Əlillik qazanandan sonra tez-tez çox qəribə insanlarla qarşılaşıram. Gəzdiyim vaxtlarda elə insanlarla az rastlaşırdım. Bəlkə də, oturduğum əlil arabasına görə onlar mənimlə ünsiyyətə girir. Buna tam əmin deyiləm. Sanki əlil arabasından həyat, insanlar fərqli görünür. Mən əlil arabasının yaratdığı mənəvi və fiziki ağırlığı nəzərdə tutmuram. Bu, başqa şeydir. Nəsə özümdə fərqli baxış və yanaşma hiss edirəm. Bunu hələ tam müəyyənləşdirə bilməmişəm. Bilirəm ki, qətiyyən mənfi baxış deyil. Başqa əlil arabası istifadəçiləri həyata və insanlara hansı pəncərədən baxırlar, bilmirəm. Amma əminəm ki, onların fikirlərini öyrənməyə çalışsanız, fərqli fikirlərlə qarşılaşacaqsınız.
Əslində, qarşılaşdığım şeylərə baməzə yanaşıram. Onlara əvvəl aqressiv reaksiya verirdimsə, indi sadəcə gülürəm. Məsələn, keçən dəfə səhərin mərkəzində gəzərkən ovqatımı yüksəldəcək bir hadisə ilə qarşılaşdım. Əlilliyi olan insanların tez-tez rastlaşdığı dilənçi zənn edilmə tipindən bir olay. Yaşadığım qəsəbədən tutmuş, səhərin bir çox yerlərində məni dilənçi zənn edib, pul uzadan çox olmuşdu. Elit təbəqənin gəzişdiyi mərkəzi hissələrdə də mənə bir neçə dəfə pul uzadılıb. Deməli, qulağımda qulaqlıq musiqi dinləyərkən orta yaşlı bir qadın mənə yaxınlaşıb, bir manat uzatdı. Bu dəfə əvvəlki kimi sərt reaksiya verməməyi qərara aldım. Düşünürəm ki, bunun heç kimə xeyri yoxdur. Əksinə, ziyanı var. Öz əsəblərim korlanır və bir başqasına qarşı kobud oluram.
Qadına dedim ki, “Xala, mən 50 manatdan aşağı pul götürmürəm. Qadın çaşdı. Dili tutuldu sanki.
Bir neçə saniyədən sonra danışığı bərpa olunan qadın soruşdu ki:
– Niyə, bala?
– Qayda belədi, – deyə, cavab verdim.
Qadın əlində tutduğu bir manata, sonra mənə baxdı. Sonra yenə manata, daha sonra mənə baxdı. Özünü itirmiş qadına kənardan qızı yaxınlaşıb, “mama, o pul götürən deyil” deyərək, güldü. Qadın gedə-gedə hələ də sağ əlində sıxdığı bir manata baxırdı. Bizə yaxınlaşan qızı heç üzrxaxlıq da eləmədi. Olsun, insanların mədəni səviyyəsi mənə çoxdan bəllidir. Onlar gedəndən sonra xeyli güldüm.
Qərara gəldim ki, bundan sonra pul uzadan olsa, onlarla ancaq belə davranacam.
Keçən dəfə də Əhmədli qəsəbəsində yerləsən reabilitasiya mərkəzinin yanından keçərkən, bəlkə də onuncu dəfə yenə məni dilənçi zənn edib, pul uzatdılar. Düşünürəm ki, gündə bir neçə dəfə dilənçilər üçün bərəkətli sayılacaq həmin yerdən keçməklə kapitalımı bir xeyli artıra bilərəm.
Bu yazımı oxuyanlar əlil arabasına oturub, orada çox gəlirli bir biznez mərkəzi qura bilər. Dilənmək üçün çox əlverişli məkandır. Çox səxavətli insanlarla qarşılaşacağınıza əmin olun. Bir-iki il işləsəniz, özünüzə Hyuindai-dan, Ford-dan da ala bilərsiz. Qayıdaq, mənə pul uzadan dayıya. Təəssüf ki, mənim əlil arabamı sürən xalaoğlu “saxla” desəm də saxlamadı ki, kişi ilə zarafatlaşım. Həmin vaxt Bakıda Avropa oyunları keçirilirdi və dayıya deyəcəkdim ki, “dayı əlinizdəki 1 manat yararsızdır. Avropa oyunlarına oyunlarına görə minimum 50 manat ödəməlisiniz”. Əminəm ki, bu işə dayının heyrətli baxışlarını görüb, xeyli güləcəkdim.
Pul uzadan insanları qınamıram. Əlilliyinə görə çox az müavinat alan insanlar üçün iş yerləri yoxdur.Buna görə də çarəsiz insanlar dilənməyə məcbur olur. Nə etsinlər, onlar belə görüblər.
Tez-tez qarşılaşdığım şeylərdən biri də qəlbi kövrək kişilərin mənə yaxınlaşıb, ağızdolusu təsəlli vermələri olur. Bir müddət əvvəl məhləmizdə gəzərkən 40-45 yaşlarında qırmızısifət bir kişi qarşıma keçib, mənə öz həyat fəlsəfəsindən, çətinliklərindən danışıb, təsəlli verməyə başladı. Sonra anidən “sən duracaqsan, sən duracaqsan” deyib əlləri ilə dizlərimə çırpmağa başladı. Onsuz da bayaqdan onun boş-boğazlığı səbrimi tükədirdi. İndi də əl-qol atıb gic-gicə təsəlliləri lap məni hövsələdən çıxartdı. Özümü güclə saxladım ki, ona yumruq vurmayım. Nə yaxşı yanımda uşaqlar var idi. Və onu yanımdan güclə uzaqlaşdırdılar.
Keçən dəfə də səhərin mərkəzində olanda yenə 40-45 yasında bir kişi mənə yaxınlaşıb yarı rus, yarı öz dilimizdə mənə əndrabadi təkliflər etməyə başladı: İstəyirsən, sənin üçün rəqs edim, istəyirsən, mahnı oxuyum. Nə edim sənin üçün?” Ona minnətdarlıq edib, heç nə istəmədiyimi dedim. 10 dəqiqəyə yaxın təsəlli və fəlsəfəqarışıq söhbətdən sonra yanımdan aralaşdı.
Belə şeyləri görüb, onlara ancaq zarafata salmaq lazımdır. Əgər hər bu cür şeyə pis yanaşsam, əsəb xəstəsi olaram. Həyat qısadır və mən yaşamaqdan hələ bezməmişəm. Ona görə də, o insanlarla sadəcə zarafatlaşıram ki, ovqatım yaxşılaşsın.
Yazıdakı fikirlər müəllifin şəxsi mövqeyini əks etdirir…