Onlar bizdən çörək istəyir, biz isə onlara piroq təklif edirik

Bir cəmiyyətin özünün indisini və gələcəyini müəyyən etməsi üçün yaşadığı tarixi hadisələrə dəfələrlə dönüşü, onu çək-çevir etməsi, yenidən və yeni baxış bucağından dəyərləndirməsi çox vacibdir

Source:
Emin Aslan
Emin Aslan
Cəmiyyət, foto: sosial şəbəkə
Cəmiyyət, foto: sosial şəbəkə

Bir cəmiyyətin özünün indisini və gələcəyini müəyyən etməsi üçün yaşadığı tarixi hadisələrə dəfələrlə dönüşü, onu çək-çevir etməsi, yenidən və yeni baxış bucağından dəyərləndirməsi çox vacibdir. Bu yazını da məhz keçmişdə yaşadıqlarımız, fikirimcə, edilən səhvlər üzərində qurdum.

Xalqın institutlarla bağlı yaddaşını heçə saymaq, onu görməzdən gəlmək prosesləri anlamağa və düzgün dəyərləndirməyə ciddi əngəl olur.

Uzun illərdir ki, mən, vətəndaş cəmiyyətində insan hüquqları ilə bağlı müxtəlif yerli və beynəlxalq təşkilatlarda işləmişəm. İşlədiyim bütün təşkilatlarda insan hüquqları dedikdə, ağla ilk gələn siyasi hüquqlar olub.

Terminoloji anlaşılmazlıq yaşamamaq üçün yazının davamında yalnız “birinci nəsil” (siyasi) və “ikinci nəsil” (sosial-iqtisadi və əmək) hüquqlar terminindən istifadə edəcəm. Siyasi hüquqlar dedikdə, səs vermək hüququ, söz və ifadə azadlığı, toplaşmaq və birləşmək hüququ, ədalət məhkəməsinə çatımlılıq hüququ, özünümüdafiə hüququ daxil edilir. Hüquq ədəbiyyatlarında bu hüquqları şərti olaraq “birinci nəslə” aid edirlər və onu daha çox dövlətin neqativ öhdəçiliyinə daxil olan hüquqlara aid edirlər. Neqativ öhdəçilik dedikdə, dövlətin müdaxilə etməməli hüquqlar olaraq başa düşülür. “İkinci nəsil” hüquqlar isə sosial-iqtisadi və əmək hüquqları sayılır ki, bura təhsil hüququ, yaşayış yeri (ev) olması hüququ, insanın normal yaşaması üçün lazım olan şərtlərin təmin olunması hüququ, sağlamlıq hüququ daxil edilir. Bu hüquqların təmin olunması üçün dövlətin birbaşa iştirakçılığı vacib olduğundan dölətin pozitiv öhdəçiliyi işə düşür. Bəzən bu hüquqlara həm də insanın mədəniyyət hüququnu da daxil edirlər.

Son onilliklərdə “üçüncü nəsil” hüquqları kimi ətraf mühit hüquqları vurğulanır. Bu sıralamada “birinci nəsil” hüquqları ilə “ikinci nəsil” hüquqları arasında tarixi davalar gedib. Sovet cəmiyyəti qurulanda əsas diqqət insanların “ikinci nəsil” hüquqlarına verildi. Sovet cəmiyyətində siyasi hüquqlar ikinci dərəcəli hüquqlar kimi arxa plana atıldı. Təsadüfi deyil ki, Sovet cəmiyyətini məhz bu hüquqların olmaması ilə bağlı daima tənqid edirdilər və edirlər. Azərbaycan xalqı da, Sovetlərin tərkibində məhz sosial-iqtisadi və əmək hüquqlarından faydalanırdı. İndiki Azərbaycan insanı üçün siyasi hüquqlar, iki illik Cumhuriyyət dövrünü çıxsaq, yeni fenomen idi. Cumhuriyyət irsi nə qədər vacib və önəmli olsa da, azərbaycanlının yaddaşında daha çox mifləşmiş şəkildə qalıb.

İnsanlarımızın bu hüquqları təmin edən institutlar barədə tarixi yaddaşı çox zəifdir.

