Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr qlobal bazarda xam neftin artıq təklifi ilə bağlı narahatlıqları aradan qaldırmaq məqsədilə gələn ilin ilk rübündə neft hasilatının artırılmasını dayandırmaq barədə razılığa gəliblər.
Əlcəzair, Küveyt, İraq, BƏƏ, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Oman və Rusiya kimi OPEC və OPEC+ üzv ölkələrinin energetika nazirləri tərəfindən bazar günü keçirilən iclasda dekabr ayının sonunadək gündəlik hasilatın 137 min barel artırılması, 2026-cı ilin yanvar-mart aylarında mövsümi amillərə görə hasilat artımlarının dayandırılması qərara alınıb.
Bu qərar son bir il ərzində gündəlik hasilat kvotasını təxminən 2,9 milyon barel artıran OPEC+ siyasətində dönüş nöqtəsi hesab olunur. Qrup, bazar təklifinin çoxalması ilə bağlı artan narahatlıqlar fonunda, neft qiymətlərində mümkün enişin qarşısını almaq üçün son aylarda hasilat artımını yavaşlatmağa üstünlük verib.
Təşkilatın bəyanatında vurğulanır ki, gündəlik 1,65 milyon barellik azaldılma zərurəti yaranarsa, bazar şəraitindən asılı olaraq tam və ya qismən bərpa oluna bilər.
“OPEC+ ölkələri bazardakı vəziyyəti yaxından izləmək və sabitliyi qorumaq üçün ehtiyatlı yanaşma sərgiləməyə davam edəcəklər. Eyni zamanda, 2023-cü ilin noyabrında elan edilən 2,2 milyon barel həcmindəki əvvəlki könüllü hasilat azaldılmasının da ehtiyac yaranarsa, dayandırılması və ya tənzimlənməsi mümkündür”, – bəyanatda qeyd olunur.
Ölkələr həmçinin 2024-cü ilin yanvar ayından etibarən yaranan artıq hasilatı tam şəkildə kompensasiya etmək niyyətlərini açıqlayıblar. OPEC+ üzvləri hər ay bazar şəraitini, hasilatın uyğunluğunu və kompensasiya prosesini qiymətləndirmək üçün görüşlər keçirəcəklər.
Növbəti görüşün 30 noyabr 2025-ci ildə keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, OPEC+ aprel ayından etibarən gündəlik hasilatı təxminən 2,9 milyon barel və ya qlobal tədarükün təxminən 2,7 faizi qədər artırıb . Lakin bazarda təklifin çoxalması səbəbindən oktyabr ayında bu artım tempi yavaşlayıb. Nəticədə oktyabrın 20-də neftin qiyməti son beş ayın ən aşağı səviyyəsinə enərək təxminən 60 dollar/barel təşkil edib.
Analitiklər nə düşünür?
OPEC+ ölkələrinin gələn ilin birinci rübündə hasilat artımını dayandırmaq qərarından sonra bazar ertəsi birjalar neft qiymətlərinin yüksəlişi ilə açılıb. Bu, tədarük bolluğu ilə bağlı artan narahatlıqları qismən azaldıb.
Reuters xəbər verir ki, “Brent” markalı neftin fyuçersləri 28 sent və ya 0,43% artaraq bareli 65,05 dollar, ABŞ-ın Qərbi Texas nefti (WTI) isə 25 sent və ya 0,41% artaraq bareli 61,23 dollar olub.
ING Bankın Əmtəə Tədqiqatları Departamentinin rəhbəri Warren Patterson “Reuters”ə bildirib ki, OPEC+ qərarı bazarın xüsusilə gələn ilin əvvəlində qarşılaşa biləcəyi böyük profisitin (artıqlığın) etirafı kimi görünür.
“Aydındır ki, artıqlığın miqyası ilə bağlı hələ də kifayət qədər qeyri-müəyyənlik var. Bu, ABŞ sanksiyalarının Rusiya neft axınına nə dərəcədə təsir göstərəcəyindən asılı olacaq”, – o əlavə edib.
RBC Capital Markets-in Əmtəə Strategiyası Departamentinin rəhbəri Helima Kroft da qeyd edib ki, ABŞ-ın Rusiyanın aparıcı neft istehsalçıları “Rosneft” və “Lukoyl” şirkətlərinə sanksiyalar tətbiq etməsi, eləcə də Ukrayna müharibəsi çərçivəsində ölkənin enerji infrastrukturuna zərbələrin davam etməsi fonunda Rusiya hələ də əsas təchizat amili olaraq qalır:
“Birinci rübün tədarük mənzərəsindəki qeyri-müəyyənliyi və gözlənilən tələbin yumşalmasını nəzərə alaraq, ehtiyatlı yanaşma üçün kifayət qədər əsas var”.
Oktyabr ayında neft qiymətlərinin kəskin enişindən sonra analitiklər OPEC+ qərarlarının bazara təsirini nisbətən nikbin qiymətləndirirlər.
Beynəlxalq analitiklər neft qiymətləri ilə bağlı proqnozlarını əsasən dəyişməz saxlayırlar. Onların fikrincə, OPEC+ hasilatının artması və qlobal tələbin zəifləməsi bazardakı geosiyasi riskləri qismən kompensasiya edir.
