Zərdüşt Əlizadə
Hakimiyyətə ideologiya sahəsində eyni yabıya minməyə çalışan rəqib lazım deyil
Dövlət Plan Komitəsi çoxdan ləğv edilsə də, bizim dəyişməz tayfa-ailə hakimiyyətimiz əhalini planlı surətdə idarə edir. Yəni neft-qaz gəlirləri planlı surətdə mənimsənilir, dövlət idarələri planlı surətdə təsis və ləğv edilir, seçkilərin nəticələri və qalibləri planlı surətdə müəyyənləşir. Bizim hakimiyyət, çox güman ki, Neft Fondundakı son dolları nə vaxt və necə həzme-rabedən keçirəcəyi tarixi də planlaşdırır və dəqiq bilir.
Partiyalar haqqında qanun da, bunun əsasında partiyaların çıxdaş əməliyyatı da yuxarılarda çəkilmiş nəqşələrə uyğun həyata keçirilir. Artıq 31 partiya, maşallah, ləğv edilib, bir YAP qeydiyyatdan keçib. Üzdə olan üç pariyaya – REAL, AXCP və Musavat – 30 gün möhlət veriblər ki, sənədlərini qaydaya salsınlar.
Şübhə yoxdur ki, son nəticədə yalnız möhtərəm zati-alilərinin danılmaz rəhbərliyini tanıyan vücudlardan savayı siyasi səhnədə heç kim qalmayacaq, fərqli düşünənlərin hamısı çıxdaş ediləcək.
Niyə? Bu sual çox maraqlıdır. Axı heç kim hələlik tayfa-ailə cütlüyünün hakimiyyətinə meydan oxuya biləcək gücə və imkana malik deyil.
Lakin plana görə bu siyasi qurumlar mütləq siyasi səhnədən silinməli idilər və silinirlər də.
Sizin həqir bəndəniz iki səbəb görür.
Səbəblərdən BİRİNCİSİ çox sadədir. Artıq göstərilmiş xidmət geridə, tarixdə qalır və dəyərini itirir. Tayfa- ailə cütlüyü hakimiyyət uğrunda amansız ölüm-dirim mübarizəsi aparanda ona müttəfiqlər və yandaşlar çox lazım idi və bu müttəfiqlər ifa etdikləri vəzifəyə uyğun hörmət və dəstək görürdülər. Məhz buna görə Ulu öndər AXC-ni də, onun “Azadlıq” qəzetini də, Milli Məclisdəki Dembloku da daima dəstəkləyirdi, AXC-nin şəksiz lideri Elçibəylə Brejnev-Honekker sayağı dodaq-dodağa öpüşürdü.
Elə ki, AXC öz tarixi vəzifəsini yerinə yetirdi, Vəzirovun və Mütəllibovun başlarını yedi və hakimiyyət kürsüsünü onun əsl sahibi üçün hazırladı, AXC-nin tarixi missiyası bununla qurtardı. 1993-cü ilin yayından sonra Azərbaycanın siyasi səhnəsində AXC və onun törəmələri üçün yer qalmadı. Onlar bu sadə həqiqəti dərk etməyib hakimiyyətə iddialarını ərz etdikcə Ulu öndər planlı surətdə onları doğrayıb ulduz qayırmağa başladı.
Planı yerinə yetirmək üçün əsrlər boyu sınaqdan keçirilmiş üsullar işə salındı.
Kimi çörəklə imtahana çəkildi, bir müddət müstəqilliyə qovuşmuş dövlətimizin sıravi vətəndaşı səviyyəsində yaşayıb möhnətə dözmədi və hakimiyyətdən aman diləyib vicdanı və məsləki müqabilində hakimiyyət axurundan nuş etmək hüququ verən vəzifə və mandat qazandı, oldu “konstruktiv” müxalifət. Kimi guya ki, abrını qorudu, üzdə “barışmaz” müxalifət qiyafəsini soyunmadı, fəqət gizlində hakimiyyətin gizli ödənək fondundan “dolanışıq” haqqını alıb böhranlı anlarda müxalifət düşərgəsində Prezident Aparatının göstərişlərini icra etməkdən utanmadı. Utanmadı və ifşadan qorxmadı, zira əhalimizin müstəsna anlaqsızlığına dərindən əmin idi.
Tayfa-ailə cütlüyünün hakimiyyəti indi avam əhalini rahat minmək üçün çox əlverişli olan millətçilik ideologiyası ilə silahlanıb. Baxın, siyasi partiyaların çıxdaş edilməsinin İKİNCİ əsas səbəbi budur.
Hakimiyyətə ideologiya sahəsində eyni yabıya minməyə çalışan rəqib lazım deyil. Azərbaycanın siyasi səhnəsinə bu ideologiyanı özünün və camaatın qavraya biləcəyi bəsitləşdirilmiş tərzdə Əbülfəz Əliyev gətirmişdi. Bu ideologiyanın əsas cizgiləri vurma cədvəli qədər bəsitdir və tərəfdarlarından əsla gərgin zehni əmək tələb etmir: türk olmaq və ya türk olmağa can atmaq kifayətdir. Tamhüquqlu insan olmaq vacib deyil, insan haqları bekara şeydir. Türkçü gərək Türkiyəni sevsin və Turanın parlaq gələcəyinə inansın. Vəssalam.
Bu ideologiyanı indi İlham Əliyev cənabları kullanır. Əgər bu ideologiya İlham Əliyevə məxsusdursa, sual yaranır: ə bə AXCP və Musavat nəyə gərəkdir? Bu partiyalar niyə əl-ayağa dolaşıb möhtərəm zati-alilərinə nəhəng milli vəzifələri həyata keçirməyə mane olmağa cəhd etməlidirlər? Müstəqil millətçi Azərbaycanda bu partiyalar sanki arabanın beşinci, lazımsız təkəridirlər. Lazımsız təkərləri arabadan ayırıb kənara tullayırlar.
Yaxşı, AXCP və Musavat qəziyyəsi məlum, onlar türkçülük bazarında tayfa-ailə cütlüyünün hakimiyyəti ilə rəqabətə girmək iddiasındadırlar. Bəs bu REAL və Rifah partiyalarının günahı nədir? Onlar ki, müstəqilliyi və bazar iqtisadiyyatını müdafiə edirlər.
Bax, onların günahı məhz bundadır. Onlar hansı bazar iqtisadiyyatını müdafiə edirlər? Bu bazar iqtisadiyyatı Azərbaycanın milli dəyərlərinə uyğundurmu? Əsla! Haşa! Bu millətimizə yad partiyalar nəyi təklif və nəyi tələb edirlər?
Onlar sahibkarlar üçün şəffaf və bərabər fəaliyyət şəraiti istəyirlər. Deyirlər ki, əks halda Azərbaycan qonşularına da, lap Afrika dövlətlərinə də rəqabətdə uduzacaq. Tələb edirlər ki, seçkilər ədalətli, məhkəmələr müstəqil olsun.
Bu, Azərbaycan şəraitində ən böyük səfehlikdir. Belə tələblərlə dövlətimiz labüd süquta gedəcək. Xalqı heç vaxt özbaşına qoymaq olmaz! Xalqın başında mütləq müdrik qəyyum durmalıdır.
Xalqımızın gözəl məsəli var: ölünü başına qoysan, kəfəni yırtıb qaçar. 1988-ci ildə xalqa Meydanda sərbəstlik verdilər? Verdilər. Nooldu? Gedib yapışdı Nemət Pənahovun ətəyindən. Güclə qopardılar. 1989-cu ildə xalq bir də Meydanda toplaşdı? Toplaşdı. Nooldu? Gedib yapışdı Etibar Məmmədovun ətəyindən. Ta ki, gəlib yetişdi 20 Yanvara. Sonra yenə xalqa imkan verdilər ki, toplaşıb Əbülfəz Əliyevin və dəstəsinin ətəyindən yapışsın. Nooldu? Şuşa, Laçın və Kəlbəcər getdi çala-çala. Demokratiya onlardan əvvəl getmişdi oynaya-oynaya.
Belə millətçi türkçülüyün qaçılmaz aqibəti Ulu öndərin qayıtması və Qurtuluş olmalı idi və oldu da.
Ta indi nə istəyirsiniz? Cücə-plov və şiş-kababla arzuladığınız qaçılmaz görüşünüz, inşallah, parlaq gələcəkdədir, hələliksə sizi rəsmi qeydiyyatdan keçmiş YAP üzvlərinin istedadlı idarəçiliyi və möhtərəm general-polkovnik Vilayət müəllimin polis nəfərlərinin qardaşlıq nəvazişi gözləyir.
Allah-təala hər bir insana və hər bir xalqa layiq olduğunu verir, çünki O, rəhmli və mərhəmətlidir. Həm də adildir.