Azərbaycanın müstəqilliyinin hansı dövrə təsadüf etdiyini araşdıranda məlum olur ki, həmin dövr, yəni, 80-lərin sonu və 90-ların əvvəlində, dünyada Amerikanın prezidenti Ronald Reyqanın başlatdığı “Reqanomika” (“Reaganomics”) və Margaret Tetçerin iqtisadi siyasəti ilə neoliberalizm yenidən tuğyan etməyə başlayır. Bu iqtisadi-siyasi islahatları tarixdə “Vaşinqton Konsensusu” adlandırırlar. Vaşinqton Konsensusunun qısaca fəlsəfəsi “ciddi şəkildə bazar iqtisadiyyatına əsaslanan” iqtisadi liberallaşmanı nəzərdə tuturdu. Bu siyasi-iqtisadi konsensusun insan hüquqları baxışında, dövlətin təmin və nəzarət etdiyi əmək və sosial-iqtisadi hüquqlar iqtisadi inkişafa ciddi əngəl olan fenomenlər kimi qəbul edilir. Başqa sözlə, əmək hüquqları, gəlirlərin bərabər bölgüsü, insanların sosial (pensiya), tibbi, təhsil təminatı bazar prinsiplərinə ziddi olduğundan kapitalist idarəçilik sistemindən “çıxdaş” edilir. Qısa izah etsək, minimal dövlət və maksimal “özü-özünü tənzimləyən” bazar iqtisadiyyatına giriş edilir.

Təsadufi deyil ki, həmin dövr Azərbaycanda olan bütün siyasi birliklər, partiyalar, hərəkatlar, vətəndaş cəmiyyəti məhz bu fəlsəfəni əxz edir və onun axınına düşür. 90-cı illərdən əlimizdə qalan faktlara baxdıqda, əsas diqqətin, insanlara seçki hüquqları əsasında formalaşmış demokratik idarəçilik anlayışının aşılanmağa çalışıldığını görərik.

İnsanların işsizlik, əmək hüquqları, sosial təminatı, pulsuz tibbi və təhsil hüquqları ikinci dərəcəli fenomenlər kimi kənara atılır. Təbii ki, kimlərinsə bu hüquq və haqlar barədə danışmasını, mübarizə aparmasını istisna etmirəm, amma bu adamların səsləri həmin böyük axının içərisində o qədər zəif gəlir ki, onları heç kim eşitmir. Azadlığın eyforiyası, neftlə bağlı böyük ümidlər (“neftdən gəlir əldə etdikdə, sosial-iqtisadi hüquqlara qayıdarıq” yanaşması), Sovetin repressiv maşını ilə bağlı xalqın yaddaşında qalan mənfi xatirələr, ümumi kursun düzgün müəyyən edilməsinə, əhatəli, gəlirlərin ədalətli bölündüyü iqtisadi siyasətə diqqət edilməməsinə gətirib çıxardı.

Siyasi partiya və hərəkatlar xalqın mənfi və müsbət Sovet yaddaşını düzgün dəyərləndirə bilmədi. Sovetin repressiv siyasəti xalqın yaddaşında nə qədər mənfi bir tarixi hadisə kimi qalsa da, onun eyni dərəcədə məşğulluğa, əmək hüquqlarına, sosial təminata diqqəti, pulsuz tibbi və təhsil ilə bağlı gördüyü işlər bir o qədər müsbət mənada qalmışdı. Azərbaycan insanın siyasi hüquqlar və azadlıqlar istəməsi onun eyni anda iqtisadi-sosial və əmək hüquqlardan imtina etməsi anlamına gəlmirdi. Bu iki hüququn təməldə bir-birinə zidd olması ilə bağlı neoliberal yanaşma, dövrün bütün siyasi axınlarına pis mənada bulaşmışdı. Hamı tələyə düşdü.

Bu yazını ona görə yazıram ki, biz, yalnız 90-larda deyil, indinin özündə də eyni yanlış dəyərləndirməni inadkarcasına davam etdiririk. Vətəndaş cəmiyyətinin, siyasi partiya və hərəkatların geniş əhali kütləsinə çıxa bilməməsini yalnız repressiv siyasi hakimiyyətin əngəlləri ilə bağlamaq yanlışdır. Hər seçkidən sonra bütün aktiv kəsimin insanların savadsızlığı, siyasi təfəkkürünün olmaması ilə bağlı aşağılayıcı triadalarını oxuyur və eşidirik. Seçki saxtakarlığında iştirak edən məllimlər bu aşağılamanın ilk qurbanlarıdır. Biz, çəkici dayanmadan əyri mıxa vurmaqda davam edirik. İnsanların təməl biloji ehtiyaclarını ödəyən əmək, sosial- iqtisadi hüquqlarını bir kənara atır, siyasi hüquqlar kimi azərbaycanlı üçün heç bir maddi məna ifadə etməyən, içi boş anlayışı (azərbaycanlı üçün) dayanmadan onun başına dürtürük. Məsələn, seçkiyə münasibətdə azərbaycanlının bu qədər laqeyd olmasını yalnız və yalnız siyasi hakimiyyətin üzərinə yıxırıq. Biz qəbul etməliyik ki, seçki azərbaycanlı üçün onu rifah halına aparan yol kimi qəbul edilmir və ya daha yumşaq ifadə etsək, seçki azərbaycanlı üçün sosial təminat, maddi rifah, məşğulluq ilə əlaqəsi olmayan bir anlayışdır. Azərbaycan insanın “filankəs seçilsə, nə dəyişəcək ki?!” kimi cümləsini dayanmadan davam etdirməsini hələ də anlamırıq.

Xalq haqlıdır, onun dayanmadan siyasi partiyalar, hərəkatlar, vətəndaş cəmiyyətindən tələb etdikləri məhz onun bioloji ehtiyaclarını qarşıyala biləcək iqtisadi təminat siyasəti olub. İndiyə kimi heç bir siyasi partiya və hərəkat Azərbaycanda maddi sərvətlərin maksimum bərabər bölünəcəyi, varlı və kasıb insanlar arasında uçurumun aradan qaldırılması üçün proqramların qəbul ediləcəyi, sərt vergi (varlılardan daha çox, kasıblardan daha az alınacağı) siyasəti aparılacağı, insanların əmək hüquqlarının qorunacağı və daha da genişləndiriləcəyi ilə bağlı sistemli yanaşma ortaya qoymayıb. Bu yanaşma olmadığı üçün də, sosial bazadan məhrum olan siyasi partiylar bütün günahı xalqın “siyasi savadsızlığına”, xarici qlobal güc mərkəzlərinə, siyasi hakimiyyətin repressiyasına (əlbəttə ki, onların rolu böyükdür, amma “hər şeyi müəyyən edən” deyil) bağlayır və özünü marjinallaşdırır. Əgər diqqətlə nəzərdən keçirsək, görərik ki, eyni problem bütün post-sovet ölkələrində yaşanır. Oralarda da insanlar seçkinin “nəyisə” (bu dediyim “nəyi” insanların təməl ehtiyaclarına aid edirəm) dəyişəcəyinə inanmadığı üçün onda passiv iştirak edir, səslərinin arxasınca düşmür, onu qorumur, onu məcburi prosedur kimi qəbul edir.

Azərbaycanlı üçün siyasi hüquqlar bir lüksdür.

Bir kərəsində, Azərbaycanda səfirliklərin birinə dəvət edilmişdim. Rəhbər şəxs olmadığı üçün təşkilatın adından mən getdim. Gələn adamlar, mənə deyilənlərə baxarsaq, ciddi adamlar idi. Getdik, oturduq, hamı “birinci nəsil” insan hüquq və azadlıqlarının pozulmasında, siyasi təzyiq və repressiyalardan danışdı. Söz mənə çatanda əsas problemi yuxarıda yazdıqlarıma çəkdim və beynəlxaq institutlardan tutmuş, yerli siyasi partiya və vətəndaş cəmiyyətinin yanlış dəyərləndirməsinə gətirib çıxardım. Hiss elədim ki, orda oturan heç kim məni anlamadı.

Beləcə təkləndim, özümü son dərəcə aciz, savadsız, kəmağıl hiss elədim. Ordakılar “bunu kim bura çağırıb” kimi sualla mənə baxırdı. İnsanların təməl bioloji ehtiyaclarına apellyasiya etmədən seçki hüquqlarından, azad toplaşmaq, söz və ifadə azadlığından danışmağın bir “lüks” olduğunu orda olan heç kim qəbul edə bilmirdi. Ola bilsin, o insanların maddi təminatı normal olduğundan, siyasi hüquqlara daha çox meyl edirdi, elə ona görə də adi insanların ehtiyacları unudulurdu.

Daha bir misal verim. İşlədiyim təşkilatların birində Azərbacanın rayonlarını gedib hüquqi yardımlar edirdik. O yardımlara gələn insanların 98%-nə elə gəlirdi ki, biz onlara maddi yardım eləmək üçün gəlmişik. Gəlirdilər, üzlərində yarıironik, yarıyazıq ifadə ilə (onların bizə yazığı gəlirdi, bizim onlara yox!) dərdini danışıb gedirdilər. Biz də özümüzü böyük bir iş görürmüş kimi dartıb isti ofislərimizə qayıdır, qəhvədən süzür, insanların dərd-sərlərinin ağırlığından danışır, hesabat yazır, rəqəmləri düzür, bir-iki uğur hekayəsi qurub-qoşub, maaşımızı alıb şellənirdik.

İndi bunlara görə şəxsən çox utanıram. Onlar bizdən çörək istəyirdi, biz isə onlara piroq təklif edirdik.