Hazırda dünya bazarında neft profisiti (artıqlığı) sutkada 190 min – 3 milyon barel arasında dəyişir. ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, ABŞ-ın xam neft hasilatı avqust ayında sutkada 86 min barel artaraq rekord səviyyə -13,8 milyon barelə çatıb.
“Saudi Aramco”nun baş icraçı direktoru Amin Nasser bir müddət əvvəl bazarda profisitin yüksək olmasından narahatlığını ifadə etsə də, oktyabrın 28-də bu fikrindən geri çəkilərək bildirib ki, “Tələb güclüdür və bazar əsasları da güclüdür.”
Eyni fikri “TotalEnergies”in baş icraçı direktoru Patrick Pouyanné də səsləndirib və “Argus Media”ya müsahibəsində neft bazarında həddindən artıq təklif görmədiyini bildirib.
Digər ekspertlərin fikrincə, OPEC+-un gələn ilin birinci rübündə hasilat artımına fasilə verməsi, ABŞ-ın yeni elan etdiyi sanksiyaların “Rosneft” və “Lukoyl”a təsirini qiymətləndirməyə imkan verəcək. Rusiyanın bu məhdudiyyətlər fonunda hasilat və ixrac səviyyəsini qoruyub saxlaya bilib-bilməyəcəyi hələ də qeyri-müəyyəndir.
Bununla belə, analitiklər hesab edirlər ki, digər geosiyasi gərginliklər də tədarük risklərini artıra bilər. Analitik Evans qeyd edib:
“Rusiya tədarükünün azalması diqqət mərkəzində olsa da, bazar həmçinin ABŞ-ın venesuelalı narkotik qaçaqmalçılarına qarşı hərbi kampaniyasını da izləməlidir. Bu kampaniya nəticəsində təxminən 1 milyon barel hasilat risk altında qala bilər.”
“2026-cı ildə neftin qiymətlərində 60 dollara qədər ucuzlaşma gözlənilir”
Beləliklə, analitiklərin fikrincə, OPEC+-un son qərarı hasilat artımını tam dayandırmaqdan çox, artımı yavaşlatmaq və bazarı daha ehtiyatlı idarə etmək strategiyası kimi dəyərləndirilir. Bu baxımdan OPEC+ qiymətlərin sabitliyini qorumağa və bazardakı artan təchizat risklərini azaltmağa çalışır.
Bununla belə, tələbatın zəifləməsi, geosiyasi qeyri-müəyyənliklər və alternativ istehsalçı ölkələrin rolunun artması neft bazarında risklərin qalmaqda davam etdiyini göstərir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban sosial media hesabında məsələyə münasibət bildirərkən yazıb ki, müstəqil hesablamalara əsasən OPEC+ ölkələrinin dekabr ayı üçün ümumi kvotası sazişi əvvəllər pozan ölkələrin kompensasiya həcmləri nəzərə alınmaqla gündəlik 38,185 milyon barel təşkil edə bilər ki, bu da noyabr üçün elan edilmiş planından 101 min barel çoxdur.
“Bəs kvotaların artırılması bazara necə təsir edəcək? Hazırda dünya bazarındakı qiymətlərin monitorinqi göstərir ki, hansısa ciddi enmə yoxdur. Çünki bazar iştirakçıları daha çox ABŞ və Çin aradındakı ticari münasibətlərə diqqət edirlər”, – İ.Şaban qeyd edir.
Onun fikrincə, ümumilikdə isə neft qiymətləri 2026-cı ildə cari illə müqayisədə azalmağa meylli olacaq:
“Ötən həftə Dünya Bankı 2025-2026-cı illər üzrə Brent markalı neftinin orta qiyməti ilə bağlı proqnozunu yeniləyib. Proqnoza əsasən, Brent neftinin orta qiyməti 2025-ci ildə 68 dollar səviyyəsində ehtimal edilir, 2026-cı ildə isə qiymətlərin 60 dollara qədər ucuzlaşacağı gözlənilir. Maraqlısı isə odur ki, Dünya Bankı ekspertləri gələn illə bağlı proqnozlarını artıq 2 dəfədir ki, dəyişməyiblər. Yəni neft qiymətlərinin ucuzlaşması ehtimalı hələ də yüksəkdir”.
“Bu ehtimalı dünyanın tanınmış neft-qaz şirkəti olan Shell-in baş direktoru Vael Savan üçüncü rübün nəticələrindən sonra keçirdiyi tele-konfrans zamanı da təsdiqləyib. O bildirib ki, gələn il qlobal neft bazarında təklif bolluğunun yaranması ssenarisi daha çox ehtimal edilir, lakin uzunmüddətli perspektivdə qiymətlərin artacağını gözləyir. Bu da səbəbsiz deyil, çünki yaşıl enerji dünyada yaşanan hazırkı gərginlikdən sonra qlobal iqtisadiyyatın artım templərini qarşılamağa yetərli olmayacaq”, – deyə ekspert yazır.