Oqtay Əsədov: Əməkhaqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq?

Layihə birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Source:


Vahid Əhmədov: ''Büdcə icrasının yalnız 3 nazirə aidiyyatı var?''

“Parlamentdə dövlət büdcəsinin qəbulu ilə bağlı keçirilən müzakirələrdə hökumətin bütün üzvləri iştirak edir, amma büdcənin icrası ilə bağlı iclasda cəmi 3 nazir var. Digər nazirlər arxayındırlar ki, büdcə qəbul edilib, gəlməyə ehtiyac görmürlər?”

Deputat Vahid Əhmədov parlamentdə “2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı belə deyib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü bildirib ki, müəyyən xərclər var ki, bunlar araşdırılmalıdır: “Bunun üçün isə hökumətin üzvləri iştirak etməlidir. Sanki büdcə yalnız Şahin Mustafayev Mikayıl Cabbarov və Samir Şərifova aiddir. Hesab edirəm ki, büdcənin icrası geniş müzakirə obyekti olmalıdır. Çünki müəyyən xərclər olur və bunları millət vəkilləri bilməlidir, araşdırmalıdır”.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, nazirlərin iştirak etməməsinin obyektiv səbəbi var:

“Hökumət üvlərinin hamısının plenar iclasda iştirak etməməsinin səbəbi Polşa prezidentinin Azərbaycana səfəri ilə bağlıdır. Onlar dövlət rəhbərlərinin görüşlərində və sənədlərin imzalanmasında iştirak edir”.

Vahid Əhmədov çıxışında onu da deyib ki, ötən il Azərbaycanın rayonlarında dövlət büdcəsi vəsaitlərinin xərclənməsi nisbəti 28% təşkil edib:

“Mən o rayonların adlarını çəkmək istəmirəm, amma Samir Şərifovdan (maliyyə naziri) xahiş edirəm ki, sənəddə göstərsin və deputat da bilsin ki, hansı icra başçıları vəsaitləri xərcləmir. Əgər onlar xərcləyə bilmirsə, versinlər şimal zonasına – Quba, Qusar, Xaçmazda biz onu xərcləyək”.

Vahid Əhmədov
Vahid Əhmədov

Deputat ticarət mərkəzlərində nağdsız hesablaşmaların az olduğunu da vurğulayıb.


Spiker POS-terminallarla bağlı nazirə müraciət etdi

Deputatin dediyini parlamentin sədri Oqtay Əsədov da təsdiqləyib. O bildirib ki, POS-terminalların işləməməsi ilə bağlı onlara çox sayda şikayət daxil olur. O, bununla bağlı vergilər naziri Mikayıl Cabbarova müraciət edərək tədbir görülməsini istəyib: “POS-terminalların fəaliyyəti haqqında bir qərar fikirləşmək lazımdır. Sürətli internet və digər imkanlar, bir sözlə, hər cür şərait qurulub. Belə olan halda, POS-terminallar niyə işləməli deyil? Deputatların 30-40 faizi şikayət edir ki, nə edək, POS-terminallar işləmir? Əməkhaqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq? Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayın”.


“İcra hakimiyyətlərinin bəziləri nə özləri bir iş görür, nə də iş görənlərə imkan verirlər”

Müzakirələrdə deputatlar müxtəlif təkliflərlərlə çıxış ediblər. Deputat Əli Məsimli deyib ki, struktur islahatları çərçivəsində publik hüquqi şəxslər yaradılsa da, onların vasitəsilə qat-qat çox vəsait xərclənir. O bildirib ki, məsələ Hesablama Palatasının rəyində də əksini tapıb:

“Digər tərəfdən, yerlərdə icra hakimiyyətlərinin bəziləri nə özləri bir iş görür, nə də iş görənlərə imkan verirlər”.

Deputat Qənirə Paşayeva bildirib ki, kəndlərə qaz çəkilən zaman fərqli yanaşma müşahidə olunur:

“Sovet dövründə qaz xətləri çəkilmiş insanların evlərinə qaz verilir, qaz sayğacı qoyulur, ancaq 10-15 il əvvəl tikilən evlərə qaz verilmir. Deyirlər ki, bunun üçün həmin sakinlər özləri evlərinə qaz xətləri çəkməlidir. Belə ayrı-seçkilik etmək olmaz. Tovuz rayonunda kəndlərdə belə problemlər var”.

Qənirə Paşayeva
Qənirə Paşayeva

Deputat nəzərə çatdırıb ki, Tovuzda iki mədəniyyət evinin tikintisi yarımçıq qalıb: “Bu mədəniyyət obyektlərinin tikintisinin başa çatdırılmasına diqqət yetirmək lazımdır. Əks halda, yarımçıq tikililər də dağılacaq”.


“Mənzil-kommunal təsərrüfatları ilə bağlı olan qurumların özəlləşməsinə ehtiyac var”

Deputat Azay Quliyev bildirib ki, mənzil-kommunal təsərrüfatları bağlı çox ciddi problemlər var.

“Büdcədən 451 milyon manat vəsait ayırmışıq. Doğrudan da, bu gün mənzil-kommunal təsərrüfatları ilə bağlı olan qurumların özəlləşməsinə ehtiyac var. Təkcə təmsil olunduğum Binəqədi rayonunda 400-dən çox istifadəyə yararsız lift var. Hesab edirəm ki, bu gün bunun həlli çox vacibdir. Həmçinin ayrılan vəsaitin necə xərclənməsi də sual doğurur. Yaxud da Xocəsən qəsəbəsində mədəniyyət evinin yenidən qurulması ilə bağlı 30 min manat vəsait ayrılıb. Ancaq bu vəsaitin icrası təmin olunmayıb. Hörmətli maliyyə nazirindən bu məsələyə diqqət ayırmasını xahiş edərdim.

azay_guliyev_190515_02.jpg
Azay Quliyev

Eyni zamanda avtomobil yolları ilə bağlı məsələdən də danışa bilərik. Düşünürəm ki, bu sahədə indiyə qədər işlər görülsə də, Bakı və ətraf kəndlərdə elə yollar var ki, onlara yenidən baxılmalı və təmir edilməlidir. Bu baxımdan da avtomobil yollarına ayrılan vəsaitin şəffaflığı təmin olunmalı və görülən işlər açıq şəkildə Milli Məclisdə göstərilməli və qeyd olunmalıdır.

Layihəni İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziya Səmədzadə təqdim edib. O bildirib ki, 2018-ci ildə xarici ticarət dövriyyəsi 30,9% artaraq, 31,8 milyard dollar təşkil edib. 20,3 milyard manat tədiyyə balansında müsbət saldo yaranıb. Valyuta ehtiyatımız ötən ildə 44,5 milyard manat olub. Dövlət büdəcsinin gəlirləri üzrə proqnozlar artıqlaması ilə yerinə yetirilib”.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, iqtisadiyyatda faktiki yaradılmış ümumi daxili məhsulun nominal həcmi 79.8 milyard manat olub, real ifadədə artım 1.4% təşkil edib. İqtisadi artımın təqribən 81%-i qeyri-neft sektoru hesabına təmin olunub.

Layihə birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Ana səhifəXəbərlərOqtay Əsədov: Əməkhaqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq?