COVID-19 pandemiyasının Azərbaycan istehlakçılarına öyrətdiyi vərdişlərdən biri e-ticarət vasitəsilə alış-verişin həyata keçirilməsidir. Baş ofisi Almaniyada yerləşən “Electronics Component DataBase” (ECDB) Azərbaycanın elektron ticarət dövriyyəsinin 2025-ci ildə kəskin artacağını proqnozlaşdırır. Bu artımın il ərzində 10 faizə çatacağı gözlənilir. Qurumun məlumatına görə, hazırda Azərbaycanda e-ticarət əməliyyatları ümumi ticarətin cəmi 0,3 faizini təşkil edir və bu göstəricinin 2030-cu ilə qədər əhəmiyyətli dərəcədə artacağı ehtimal olunur.
Xarici ekspertlər Azərbaycanda e-ticarətin inkişafını internet istifadəçilərinin və sosial media hesablarının artması ilə əlaqələndirirlər. Belə ki, sosial media platformalarından istifadə zamanı istehlakçılara onların seçimlərinə uyğun fərdi təkliflər təqdim etmək üçün süni intellektlə idarə olunan alqoritmlər tətbiq edilir. Sosial media gənc alıcıların ticarət davranışlarının formalaşmasında mühüm rol oynayır və nəticədə onlayn platformalar üzərindən alış-verişə maraq getdikcə artır.
Azərbaycanda internet əlçatanlığının real vəziyyətində ziddiyyətlər
Beynəlxalq qurumların hesabatlarında Azərbaycan əhalisinin internetə çıxış səviyyəsinin və istifadəçilərinin sayının yüksək olduğu qeyd edilir. Bu məlumat əsasən Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) rəqəmlərinə istinadən verilir. Lakin reallıqda ölkədə internetdən istifadə vəziyyətini daha dəqiq müəyyən etmək üçün müxtəlif göstəricilərə nəzər salmaq vacibdir.
DSK-nın məlumatına görə, 15 yaşdan yuxarı əhalinin 94,1 faizinin internetə çıxışı var. 2023-cü ildə isə bu göstərici 89,7 faiz təşkil edib. Əksər hallarda onlayn platformalara qoşulma mobil operatorların təqdim etdiyi internet paketləri vasitəsilə həyata keçirilir.
Statistikada ümumilikdə, ev təsərrüfatlarının 90,2 faizi internetə çıxışa malik olduğunu bildirir. Lakin rəqəmlər təhlil edilərkən görünür ki, ev təsərrüfatlarının böyük hissəsi sabit genişzolaqlı internetdən istifadə etmir. Başqa sözlə, kabel və ya fiber-optik xətt vasitəsilə limitsiz qoşulmaya malik deyillər.
DSK-nın məlumatına görə, aktiv mobil genişzolaqlı internet abunəçilərinin sayı 9,2 milyon nəfərdir. Sabit genişzolaqlı internet (kabel və ya fiber-optik xətt) abunəçilərin sayı isə cəmi 2,3 milyon təşkil edir. Bu rəqəmə həm evlər, həm dövlət idarələri, həm də ofislər daxildir. Halbuki, ölkədə təxminən 3 milyon ev təsərrüfatı və 300 mindən çox qeyri-yaşayış obyekti mövcuddur.
Statistikada ev təsərrüfatlarının internetə müxtəlif vasitələrlə çıxış səviyyəsi 90,2 faiz kimi göstərilsə də, əslində bu göstərici əsasən mobil internet üzərindən təmin olunur. Yəni ailədə bir nəfərin mobil telefonu vasitəsilə internetə qoşulması, statistikada həmin ev təsərrüfatının “internetə çıxışı var” kimi qeydə alınır.
Maraqlıdır ki, iqtisadi fəallığa görə internetdən istifadəetmə göstəriciləri dəyişir. Araşdırmalar göstərir ki, Azərbaycanda internetdən istifadə səviyyəsi əhalinin iqtisadi fəallığından da asılıdır. Belə ki, DSK-nın məlumatına görə, məşğulluğu olan əhalinin 93,4 faizinin internetə çıxışı olduğu halda, “işsiz” statusu olanların yalnız 45,8 faizi şəbəkəyə qoşula bilir.
Ölkədə əmək qabiliyyətli, lakin iqtisadi qeyri-fəal hesab olunan bir qrup insan var. Buraya təqaüdçülər, tələbələr, evdar qadın və kişilər, həmçinin könüllü şəkildə işləmək istəməyən şəxslər daxildir. Təqribən 5 milyon nəfərə yaxın insan bu qrupa daxildir və onların 51,2 faizinin internetdən istifadə etmədiyi məlum olur.
Beləliklə, xeyli insan internetdən mütəmadi və daimi istifadə etmədiyi müəyyən olur.
