Onkoloji xəstə: Baş onkoloq dedi ki, onsuz da axırda hamı öləcək

“Pulun qaytarılacağını vəd edib, ancaq vədlər hələ də gerçəkləşməyib”

Source: Foto: Meydan TV


“Kimyaterapiyalara görə aldıqları 3 min manatımı geri tələb edirəm”

“Şirvan Rayonlararası Onkoloji Mərkəzdə mənimlə qərəzli davranıb, kimyaterapiyalarımı qəsdən gecikdirdilər. Nəticədə şişlər böyüdü və yayıldı. 12 kimyaterapiyaya görə məndən aldıqları 3 min manat pulumu və xəstəliyimin dərinləşməsinə səbəbkar olmuş həkimlərin cəzalandırılmasını tələb edirəm”.

Sabirabad sakini Rəna Mehrəliyeva Meydan TV-yə danışır ki, 2013-cü ildə Milli Onkologiya Mərkəzində süd vəzi xərçəngindən əməliyyat olunub. 2017-ci ilədək hər 3 aydan bir müayinədən keçib və həmin müddət ərzində həkimlərin təyin etdikləri dərman preparatlarını qəbul edib. 2017-ci ildə növbəti müayinə zamanı sağ çiyin körpücüyünün üstündə iki törəmə aşkar edilib. Bundan sonra dərmanları dəyişdirilib və ona “Femara”, daha sonra isə “Kapeta” dərman preparatları təyin olunub. Daha bir neçə ay bu dərmanları qəbul etdikdən sonra kimyaterapiyalar başlayıb. İlk kimyaterapiyanı 2018-ci ilin aprelində Şirvan Rayonlararası Onkoloji Mərkəzində götürüb. Rəna xanımın iddiasına görə, ilk olaraq ona dörd kimyaterapiya yazılıb. Hər dəfəsində 250 manat alınıb. Sonuncu kimyaterapiya zamanı 200 manat verib, “pulu kəsdiyinə görə” onu kimyaterapiya etməyiblər.



“50 manatı vermədiyim üçün kimyaterapiyanı saxladılar”

“Şirvan Rayonlararası Onkoloji Mərkəzin baş həkimi Ədalət Cavadov məndən 50 manatı da tələb etdi. Dedi, 250 manat verməlisən, tələbini yerinə yetirmədiyim üçün 4-cü kimyaterapiyanı saxladılar. Mən onun hərəkətlərindən prokurorluğa şikayət etmək istədim, ancaq yenə də gözümün qarşısına sağlamlığımı, müalicəmi, balalarımı gətirdim, düşündüm ki, vaxtımı şikayətə, get-gələ itirsəm, həyatım əldən gedə bilər. Növbəti gün məcbur olub tələb etdikləri 50 manatı da verdim və 4-cü kimyaterapiyanı götürdüm. Sonra daha 4 kimyaterapiya götürdüm. Ümumilikdə 8 kimyaterapiyadan sonra Milli Onkologiya Mərkəzinə 1500 manat ödədim və Mərkəzdəki nüvə təbabətində müayinə olundum. Nəticələr ümidverici idi – xərçəng ocağı sönmüş vəziyyətdəydi. Yenə 4 kimyaterapiya yazıldı və həmin kimyaterapiyaları götürmək üçün yenə Şirvan Rayonlararası Onkoloji Mərkəzinə göndərildim. Ancaq əvvəlki 50 manat mübahisəsinə görə həkimlər mənimlə qərəzli davranırdılar. 21 gündən bir götürməli olduğum kimyaterapiyaları həkimlərin sayəsində gecikdirmələrlə götürməli oldum. Nəticədə şişlər artdı, inkişaf elədi, yayıldı. Milli Onkologiya Mərkəzində növbəti müayinə zamanı həkimlər bildirdilər ki, vəziyyət ağırdır, vücud kimyaterapiyanı tanımır”, – şikayətçi deyir.



