil, alacağı pemsiyanın məbləği maraqlandırır. “İnsanları ödədikləri sosial sığorta haqqının 144-ə və ya Rusiyada olduğu kimi 234-ə bölünməsi maraqlandırmır. Onları alacaqları pensiya məbləği maraqlandırır. Bizdə əmək haqqının kölgəli olması sosial-sığorta sistemi üçün əsas problemlərdəndir”.

Əli Məsimli qanunun geriyə şamil olunmaması məsələsini də diqqətə çatdırıb. O qeyd edib ki, dəyişikliklır müəyyən şəxslərə müsbət təsir gpstərsə də, bir çoxlarına da mənfi təsir göstərəcək. Onun sözlərinə görə, kimlərə ki, müsbət təsir göstərir, onlara yeni qanun tətbiq edilməli, kimlərə ki, mənfi təsir göstərəcək, o zaman tətbiq edilməməlidir.

Deputat Fərəc Quliyev də həmkarının bu fikrini dəstəkləyib. Deputat Qənirə Paşayeva isə bildirib ki, əmək müqaviləsi olmadan çalışan insanlar var ki, onların pensiya təminatı ilə bağlı problemlər yaranacaq. Əmək müfəttişliyinin bu məsələdə fəaliyyətinin qənaətbəxş olmadığını deyən Q.Paşayeva bildirib ki, bu məsələ gələcəkdə daha ciddi problemlərə səbəb olacaq.

Qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclası yarımçıq tərk etməli olub. Buna səbəb nazirin vacib məsələ ilə bağlı ölkə Prezidentinin yanına çağırılması olub. Məlumatı parlamentin iclasına sədrlik edən spiker Oqtay Əsədov verib. O deyib:

“Biz Səlim müəllimi də müzakirələrə dəvət etmişdik. Ancaq, o, üzrlü səbəblərdən iclası yarımçıq tərk etməli oldu, onu ölkə prezidenti çağırdı. Biz müzakirələrə başlayaq, Səlim müəllimin müavini də gəlməlidir, gələndə ona da söz verərik”.

Müzakirələ qatılan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, pensiya sisteminin dayanıqlığı, sığorta prinsiplərinin qorunması, demoqrafik dəyişikliklər bu sahədə islahatları zəruri edir. O qeyd edib ki, qanun layihəsində dəyişikliklərdən biri illik indeksləşdirmə ilə bağlıdır:

“Əgər əvvəllər pensiyanın sığorta hissəsi indeksləşdirilirdisə, qanunun qəbulundan sonra bütün pensiya məbləği indeksləşdiriləcək. Bundan başqa, vətəndaşın ödədiyi məbləğ minimum əmək haqqına bərabər olduğu təqdirdə ondan 12 illik staj tələb olunmayacaq”.

İ İsayev qeyd edib ki, ölkədə pensiyada olan kişilər orta hesabla 14,4, qadınlar isə 18,5 il yaşayır: “Güzəştli şərtlərlə pensiyaya çıxanların pensiya alma müddəti daha çoxdur. Beləliklə, 2006-cı ildə qəbul edilən qanuna görə, bu göstərici qadınlar üzrə pensiya yaşını 6,5 il, kişilər üzrə isə 2,4 il üstələyir. Bu da sığorta-pensiya sisteminin maliyyə yükünün artıq olmasına səbəb olur. Gələcəkdə özünümaliyyələşdirmə sisteminə keçəcəyimizi nəzərə alsaq, qarşımızda iki yol var. Bunlardan biri ya pensiya məbləğinin təyin olunması üçün əsas götürülən 144 ay digər xarici dövlətlərdə olduğu kimi artırılmalı, ya da pensiya yaşı 65-ə çatdırılmalıdır. Araşdırmalar göstərir ki, biz 144 ayı 204 aya qədər artırsaq və pensiya təyini üçün ödənilən məbləği 204-ə bölsək, sığorta olunanların əksəriyyətində alınan rəqəm minimum pensiya məbləğindən aşağı olacaq. Bu isə o deməkdir ki, onlar daha çox çalışmalı və pensiya hüququ əldə etmək üçün bu müddət ərzində sosial sığorta haqqı ödəməlidir və tələb olunan sosial sığorta kapitalı toplamalıdır”.

Nazir müavini əlavə edib ki, qanuna dəyişikliklər qəbul olunsa, kişilərin pensiya yaşı 4 il ərzində, qadınların pensiya yaşı 10 il ərzində 65-ə çatdırılacaq. Başqa sözlə, qanun layihəsinə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər, qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.

İ.İsayev əmək haqlarının leqallaşdırılmasının vacib olduğunu vurğulayıb: “Müvafiq hesablamalar və təhlillər aparmışıq. Bu təhlillərə uyğun olaraq müvafiq tədbirlər nəzərdə tutulub. İlk addım kimi, əmək müqavilələrinin qeydiyyatı sistemini yaratmışıq. Eləcə də Əmək Müfəttişliyinin nəzarət tədbirləri ilə bağlı planlar var”.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib. Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək. Bu dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək.

Milli Məclisdə bir sıra qanunlara dəyişiklik edilib

Milli Məclisin iclasında daha bir sıra qanunlara dəyişiklik edilib. Öncə “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsi 5 fəsil 24 maddədən ibarətdir. Qanuna görə, məktəbəqədər təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycanın hüquqi şəxsləri və vətəndaşları ola bilərlər. Məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir. Bu təhsil müəssisələrinə yalnız ali təhsilli və bu sahədə ən azı 5 il təcrübəsi olan şəxslər rəhbər təyin oluna bilərlər.

Qanun layihəsi məktəbəqədər təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək.

Layihədə bildirilir ki, məktəbəqədər təhsil sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartlarının tələbləri yerinə yetirilmədikdə onların lisenziyası ləğv edilir.

Layihəyə əsasən, məktəbəqədər yaşda uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyən edilib. Bunlar körpələr evi, körpələr evi-uşaq bağçası, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumi təhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kompleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanator tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meylli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisəsidir.

Bunlar arasında sanator tipli uşaq bağçaları, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri və uşaq inkişaf mərkəzi yeni növ məktəbəqədər təhsil müəssisələri olacaq.

Bildirilir ki, məktəbəqədər təhsil sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartlarının tələbləri yerinə yetirilmədikdə, onların lisenziyası ləğv edilir.

Layihə ikinci oxunuşda səsə qoyularaq, qəbul edilib.

Ana səhifəXəbərlərOqtay Əsədov Zahid Oruca acıqlandı: Heç kimə ”uçeniya” keçmə