“İndiyədək qohumlarım kömək edib, lakin onların da imkanı tükənib”
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan, 31 yaşlı Vüsal Eldar oğlu Məmmədov qan xərçəngindən əziyyət çəkir. Lakin maddi imkanı olmadığından müalicə oluna bilmədiyini deyir.
Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə, ölkədə onkoloji xəstələr pulsuz dərman preparatları ilə təmin edilirlər. Xəstələr pulsuz müayinədən keçirilərək müalicə olunurlar. Tibbi xidmət pulsuz göstərilir. Onkoloji xəstələr dövlət qayğısı ilə əhatə olunub.
Amma Vüsal Məmmədov bu “qayğı”dan kənarda qaldığını deyir.
Meydan TV-yə müraciət edən gənc bildirir ki, 3 azyaşlı uşaq atasıdır, xəstə olduğu üçün işləyə də bilmir.
“8 aydır müalicə alıram, artıq maddi imkanım tamamilə tükənib. Böyük övladımın 6, ortancılın 4 yaşı var, kiçik övladım isə 8 aylıqdır. Onların mənim qayğıma ehtiyacları var, amma mənim evə çörək almağa belə imkanım çatmır”,- Vüsal Məmmədov bildirib.
Onun sözlərinə görə, xəstəlikdən əvvəl işləyib, kirayədə yaşasa da, heç kimə möhtac olmadan ailəsini dolandırıb. Xəstələnəndən sonra isə qaynatasının evinə köçüb. Hazırda qaynı, baldızı da daxil olmaqla 11 nəfər bir evdə yaşayır, onların köməyi ilə dolanırlar:
“Bir ay Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə aldım. Müalicəmi davam etdirmək, dərmanlarımı almaq üçün 8 min manata ehtiyacım var. İndiyədək qohumlarım kömək edib, lakin onların da imkanı tükənib. Tamamilə sağalmasam da, işləyib, uşaqlarıma baxa bilərəm”.
Vüsal Məmmədov ona yardım edilməsi üçün müxtəlif qurumlara müraciət etsə də, cavab ala bilməyib. Ailə köməklik edilməsi üçün imkanlı şəxslərdən yardım istəyir.