Azərbaycanda indi hamı ya dini inqilabdan, ya da sosial partlayışdan danışır. Nə beynəlxaq institutlar, nə qərb dövlətləri, nə bizim siyasi partiya və vətəndaş cəmiyyəti xalqın istəyi ilə hesablaşmaq istəmir. Azərbaycanda işləyən insanların böyük bir qisminin gün ərzində 12-14 saat işləyib evinə qəpik-quruş aparan insanlar olduğunu sanki görməzdən gəlir, bu insanlardan seçkidə fəal olmağı tələb edir,onların siyasiləşib repressiv hökumətlə üzbəüz qoymağa səsləyir, meydanlara tökülməsini, danışmasını tələb edirik. 12-14 saat işləyən bu insanların meydana nə üçün toplaşmalı olduğunu heç kim sual etmir. Meydana gələn insan əgər o tribunadan 25 ildir eşitdiyi şeyləri eşidəcəksə, nə üçün ora gəlməli və özünü təhlükəyə atmalıdır? Nəzərə almaq lazımdır ki, bu insanlar heç bir siyasi partiyanın və ya vətəndaş cəmiyyətinin təmsilçiləri deyil, “məşhur” olmadıqlarından da onlar repressiya aparatı qarşısında daha acizdilər, onların təminatı və qoruması yoxdur. Adsızdılar.

Siyasi partiya və vətəndaş cəmiyyətinin həbs edilmiş nümayəndlərinə xalqın laqeyd olmasının təməlində həm də bu durur. Biz onlara nə təklif etdik ki, bizi də qorumasını tələb edək?

Əmək hüquqları ilə bağlı durum isə o qədər bərbaddır ki, yazmağa utanır adam. İşçinin təhlükəsiz əmək şəraitində işləmək hüququ, gündəlik səkkiz saat işləməsi, istirahət hüququ, tibbi siğorta hüququ pozulur. İş yerlərində məcburi əmək, uşaq əməyinin istismarı, cinsi ayrı-seçkilikdən tutmuş, milli ayrıseçkiliyə qədər onlarla faktlar qeydə alınır. Bu pozuntular yalnız az əməkhaqqı olan işlərdə deyil, eləcə də, xarici şirkətlərlərdə çalışan azərbaycanlı işçilər də milli-irqi ayrıseçkilik zəminində bu pozuntuların qurbanı olur. Eyni vəzifəyə görə xarici vətəndaşa Azərbaycan vətəndaşından dəfələrlərlə daha çox maaş verilir, istirahət və tibii siğortası daha yaxşı təmin olunur. Siyasi partiya axtarıram ki, öz proqramında bu ayrı-seçkiliyin aradan qaldırılacağını vəd etmiş olsun.

Ümumiləşdirərək, yekunlaşdırım. Siyasi hüquqlarla paralel sosial- iqtisadi və əmək hüquq və təminatları ön plana çəkməyən, onu siyasi-iqtisadi islahatlarının mərkəzinə yerləşdirməyən istənilən siyasi partiya və hərəkatların asanlıqla məhv ediləcəyini qəbul etməli, onun bu cəmiyyətdə heç bir xalq dəstəyi görməyəcəyini qəbul etməliyik.

Yazıda bütün məsələləri nəzərə almaq mümkünsüzdür. Ümid edirəm ki, bu mövzunun davamı gələcək.

P.s Bu yazı Facebookda yazdığım bir status ilə ortaya çıxdı. Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər statusa şərh verərkən, biz gəncləri keçmişdə görülən işlərlər bağlı məlumatsız olmaqda qınadı. Haqlı ola bilər, amma sual yaranır: Biz niyə bunlardan xəbərsizik? Demək ki, nəsillərarası məlumatların ötürülməsində ciddi problem var. Ola bilsin ki, yaşlı nəsil yorulub və yazmağa, xatırlamağa, keçmişi yada salmağa həvəsləri yoxdur.

Onlar öz həvəssiziliklərini bizim günahımız kimi yozmamalıdırlar. Əgər mən bu gün M.Ə.Rəsulzadənin beş cildliyini oxuya bilirimsə, deməli, problem 90-ların mübarizə aparan, hakimiyyətdə olan nəslindədir. Kitabları yoxdur, ona görə də mütləq qınanılmalıdır. Səhvləri və düzləri ilə onlar bizə kitabların ötürməli idilər. İrad bildirilə bilər ki, onlar siyasətçidir və kitab yazmaq onların öhdəçiliyinə aid deyil. Cavab verim, elə deyil, əgər sıfırdan yeni dövlət qurursansa, əgər dövlət ənənələrin zəifdirsə, əgər yeni xalqsansa, əgər avtoritarizm hamımızı zibilə salıbsa, siyasətçi bir mənada həm də “aydınlıqla” məşğul olmalı, mənfi mənalı qəbul edilsə də, “hərşeyşunas” olmalıdır. Siyasətçinin yalnız siyasətlə, həkimin yalnız həkimliklə, müəllimin yalnız müəllimliklə məşğul olması dövlət institutlarının normal işlədiyi ölkələrdə mümkündür. Bizim belə bir üstünlüyümüz yoxdur və vəziyyət bu şəkildə ikən peşə arxasında gizlənmək kimi haqqımız da yoxdur.


Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəOnlar bizdən çörək istəyir, biz isə onlara piroq təklif edirik