Oqtay Əsədov: Qarşıdakı 3 il ərzində iqtisadi artım proqnozlaşdırılır

Source:


Nazim Bəydəmirli: ”Yaxın illərdə iqtisadiyyatımızı daha ciddi tənəzzül gözləyir”

“Dünyanın əksər ölkələrinin iqtisadiyyatında mənfi tendensiyalar, makroiqtisadi problemlər Azərbaycan iqtisadiyyatına da təsir edib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin iclasında sədr Oqtay Əsədov deyib. O bildirib ki, neftin qiymətinin 3 dəfə aşağı düşməsi Azərbaycanın valyuta gəlirlərinin azalmasına səbəb olub:

“Buna görə də Azərbaycan Mərkəzi Bankının monetar siyasətində müvafiq dəyişiklik edilməsi zərurəti yaranıb. Azərbaycan prezidentinin düşünülmüş və uğurlu siyasəti nəticəsində mövcud problemlərə baxmayaraq, ölkə iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb. 2017-ci il və qarşıdakı 3 il ərzində iqtisadi artım proqnozlaşdırılır. Gələn ilin dövlət büdcəsində qeyri-neft sektorundan daxilolmaların artırılması nəzərdə tutulur. Dövlət Neft Fondundan transfertlər 1,5 milyard manat azaldılaraq 6,1 milyard manat proqnozlaşdırılır. Dövlət Neft Fondundan transfertlərin azaldılması yaxın illərdə də davam edəcək”.

İqtisadçı, sabiq deputat Nazim Bəydəmirli Meydan TV-yə deyib ki, Maliyyə Nazirliyinin açıqladığı rəqəmlər baxımından parlament spikeri doğrunu söyləyib:

Nazim Bəydəmirli foto Meydan TV

“Ancaq real vəziyyətə baxaq. Azərbaycan karbohidrogen ehtiyatlardan asılı ölkə olduğundan iqtisadiyyat hələ şaxələnməyib. Hökumət bölgələrin sosial-iqtisadi inkişafına vəsait ayırsa da, bunların real sektora dəxli olmayıb. Adi bir misal, dükanlarda satılan 30 məhsulun 3-4-ü yerli istehsaldır, onların da qablaşdırılması Azərbaycanda həyata keçirilib. Bu mənada daxili bazarı yerli məhsullarla təmin edə bilmiriksə, deməli, ixrac potensialı da aşağıdır. Başqa bir problem satış məhdudiyyəti ilə bağlıdır. Sahibkarlığa Kömək Milli Fondunun saytına diqqət edilsə, görərsiniz ki, hansı sahələrə nə qədər vəsait yatırılıb və nəticəsi nədən ibarətdir. Bu mənada ölkənin istehlak mallarından asılı olması nikbin olmağa əsas vermir. Başqa bir problem, Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə, 2025-ci ilə qədər neftin orta illik qiyməti 50 dollardan yuxarı olmayacaq. Həm də izafi xərclər, mənimsəmələr neftin maya dəyərini çox yüksəldir. Sadalananlar yaxın illərdə iqtisadiyyatımızı daha ciddi tənəzzül gözlədiyini göstərir”.

O “30-40 min məmurun bir hissəsini ixtisar etməyə getmirik, ancaq əhalinin ən azı 78 faizinin real gəlirlərinə təsir edəcək kommunal xidmətlərin tariflərinin bahalaşmasına gediriksə, mən Azərbaycan iqtisadiyyatının gələcək perspektivlərinə pessimistəm”-deyərək fikrini yekunlaşdırıb.

Ana səhifəXəbərlərOqtay Əsədov: Qarşıdakı 3 il ərzində iqtisadi artım proqnozlaşdırılır