Onlarda utanan üz yoxdur

Ömrüm boyu çox həyasız yalançı görmüşəm.

Source:

Ömrüm boyu çox həyasız yalançı görmüşəm. Ağa qara, qaraya ağ deməklə yavan əppəyinə yağ qazananlar cəmiyyətimizdə əsla sonuncu yerlərdə durmurlar.

Hesab etməyin ki, yalnız sifarişli hökm çıxaran vicdansız hakimləri nəzərdə tuturam. Bəli, onlar məzhəkə məhkəmələrində müdafiə tərəfinin bütün vəsatətlərini heç bir əsas göstərmədən rədd edərkən də, ittiham “şahid”lərinin yalan ifadələrini ifşa edən müttəhim və vəkillərin sözünü kəsərkən də, ilkin istintaq zamanı “müstəntiq”lərin quraşdırıb yamadığı işlərin ittiham hissəsini sözbəsöz öz qərarlarına köçürəndə də utanmırlar. Niyə? Çünki onları bu vəzifəyə təyin edəndə elələrini seçiblər ki, onlarda utanan üz olmasın. Utanan üzün olmaması belə vəzifələrə təyinatda əsas şərtdir. İkinci şərt odur ki, bu adam ləkəli olsun, yəni onu rahat idarə etmək üçün yuxarılarda ona qarşı “kompromat” olsun.

Neft-qaz sənayesi çox qazanclı sahədir. Yəni Kürreyi-Ərzdə narkotik satışı, silah alveri, dərman istehsalı, fəhişəlik və qumardan sonra ən gəlirli sahə neft-qaz biznesidir. Di gəl bəxtimizdən bizim Azərbaycanda bu sahənin milli şirkəti ziyanla işləyir. ARDNŞ əməli olaraq müflisdir. Onu iflasdan xilas etmək üçün yanacağın qiymətini aramsız qaldırırlar. 2016-cı ilin sonunda – “Premium” benzini Rumıniyadan gəlir”- bəhanəsi ilə onun qiymətini 10 faiz qaldırdılar. Keçən həftə “Premium” benzini yenə on qəpik bahalandı. Bəllidir ki, bu on qəpik gecə-gündüz xalqın xidmətində durub külüng çalan karbo-hidrogen başbilənlərini ağır iqtisadi böhrandan xilas edə bilməyəcək, benzin dübarə bahalanacaq, amma bu acınacaqlı hal bizim yalançı rəhbərlərə əsla mane olmur ki, əllamə sifəti ilə yürüdülən iqtisadi siyasətin dərin məziyyətləri barədə xam xalqa muştuluq versinlər. Niyə? Çünki utanmırlar. Deyə bilməzlər ki, cibişdanın dibi yırtıqdır, bir ucdan girir, o biri ucdan sovrulub uçur. Deyə bilməzlər ki, nəfsimizlə cihadı uduzmuşuq.

Köhnə oxumuş-bilən nəsil Şvarsın nağılını xatırlayır. Padşah lüt-üryan gəzir, əyan-əşrəf isə onun libasının misilsiz gözəlliyini tərənnüm edir. Ta ki, bir oğlan uşağı təsadüfən padşahı görüb “Padşah lütdür!” çığırır. İndi də bizdə bu məsələ təkrarlandı. Hakimiyyətin təbliğatı gecə-gündüz diplomatiyamızın uğurlu Qarabağ siyasətini tərifləyirdi. Bu uğur nağılına sədəlövhlüklə inanıb Rusiyanın Xarici İşlər Nazirliyinin başçısına “Azərbaycan öz qanuni ərazisi Qarabağı silah gücünə işğaldan azad etməyə başlasa, Rusiya nə edər?” sualını vermiş jurnalist Anar Həsənov Lavrovu təhrik etdi ki, açsın sandığı və töksün pambığı, yəni desin ki, “Qarabağ Azərbaycanın daxili işi deyil”. Azərbaycanın Qarabağ siyasətinin libaszıs gəzdiyini hamı gördü. Yəni əbədi-əzəli və sarsılmaz suverenlik nağılı puç imiş. Torpağımızın ağası biz deyilmişik, Minsk Qrupu və Ermənistan imiş. Hakimiyyət nə etdi? Qarabağ siyasətinə libas geyindirdi? Yox. “Padşah lütdür” çığırmış uşağı işdən çıxardı. Azərbaycan jurnalistlərini müdafiə etməli olan təşkilatlardan hənirti belə eşidilmədi. Hamının başı axurda, hamı “dolanışıq”la məşğuldur. Niyə? Çünki heç kəs heç nədən utanmır. Vaxtilə Qarabağı vermək ayıb sayılmadısa, onu indi almamaq nə üçün ayıb sayılsın?

