Əsəbiləşən spiker gündəliyi səsverməyə çıxarmağı unudub
Noyabrın 28-də Milli Məclisin iclası spiker Oqtay Əsədovun Avropa Parlamentinə və onun rəhbəri Martin Şultsa qarşı yönəlmiş qəzəbli çıxışı ilə başlayıb.
Spiker Şultsu ictimai fəalların, xüsusən hüquq müdafiəçisi Leyla Yunusun hüquqlarını pozmağa görə Azərbaycanın ünvanına ədalətsiz tənqiddə ittiham edib.
O.Əsədov Avropa Parlamentini “mədəniyyətsiz və yalançı” adlandırıb: “Şults AP-nin guya nümayəndələrinin həbs edilmiş hüquq müdafiəçilərinə baş çəkmək üçün Azərbaycana buraxılmadığını iddia etməklə “yalan danışır. Biz Avropa Parlamentindən belə bir məktub almamışıq. Mən bu barədə Avropa Parlamentinə yazdım və cavab almadım. Bundan sonra onlar bizə mədəniyyət öyrədirlər?”
Oqtay Əsədov daha sonra avropalılara nöqsanlarını – antisemitizmi, irqçiliyi, müsəlmanlara zülm edilməsini xatırladıb.
“Avropada 2 müsəlman ölkəsi var, Avropa Parlamenti isə bu dövlətləri tənqid etmək üçün fürsəti əldən vermir. Onlar bizə necə münasibət göstərirsə, biz də onlara elə münasibət göstərəcəyik”, deyən Əsədov hansı dövlətlərin şərəfini müdafiə etmək istədiyini dəqiqləşdirməyib.
Spiker o dərəcədə əsəbiləşib ki, gündəliyi səsverməyə çıxarmağı unutduğunu etiraf edib.