Pandemiya dövründə təhsil müəssisələri qapadıldıqdan sonra online dərslərin tədrisinə başlanıb.
Bəs bu üsulla hər kəs aldığı təhsili davam etdirə bilirmi?
Qərb Universitetinin ikinci kurs tələbəsi Əhməd Məmmədli yaşadığı məhdudiyyətlərdən danışır:
“Cəlilabad rayonunun Cəngan kəndində yaşayıram. Burada nəinki internet şəbəkəsi, heç 24 saatlıq elektrik enerjisi də mövcud deyil. Mən online dərslərə vaxtında qoşula bilmirəm”.
Ekspertlər hesab edir ki, yaranan çətinliklər online tədrisin ölkə üçün yenilik olmasından qaynaqlanır.
"Təhsil haqqında" qanuna görə, Azərbaycanda təhsil almanın formalarından biri də distant, yəni məsafəli təhsildir. Bu, tədris prosesi elektron vasitələrlə təşkil olunur. Amma təhsilin bu forması qanunda öz əksini tapsa da, tətbiq olunmayıb.
“Distant təhsil bir çox ölkələrdə tətbiq olunur. Bizim geri qalmağımızın əsas səbəbi odur ki, Azərbaycan hökuməti üçün təhsil prioritet məsələ deyil. Hökumət belə pulları ayırır hüquq-mühafizə orqanlarına. Hansı ki, bu təşkilatlar hakimiyyətin möhkəmlənməsinə xidmət edir. Bu ilki dövlət büdcəsində təhsil xərcləri 11 faiz, hüquq-mühafizə orqanlarına ayrılan xərclər isə 22 faizdən də çoxdur”-təhsil üzrə ekspert Nabatəli Qulamoğlu hökumətin təhsilə biganə yanaşdığını deyir.
Pandemiyadan öncə Təhsil Nazirliyi üniversitetlərin maddi-texniki bazasının distant təhsilin tətbiqinə imkan vermədiyini, lakin bu sahədə işlər görüldüyünü bildirirdi. İndi isə zərurətdən başlanılan online tədris metodunun daha sonra inkişaf etdiriləcəyi deyilir.