DSK internetdən istifadə etməyənlər arasında apardığı sorğu isə maraqlı nəticələr ortaya qoyur. Belə ki, internetə qoşulmaq üçün avadanlıq və xidmət qiymətlərinin bahalaşmasının ev təsərrüfatlarının bu şəbəkəyə qoşulmasına ciddi təsir göstərdini demək olar. Əgər 2023-cü ildə bu qrupda olan insanların yalnız 4 faizi internetin baha olduğunu səbəb göstərirdisə, 2024-cü ildə bu rəqəm 14 faizə qədər artıb. Avadanlıqların bahalığına görə internetə qoşulmayanların payı isə 5,3 faizdən 10,1 faizə yüksəlib.
Digər səbəblərə gəldikdə, 42,8 faiz internetə ehtiyac duymadığını, 0,8 faiz şəxsi məlumatların məxfiliyinin qorunmasından narahat olduğunu, 2,8 faiz yaşadığı ərazidə internetə çıxış olmadığını, 7,4 faiz interneti zərərli hesab etdiyini, 0,5 faiz isə sürətin və keyfiyyətin qənaedici olmadığını bildirib.
Bu il elektron ticarət əməliyyatları 26,7 faiz artıb
Azərbaycanda insanlar internetdən, əsasən, xəbər almaq və onlayn ünsiyyət üçün istifadə etsələr də, son beş ildə digər xidmətlərdən, xüsusilə onlayn alış-verişdən istifadə artmağa başlayıb. Dünyada ən geniş yayılmış xidmətlərdən biri olan elektron ticarət Azərbaycanda hələ geniş vüsət almasa da, COVID-19 pandemiyasından sonra bu sahədə sıçrayışlı artım müşahidə olunub.
Hazırda ölkədə internetə çıxışı olanların yalnız 24 faizi mal və xidmətləri onlayn platformalar üzərindən alır. Azərbaycan bu göstəriciyə görə hələlik qonşu ölkələrdən geri qalır. Belə ki, Gürcüstanda internet istifadəçilərinin 31 faizi, Ermənistanda isə 30 faizi elektron ticarət vasitəsilə alış-veriş edir.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, 2024-cü ildə nağdsız ödənişlərin 66,5 milyard manatı elektron ticarətin payına düşüb ki, bu da 2023-cü illə müqayisədə 69,8 faiz və ya 27,3 milyard manat çoxdur. 2025-ci ilin yanvar-iyul aylarında isə 47,8 milyard manatlıq e-ticarət əməliyyatı aparılıb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 26,7 faiz artım deməkdir. Bu dinamika beynəlxalq təşkilatların proqnozlarından daha yüksək artım ola biləcəyini göstərir.
Ötən il Azərbaycanda əhali onlayn platformalarda ən çox geyim və idman mallarına üstünlük verib. Belə ki, bu kateqoriyanın payı 36,6 faiz olub. Bununla belə, əvvəlki illə müqayisədə azalma müşahidə edilib. 2023-cü ildə bu göstərici 38,7 faiz idi. Türkiyə onlayn platformalarında qiymətlərin bahalaşması geyim sifarişlərinin azalmasına təsir etsə də, Çin platformalarından müxtəlif xırdavat məhsullarının sifarişi artıb. Eyni zamanda malların real nominal dəyərlərinin hesabatlarda tam əks olunmaması da paylardakı dəyişiklikləri izah etməyi çətinləşdirir.
Elektron ticarət əməliyyatlarında digər istiqamətlər üzrə göstəricilərə gəlincə kitab, jurnal və qəzet abunəliyi 10,9 faiz, kompüter proqramları (oyunlar istisna olmaqla, tətbiqlərin alışı) 1,1 faiz olmaqla azalıb. Belə proqram tətbiqlərinə xərclənən vəsait 2023-cü ildə ümumi elektron ticarətin 2,1 faizini, 2022-ci ildə 3,7 faizini təşkil edib.
Onlayn platformada kosmetika və ətir alışı artaraq 7,4 faiz olub. Əvvəlki illərdə 3,5 faiz təşkil edib.
Bundan əlavə, maliyyə və sığorta xidmətləri, səhmlərin payı 3,7 faiz, qida, içki və tütün məhsulları 7,7 faiz, mebel və məişət elektronikası 9,9 faiz, tibbi vasitələr 5,8 faiz, film və şəkillər 3,3 faiz, musiqi alətləri 3,6 faiz, səyahət xidmətləri 1,9 faiz, elektron avadanlıqlar (mobil telefon, kamera və s.) 3,7 faiz olub.
İnsanlar niyə e-ticarətdən çəkinir?
Dövlət Statistika Komitəsinin ev təsərrüfatları arasında keçirdiyi sorğuya görə, əhalinin onlayn alış-veriş etməməsinin əsas səbəbləri maraqlıdır. Onların 47,4 faiz maraq göstərmədiyini, 26,7 faiz isə alışları şəxsən etməyə üstünlük verdiyini bildirib. Qeyri-istifadəçilərin 4,9 faizi alışların təhlükəsizliyinə, 3,7 faizi isə şəxsi məlumatların qorunmasına əmin olmadığını qeyd edib. Bundan başqa, 8,2 faiz texniki problemləri, 3,3 faiz çatdırılma və qaytarılma ilə bağlı etibarlılığın olmamasını, 5,8 faiz isə bu sahədə bilik və bacarığının yetərli olmadığını əsas səbəb kimi göstərib.