Faizl Mustafa: ''Bu, feodal qaydaları ilə vətəndaşın hüquqlarının pozulması nümunəsidir''
“Ölkədə bu boyda islahatlar gedir, cənab prezident tərəfindən işlər görülür, bir dəfə görmədik ki, bu müsbət məsələləri deyəsiniz. Çıxışınızın hanısı çatışmazlıqlara yönəlib”.
Bunu Milli Məclisin sədri Oqtay Əsədov deputat Fazil Mustafanın sahibkarlıq sahəsində olan problemlərlə bağlı çıxışına münasibət bildirərkən deyib.
Mayın 30-da deputat Fazil Mustafa çıxışında bildirib ki, tikinti sektorunda yoxlamaların bərpa olunması ilə bağlı qanunvericiliyə dəyişiklik etməklə bu sahədə çöküş üçün zəmin hazırlanır:
“Onsuz da vergi sahəsində aparılan yoxlamalar kifayətdir ki, istənilən sahəyə istisna qaydasında yoxlama tətbiq etmək mümkün olsun. Sahibkarlıarın hüquqlarının pozulması 3 istiqamətdə özünü daha qabarıq göstərir. Birincisi, sahibkar banklardan əlverilşli şərtlərlə kredit ala bilmir. İkincisi, sahibkar özü mülkiyyət hüququnu təsdiq etmək hüququndan məhrumdur. Üçüncüsü, sahibkarın hələ də vergidən başqa qeyri-qanunu ödənişlər etməsi və hüquqlarını qoriyacaq məhkəmə mexanizminin olmamasıdır. Bu üç komponent sahibkarlığın qarşısında əsas maneədir və ölkə prezidenti tərəfindən atılan çox sayda müsbət addımlara həyata keçməsinə mane olan amillərdəndir”.
Bank sahəsindəki problemə toxunan deputat deyib ki, ölkədə kapital bazarı zəif inkişaf etdiyindən, sahibkarlar pul resurslarını əsasən bank sektorundan əldə edirlər.
“Ancaq devalvasiyanın bank sektorunu çətin vəziyyətə salması biznesin yeganə mənbəyə çıxışını da məhdudlaşdırıb. Səbəb isə bankların kredit şərtlərini sərtləşdirməsi və risklərin artmasıdır. Bank sektoru daha çox qiymətli kağızlar bazarına yönəlir ki, bunu Mərkəzi Bank rəhbərliyi də etiraf etdi. Ona görə də sahibkarlara verilən kreditlərin məbləği 2015-ci ildə 21 milyard manat idisə, 2018-ci ildə 11 milyard manata qədər enib. İlk növbədə bu problemin həllinə çalışmalıyıq”.
F.Mustafa vurğulayıb ki, Azərbaycanın əksər ticarət mərkəzlərində sahibklarlar mülkiyyət hüquqlarının tanınması istiqamətində Konstitusiyanın və qanunların verdiyi hüquqları gerçəkləşdirə bilmir:
“Konkret misal olaraq, ən iri ticarət mərkəzi “Binə” və “Sədərək”də ümumilikdə 7-8 min mağaza fəaliyyət göstərir və 30 min vətəndaşı əhatə edir. Oradakı bütün mağazalar sahibkarlara deyil, ticarət mərkəzlərinin rəhbərlərinə aiddir. Bu, ona oxşayır ki, pul verib ev alırsan, sonra binanı tikən gəlib deyir ki mənzil sənin olsa da, burada kirayəçi kimi yaşamalısan. 70-80 min manatdan başlamış, 200-250 min manatadək vəsait ödəyərək mağazaları alsalar da, alqı-satqı qeyri-rəsmi əməliyyatlar aparıldığı üçün onların mülkiyyət hüququ tanınmır. Hətta onların üzərinə aylıq icarı haqqı ödəmək öhdəliyi də qoyulur. 50 m/kv mağaza üçün hər ay 1250 manat icarə haqqı ödəyirlər. İnternet, işıqpulu, hətta ayaqyolu və şlaqbaum üçün də əlavə pul ödəyirlər. Bu, feodal qaydaları ilə vətəndaşın hüquqlarının pozulması nümunəsidir”.
Deputat əlavə edib ki, hüquqları pozulan sahibkarların məhkəmə təminatı da yoxdur:
“Sahibklarlar aylarla məhkəmələrə gedib gəlmələrinə, vəkilə və s. xərclərə düşmələrinə baxmayaraq, nəticə əldə edə, hüquqlarını bərpa edə bilmirlər. Məhkəmə sahəsində olan daha bir məqam azadlıqdan məhrumetmə cəzalarının çox olmasıdır. Digər ölkələrlə müqayisədə bu rəqəm həddən artıq yüksəkdir”.
Spiker Oqtay Əsədov isə bu kimi məsələləri çox şişirtməməyə çağırıb: “Azərbaycanı Tacikistanla müqayisə edirsiniz. Xahiş edirəm, bu məsələləri çox şişirtməyin. Yeddi dəqiqə danışdınız, Azərbaycanda gedən işlər barədə müsbət bir söz söyləmədiniz. Hamısı mənfi məsələlər oldu”.
Deputat Fazil Mustafa Milli Məclis üzvlərinin hüquq və səlahiyyətlərinin genişlənməsini təklif edib. O vurğulayıb ki, son vaxtlar əsasən deputatın intizamı məsələsi ilə bağlı dəyişikliklərə diqqət yetirilir:
“Deputatların hüquq və səlahiyyətlərinin artırılması, qanunların icrasına nəzarət mexanizmində rolu olması yaxşı olardı. Məsələn, deputatlar məhkəmə-hüquq islahatları prosesinə cəlb edilməlidir. Deputatların bu islahatlara dəstək vermək təmayülü hiss olunmur. Bu barədə düşünmək lazımdır. Milli Məclisdə iclaslarda iştirak etmək vacibdir, amma əsas ağırlığı məhsuldar çalışmağa yönəltmək lazımdır”.
Spiker Oqtay Əsədov isə intizam məsələsinin önəmli olduğunu deyib:
“Milli Məclisin Daxili Nizamnaməsində də qeyd edilib ki, deputatlar əsasən gündəlik ətrafında çıxış etməlidir. Xahiş edirəm, bu məsələləri “Deputatın statusu haqqında” qanununa dəyişiklik layihəsi müzakirə edilərkən qaldırın”.