Bu günlərdə Elçibəy mövzusu yenidən güdəmə gəldi. Mərhum eks-prezidentin vəfatının 15-ci ildönümündə Yalçın Nəsirovun hələ 2 il bundan öncə qələmə alınmış, “Ə.Elçibəyin Azərbaycanın ən yeni tarixində rolu haqqında yeni nəsil azərbaycanlıların qaldırdıqları mövzu milli təfəkkürümüzdəki mənəvi xərçəng şişidir” ifadəsi ilə başlanan “
Kələki çıxmazı
” məqaləsinin daha bir dərci toplumda yenidən böyük mübahisələrə səbəb oldu.
Bir çoxları eks-prezidenti müdafiə edərək müəllifi ittiham etdilər, başqaları bu mövzunun yenidən gündəmə gətirilməsindən narazılıq edərək “indi nəyə lazımdır bunlar, nəyə xidmət edir?” kimi suallara başladılar. Görəsən, bu mübahisələrin kökündə nə durur – Elçibəyin cəmiyyətdə təşəkkül tapmış, hazırkı iqtidara alternativ obrazının qeyri-iradi müdaifəsimi, yoxsa, onun bu obrazında ümumiyyətlə, ideallaşdırılmış keçmişin araşdırılmasından keçirilən təlaşmı? Cavablar birmənalı deyil.
Az qala canlı folklora dönmüş Elçibəy hakimiyyətinin ən ilginc hadisəsi əlbəttə ki, bir dissidentin hakimiyyəti könüllü surətdə bir KGB generalına ötürməsidir. Bu hadisəni hər hansı bir əcnəbiyə nəql etmək istəsəniz, heyrətdən mat qalmış sifət, bərəlmiş gözlər görəcəksiniz. Başqa adamlara bu hadisənin necə baş verə biləcəyini anlatmaq olmur, çünki sırf Azərbaycan reallığının məhsulu olan bu olay, Sofia Coppola’nın “Lost in translation” filminin mahiyyətini daşıyır: “tərcümənin mümkünsüzlüyü”nü…
Yaxşı, bəs bu necə mümkün ola bilərdi? Keçmiş dissident KGB generalına qarşı ən azından məlum ikrah hissi keçirməli və ən azından bir dissident kimi ona bu işin sonu məlum olmalı idi axı? Dissident ki, uzun illər sürmüş totalitar rejimin, kommunizmin yaratdığı mutasiya etmiş insan tipindən, onun nələr törədə biləcəyindən xəbərdar olmalı idi? Əksinə, dissidentin yaratdığı hakimiyyət zamanı hamı, hər kəs yalnız “milli birlik”dən (o cümlədən, bütün keçmiş rejimin aktiv qulluqçuları ilə də) danışırdı. Arxivlərin açılmaması, lüstrasiyaya heç cəhd edilməməsi də, bu qəbildən hadisələrdir. Bəlkə bunun səbəbləri Azərbaycanda sırf antikommunist dissident hərəkatının mövcud olmamasında idi?
Məsələ burasındadır ki, Azərbaycanda mövcud olan dissident hərəkatında sırf millətçilik meylləri nə qədər güclü olsa da, antisovetizm və antikommunizm meylləri bir o qədər zəif olub. Azərbaycandakı az saylı dissidentlər məhz millətçilər idi, bununla bərabər 60-cı illər Azərbaycan ədəbiyyatında peyda olan bəzi xırda eyhamlar da qəddar və anti-insani rejimə qarşı, fundamental insan azadlıqları anlamında yox, məhz millətçilik paradiqmasında qurulmuşdu.
Bizdən fərqli olaraq, misal üçün, elə lap qonşu Gürcüstanda vəziyyət çox fərqli idi. Doğrudur, oradakı dissident hərəkatı çox güclü millətçi qolla (Zviad Qamsaxurdiya və s.) təmsil edilsə də, ondan heç də az güclü olmayan, əksinə, daha geniş, SSRİ miqyaslı sırf antikommunist dissidentlər, sovet zamanının vicdan rəmzinə çevrilmiş məşhur filosof Merab Mamardaşvili ilə təmsil edilmişdi.
Azərbaycan dissident fikrində isə sovetlər və kommunizm, individum üzərində işgəncələr aparan və cəmiyyəti saxta ideallara kökləyərək, kütləyə çevirən totalitar və anti-bəşəri rejim kimi yox, sadəcə bizi işğal etmiş yadellilərin (Rusiyanın) zülmü kimi xarakterizə olunurdu. O üzdən millətçilərin hakimiyyətə gəlişi zamanı da kommunist rejiminin bəşəriyyətə qarşı törətdiyi cinayətlər ifşa edilmədi, bu haqda xüsusi ədəbiyyatın nəşrinə, elmi işlərə vüsət verilmədi və bu problematika, ümumiyyətlə, diqqət mərkəzinə alınmadı.
Azərbaycanda nəinki Almaniyada nasional-sosialist rejiminin süqutundan sonra keçirilmiş denasifikasiyaya bənzər bir proses yaşanmadı, hətta sadəcə olaraq kommunist rejimi, onun Azərbaycanda və dünyada törətdiyi cinayətlər, kommunist rejiminin personaları belə qınaq obyekti olmadı. Hər şey bildiyiniz kimi, tam əksinə oldu.
Əlbəttə ki, eks-prezidentin cinayət səviyyəsində olan bağışlanmaz səhvləri, ən başlıcası, onun konkret olaraq hakimiyyəti bir başqa kimsəyə yox, kommunist rejiminin xüsusi xidmət generalına ötürməsi faktdır. O bu hərəkətinin nə demək olduğunu, onun hansı nəticələrə gətirəcəyini sanki sonadək anlamamışdı, onun sonrakı, post-Kələki müsahibələri də bundan xəbər verir. Ölkənin baş dissidenti komminizmin, cinayətləri nasizmə bərabər bu anti-bəşəri rejimin yaratdığı mutasion insan tipindən xəbərsizmiş kimi, ölkənin xilasının KGB generalı tərəfindən ediləcəyini zənn etmişdi. Tutalım ki, Elçibəyin zərb-məsələ dönmüş “Fransadan gətirə bilməyəcəyi” (yəni səviyyəsindən narazı olduğu) xalqın bir hissəsi doğrudan da, Heydər Əliyevin gəlişini istəyirdi, amma dissident olmuş bir insan görəsən, KGB generalının Azərbaycanda nə quracağını bilmirdimi?
Bilməməliydimi?
Nəticədə hamının şahidi olduğu 22 illik faciə davam etməkdədir.
Elçibəy haqqında, və əslində cəmiyyət haqda da əsil həqiqəti isə yalnız lüstrasiyadan, arxivlərin açılmasından sonra bilmək mümkündür. Bu gün yalnız onu deyə bilərik ki, Elçibəyin (bilərəkdən, və ya bilməyərəkdən) törətdiyi cinyətlərə görə xalq 22 ildir ki, məhv oldu, çox ağır günlərə qaldı. Əlbəttə, ola bilərdi ki, bütün bunlar onsuz da baş verəydi, sadəcə o zaman məsuliyyəti öz boynuna götürməklə, hazırkı bu ittihamları da boynuna öncədən yükləmişdi.
P.S. Yeri gəlmiş, Elçibəyin bir post-Kələki dövrü müsahibəsində “Xalqının azadlığı uğrunda mübarizə aparan adamlar təqribən bir-birinə yaxın adamlardır. Kommunist də ola bilər. Fərqi yoxdur.” ifadəsi işlədilir.