Qaçqın statuslu həmvətənlərimiz hakimiyyətin onların sərf etdiyi enerjini naqilləri sayğacdan keçirməklə ölçmək cəhdinə qarşı etiraz edirlər. Çünki çox gözəl bilirlər ki, hakimiyyətimiz nəyisə “təkmilləşdirməyə” girişirsə, sonunda camaatın cibinə girəcək. Nəticəni bildiklərindən elə bəri başdan etiraz edirlər. Bir tərəfdən hakimiyyət guya ki, israfın qarşısını alır. O biri tərəfdən bütün xalqın gözü önündə xalqın malını hədsiz basıb yeyən bir ovuc dələduzun fəaliyyətini “təkmilləşdirə” bilmir. Camaat bunu görüb fikirləşir: “Nə üçün onlara olar, bizə olmaz? Onlar milyard yeyir, bizə nə üçün beş-on manat yemək yasaqdır”? İctimai ədalətin tapdandığı bir ölkədə talenin onsuz da cəzalandırdığı insanların cüzi puluna göz tikmək nədənsə ayıb sayılmır. Hər halda, sovrulan milyardların müqabilində bu həqir qəpık-quruş ovuna çıxmışlar tutduqları əməldən utanmırlar.

Bəli, İnternetdə görürəm ki, AXCP və Müsavatın rayon təşkilatlarını yerləşdikləri iqamətgahlardan çölə atırlar. AXCP-nin liderinə qarşı təxribatlar səngimir. Müsavatın iqamətgahının önündə rəzil bir “piket” tamaşası qoyulur. Mən sıravi bir vətəndaşam, yanılmıramsa, azdan-coxdan düşünməyi bacarıram. Hakimiyyət görəsən bu kəmağıl əməlləri ilə nəyə işarə edir? Mən bunu belə şərh edərdim:

1. Ay camaat, bilin və agah olun ki, əlahəzrət hakimiyyətin müxalifəti məhz bu iki yarımcan təşkilatdır. Bilin və bizə qarşı nə isə etmək istəsəniz, elə onların ətrafında toplaşın. Biz onları və tərəfdarlarını əzməkdə mahirik və bu məharət gələcəkdə də istifadəsiz qalmamalıdır.

2. Təməlini Ulu Öndərin qoyduğu bir neçə təşkilat var ki, işi-peşəsi müxalifəti müxtəlif üsullarla əzməkdir. Bu qurumlar son 25 ildə o qədər səmərəli işləyib ki, dəxi əziləsi heç kim və heç nə qalmayıb. Buradan da məntiqi nəticə çıxır ki, neft gəlirlərinin kəskin azaldığı bir şəraitdə bu qurumları bəlkə də ixtisara salmaq zamanı yetişib? Bəlkə onları bağlamaq, işçilərini çölə atmaq zamanıdır? Bu qurumların işçiləri ailə sahibidirlər, külfət dolandırırlar. Onların qurumları bağlansa, bir də belə asan və gəlirli işi haradan tapacaqlar? Odur ki, bir neçə əməliyyat keçirib yuxarılara göstərmək lazımdır ki, müxalifət ölməyib, sağdır, onlar isə hələ də hakimiyyətin karına gələ bilərlər. Hər halda bürokratiya haqqında Parkinsonun qanunlarından biri elə bunu deyir: “Hər hansı bürokratik qurum yarandıqdan sonra nəinki yaşayıb qalmağa, həm də genişlənməyə səy edir”.

Bu biabırçı əməlləri edənlər utanırmı? Bəlkə də utanardılar, əgər onlarda utanan üz olsaydı.

Ölkəmizin siyasi səhnəsində cərəyan edən bu alçaldıcı hadisələrə tamaşa etdikcə və onları şərh edib bəraət qazandırmağa çalışan hakimiyyət nümayəndələrini dinlədikcə, mənim yadıma Sovet Ordusunda xidmət etdiyim zaman eşitdiyim bir lətifə düşür:

“V.İ.Lenin adına Ali Siyasi-Hərbi Akademiyasına qəbul imtahanını uğurla vermiş gənci müsahibədən keçirirlər. Bütün sualların cavabını verir. Sonda ona deyirlər: İndi də son sınaq. Sağ əlini sinən səviyyəsində düz qabağa uzat. Uzatdınmı? Əhsən. İndi dilinin ucu ilə sağ əlinin barmaqlarının ucunu yala”.

Sovet vaxtı bu son sınaqdan uğurla çıxan adamlar tapılırdı. Lakin sovetin sonu nə oldu?



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəOnlarda utanan üz yoxdur