“Baş onkoloq mənə “təsəlli” verdi”

Rəna Mehrəliyeva deyir, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimovun qəbuluna gedib, baş həkim ona yalnız təsəlli verə bilib:

“Dedi, “onsuz da axırda hamı ölür, məsələn, mənim anam da 48 yaşında vəfat edib, məgər biz böyüməmişik ki? Sənin balaların da böyüyəcək…” Bu da baş həkimin mənə dedikləri… Onunla görüşəndən sonra həkimlər mənə yenə iki dərman preparatı yazdılar, çox pərişan, ümidsiz qayıtdım Şirvana… Şirvan Rayonlararası Onkoloji Mərkəzinə zəng vurdum, dedim, mənə iki dərman preparatı yazılıb, ikisi də dövlət tərəfindən pulsuz verilir. Gəlib götürə bilərəm? Xəstəxanadan cavab verdilər ki, o dərmanlar bizdə yoxdur. Hələ mənə yol da göstərdilər ki, aptekdə olur, get al…”



“Pulunu qaytarsınlar, gedim xaricdə müalicə olunum”

Rəna Mehrəliyevanın sözlərinə görə, həm Şirvan Rayonlararası Onkoloji Mərkəzində, həm də Milli Onkologiya Mərkəzində 20 min manatadək xərci çıxıb. Bunun 3 min manatı götürdüyü 12 kimyaterapiyaya görə verilib. Hazırda müalicələr üçün İran İslam Respublikasına gedib-gəlir. O, onkoloji probleminə görə yerli səhiyyəyə xəclədiyi pulun hamısını alacağına ümid etmir, ona görə də həmin məbləğin bir hissəsinin qaytarılmasını tələb edir.

“Səhv müalicələr aparıblar, həyatımla oynayıblar. Əvvəl pulumu qaytarmaq fikirləri var idi, sonra fikirlərindən daşındılar, dedilər, get, hara istəyirsən, şikayət elə… Mən İrana gedib-gəlirəm, burdan Şirvan Rayonlararası Onkoloji Mərkəzinin baş həkimi Ədalət Cavadova, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimova səslənirəm, insafınız olsun, heç olmasa 12 kimyaterapiyaya görə məndən aldığınız 3 min manatımı qaytarın, İranda müalicəmi davam etdirim, balalarım anasız qalmasın. Mən onları təkbaşına böyüdürəm, həyatlarını söndürməyin”.



“Söz verdi ki, pullarım qaytarılacaq, amma…”

Rəna Mehrəliyeva deyir, Milli Onkoloji Mərkəzinin baş həkimi ona bir neçə dəfə zəng vuraraq məsələni aydınlaşdırmaq üçün onu Mərkəzə dəvət edib. Pulun qaytarılacağını vəd edib, ancaq vədlər hələ də gerçəkləşməyib.

Rəna Mehrəliyeva başına gələnlərlə bağlı Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa müraciət edib, ancaq hələ də cavab almayıb.

Şirvan Rayonlararası Onkoloji Xəstəxanasından Meydan TV-yə bildirilib ki, kimyaterapiyalara və dərmanlara görə Rəna Mehrəliyevadan pul alınması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil. Hər müalicə kursu zamanı xəstənin dərmanları dövlət hesabına alması ilə bağlı protokollarda imzası var.

Ancaq xəstəxananın baş həkimi Ədalət Cavadov Rəna Mehrəliyevaya göndərdiyi məktubda dərman çatışmazlığından yazıb. O qeyd edib ki, “Paclitaxel”, yaxud “Docetaxel” kimi kimyəvi dərmanlar çox az miqdarda alınır. Bütün xəstələrə çatdırmaq mümkün olmur. Xüsusən də “Paclitaxel” 1 ayda cəmi 800 mq alınır. Bu isə 3 dəfə inyeksiya üçündür. Bir xəstəyə vurulanda ikinci xəstəyə çatmır.

Hər iki dərman preparatının adı Səhiyyə Naziriyinin pulsuz dərmanlar siyahısındadır.

Milli Onkoloji Mərkəzdən isə Meydan TV-yə bildirilib ki, Mərkəzdə tibbi xidmətlər dövlət hesabına həyata keçirilir. Rəna Mehrəliyevaya mərkəzə gələrək baş həkimlə məsələni aydınlaşdırması təklif olunsa da, o gəlməyib.

Ana səhifəBölgəOnkoloji xəstə: Baş onkoloq dedi ki, onsuz da axırda hamı öləcək