Onkoloji xəstələrin sayı artıb

2014-cü ildə hər 100 min nəfərə 101,0, 2015-ci ildə 106,8 nəfər xəstə düşüb

Source:


2014-cü ildə hər 100 min nəfərə 101,0, 2015-ci ildə 106,8 nəfər xəstə düşüb

2015-ci ildə Azərbaycanda onkoloji xəstələrin sayında artım müşahidə olunub. APA Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyət planı haqqında hesabatına istinadən yazıb ki, onkoloji xəstələrin sayı 2014-cü ildə hər 100 min nəfərə 101,0, 2015-ci ildə 106,8  nisbətdə olub.

Hesabatda qeyd olunub ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da xroniki böyrək çatışmazlığına düçar olan və hemodializ müalicəsi alan xəstələrin sayı ilbəil artır.

Ötən il şəkərli diabet xəstələrinin dövlət hesabına lazımi dərmanlarla və özünənəzarət vasitələri ilə təmin olunması və digər tədbirlərin həyata keçirilməsi nəticəsində bu xəstəlik səbəbindən ölüm göstəricisində artım olmayıb.

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan isə bildirilib ki, qan xəstəliklərinin sayında artım müşahidə olunmur. İnstitutun direktoru Zöhrə Əlimirzəyeva deyib ki, dünya statistikasına əsasən, hər il leykozla xəstələnmə hər 100 min nəfərə 9-13 nəfər arasında dəyişir. ABŞ-da bu göstəricinin daha yüksək olduğunu deyən direktor qeyd edib ki, bu rəqəm hər 100 min nəfərə 30 nəfər təşkil edir: “Azərbaycanda isə hər 100 min nəfər arasında 4-5 xəstələnmə halı qeydə alınır”.

Z.Əlimirzəyeva qeyd edib ki, xəstəliklərin aşkar olunması artım demək deyil: ”Bu müayinə imkanlarının yaxşılaşması və xəstəliyin vaxtında aşkarlanması ilə bağlıdır. Leykozların müalicəsi üçün müasir müayinələr aparılır və bu da xəstəliyin müalicəsinin monitorinqini aparmağa imkan yaradır. Son zamanlar leykozun müalicəsində müsbət nəticələr əldə olunub. Kimyəvi terapiya kursları aparılır, müasir “Hədəf” müalicəsi üçün dərman preparatları alınıb. Nəticədə də  bu xəstələr uzun müddət normal yaşayıb fəaliyyət göstərə bilirlər”.

Ana səhifəXəbərlərOnkoloji xəstələrin sayı artıb