Oqtay Əsədov: Kristian Vigenin kimi insanların vəzifə tutması səviyyəsizlikdir

”Azərbaycan heç bir ”böyük qardaş”la hesablaşmır”

Source:
Oktay Əsədov
Oktay Əsədov


”Azərbaycan heç bir ”böyük qardaş”la hesablaşmır”

“Bir sıra mənbələrdən Azərbaycan əleyhinə yazılar dərc edilir, bəyanatlar səsləndirilir. Hesab edirəm ki, bu qərəzlilik aradan qaldırılmalıdır”.

Meydan TV xəbər verir ki, bunu bazar ertəsi Milli Məclisin payız sessiyasının ilk plenar iclasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bəyan edib ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycan haqqında qərəzli qərarlar qəbul etmək istəyirlər.

“Elə ölkələr var ki, Avropa Şurasının, digər təşkiların üzvüdür və öhdəliklərini yerinə yetirmir. Amma bunlar haqqında heç bir iş görülmür, qərar qəbul edilmir. Türkiyə və Azərbaycan haqqında isə qərəzli fikirlər səsləndirilir. Bizim siyasət balanslaşdırılmış siyasətdir. Azərbaycan bir çox beynəlxalq, nüfuzlu yarışlara ev sahibliyi edir. Bu da xaricdə yaşayan erməni lobbisini və Azərbaycanda onlara dəstək verənləri narahat etməyə başlayıb”, – S.Novruzov deyib.

“Bizə göstəriş vermək lazım deyil”

Konkret olaraq Avropa Şurası ilə Azərbaycan arasındakı münasibətlərə toxunan S.Novruzov bildirib ki, Azərbaycan öz öhdəliklərini tam yerinə yetirir.

Siyavuş Novruzov

“Azərbaycan müstəqil dövlətdir, heç bir “böyük qardaş”la hesablaşmır. Azərbaycana qarşı qarayaxma kampaniyasını aparanlar erməni lobbisi tərəfindən maliyyələşirlər. Azərbaycanın öz dəyərləri var, məsələyə bu prizmadan yanaşmaq lazımdır. Göstəriş vermək lazım deyil”.

“Bu cür tərəfli mövqedə olanların vəzifə tutması səviyyəsizlikdir”

Onun fikirlərinə münasibət bildirən spiker Oqtay Əsədov vurğulayıb ki, Azərbaycana qarşı ikili standartlar hər zaman olub. O.Əsədov ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin fəaliyyətini də tənqid edib.

O, bildirib ki, Kristian Vigenin bu yaxınlarda Bakıda olarkən yalnız Milli Məclis rəhbərliyi və vətəndaş cəmiyyəti ilə görüşəcəyini deyib.

“Ermənistanda isə o, ölkənin bütün rəhbərliyi ilə görüşdü. Burada dediyi sözlərin hamısı saxta və yalan oldu. O, Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələri ilə bir masa arxasında oturdu. Bu ikili standartlar həqiqətən də bizi yorur”, – O.Əsədov deyib.

Kristian Vigenin

Spiker bildirib ki, Azərbaycan parlamentinin ATƏT PA-dakı nümayəndə heyəti tam tərkibdə Andorrada ATƏT-in iclasında iştirak edir.

“Orada Azərbaycanla bağlı təkliflər irəli sürəcəklər. Kristian Vigenin kimi insanların Cənubi Qafqaz üzrə xüsusi nümayəndə olması, düzgün deyil. Tərəfli mövqedə olan insanların belə vəzifə tutması səviyyəsizlikdir. Biz belə məsələlərə çox rast gəlmişik. Ölkəmizdə səfərdə olanda, təkliflə çıxış etdik ki, ATƏT-in Minsk qrupunun tərkibi genişləndirilsin, o da buna razılığını bildirdi. Azərbaycanda bir, Ermənistanda başqa söz danışırlar. Bunlar faktdır”.

Spiker Azərbaycan prezidentinin BMT tribunasından çıxış edərkən Qərb təşkilatlarının ikili standartlara yol verdiyini bəyan etməsini də xatırladıb.

“Qara siyahı”da olan şəxslərin çoxu ATƏT-in Minsk qrupuna aid olan ölkələrin vətəndaşlarıdır”

Deputat Qənirə Paşayeva isə Azərbaycan ərazisinə qanunsuz səfər edən şəxslərlə bağlı çıxışı zamanı ATƏT-in Minsk qrupuna aid olan ölkələri sərt tənqid edib.

“Azərbaycan Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə bağlı “Qara siyahı”sında 649 şəxsin adı var. Lakin burada ən təəssüfedici məqam həmin şəxslərin çoxunun ATƏT-in Minsk qrupuna aid olan ölkələrin vətəndaşları olmasıdır. Siyahıda yer alan şəxslərin 160-ı Rusiya, 40-ı Fransa, 50-si ABŞ, 45-i İtaliya, 50-si Almaniya vətəndaşıdır. Bu, narahatedici məqamdır”, – Q.Paşayeva deyib.

Qənirə Paşayeva

O bildirib ki, Minsk qrupuna daxil olan ölkələr Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ədalətli mövqe tutmaq əvəzinə, sərhədlərimizi pozurlar.

“Biz bu siyahıya baxdıqda həmin şəxslərin adi turist deyil, keçmiş səfir, nazir, millət vəkillərinin olduğunu görürük. Son beş ildə bu tendensiya daha da artıb. Ona görə də daha sərt tədbirləri özündə əks etdirən, işğal edilmiş ərazilərlə bağlı qanun qəbul edilməlidir”.

Q.Paşayeva Türkiyə vətəndaşlarının da qanunsuz Xankəndinə səfər etməsi məsələsinə toxunaraq, bunun xoşagəlməz hal olduğunu deyib.

“Yaqland səlahiyyət çərçivəsini aşır”

Deputat Aydın Mirzəzadə deyib ki, Avropa Şurasının baş katibi Yaqland təşkilatın statusundan istifadə edərək Azərbaycana qarşı kampaniya aparır.

Aydın Mirzəzadə

“O, artıq öz səlahiyyətlərinin çərçivəsini aşır. Azərbaycan Avropa Şurasına öz dəyərlərinə söykənərək şüurlu şəkildə qəbul olunub. Lakin Yaqland Azərbaycanla təşkilat arasında soyuqluq yaratmağa, körpüləri yandırmağa çalışır. Onun hərəkətləri Avropa Şurasının nüfuzuna xələl gətirir. Avropa Şurası və AŞPA bu məsələyə qiymət verməlidir. Heç kim heç bir halda Azərbaycana qarşı kurator vəzifəsini yerinə yetirə bilməz. Azərbaycandan beynəlxal hüquq normalarına  zidd hərəkət tələb etmək beynəlxalq diplomatik etikanı pozmaq deməkdir. Yaqland bilməlidir ki, Azərbaycan qarşı qeyri-qanunu addımlar atmaqla heç nə əldə etməyəcək”.

Ana səhifəXəbərlərOqtay Əsədov: Kristian Vigenin kimi insanların vəzifə tutması səviyyəsizlikdir