“”Onbaşı”lar seçicilərə təzyiqlər edir”

Deputatlığa namizəd Hafiz Babalı seçki dairəsində baş verən pozuntulardan narazıdır

Source:


Deputatlığa namizəd Hafiz Babalı seçki dairəsində baş verən pozuntulardan narazıdır

“Mənə gəlib çatan məlumatlara görə, namizədi olduğum 42 saylı Sumqayıt 2-ci Seçki Dairəsinin seçicilərinə müxtəlif təzyiqlər edilir. “Onbaşı” adlandırılan şəxslər məhəllə və mikrorayonlara müxtəlif adlarla gələrək, vətəndaşların evlərində olnarın şəxsiyyət vəsiqələrinin məlumatlarının müxtəlif bəhanələrlə qeydə alırlar. Bundan başqa, büdcə təşkilatlarında çalışan şəxslər Yeni Azərbaycan Partiyasının Sumqayıt təşkilatının binasına gətirilərək, burada şəxsiyyət vəsiqələrinin məlumatları qeydə alınır”.

Bu fikirlər deputatlığa namizəd Hafiz Babalının oktyabrın 23-d yaydığı açıqlamada yer alıb. Meydan TV-yə daxil olan açıqlamada 42 saylı Sumqayıt 2-ci Seçki Dairəsində baş verən pozuntular qeyd olunur:

“Mən Milli Məclisə seçkilərə qanunvericilik normaları daxil olmaqla seçki mühitinin antidemokratik olmasını da göz önünə alaraq Respublikaçı Alternativ Hərəkatının təmsilçisi olaraq qatılmışam.

Namizədliyimin qeydə alınmasına yaradılan əsassız maneələr, təbliğat materaiallarımın sistemli şəkildə cırılması və yararsız hala salınması, iqtidar partiyasının namizədinin seçicilərlə görüşlərində inzibati resurslardan geniş istifadə edilməsi və seçicilərin məcburedilməsi və s. faktları ciddiyə almadan parlament seçkilərində sonadək iştirak etməyi düşünürəm. Bunu mənə səs verməyə hazır olan seçicilərim qarşısında vicdan borcu kimi dərk edirəm.

Lakin mətbuatda yayılan çoxsaylı həyəcanlı məlumatlar iqtidar partiyasının seçkini total qaydada saxtalaşdırmağa hazırlıqlar gördüyünü deməyə əsas verir.

Yuxarıda sadalananlar belə bir ehtimalı irəli sürməyə əsas verir ki, YAP seçki məntəqələrində olan nümayəndələri (məntəqə seçki komissiyalarının YAP-dan olan üzvləri) vasitəsilə partiya tərəfindən namizədliyi irəli sürülən Tahir Famil oğlu Mirkişilinin xeyrinə seçkinin nəticələrini saxtalaşdırmağa hazırlıqlar görür”.

Namizədin sözlərinə görə, hakimiyyətin parlament seçkilərini televiziya və radio efir məkanından kənarda qoyması ilə seçicilərin bu prosesdə fəal iştirakının qarşısını alıb, nətisədə isə vətəndaşlarda parlamentin məhz seçki yolu ilə formalaşmasına olan inamı sarsılıb: “İndidən siyahılar tərtib etməklə YAP seçkiyə gəlməyəcək vətəndaşlardan öz namizədi üçün istifadə etməyə çalışır.

Qeyd olunanlara əsaslanaraq YAP-ı bu qanunsuz hərəkətlərini dayandırmağa, 42 saylı DSK-nı, eləcə də hüquq-mühafizə orqanlarını isə bu faktları ciddi şəkildə araşdırmağa çağırıram.

Bəyan edirəm ki, 1 noyabr Milli Məclisə seçkilər günü seçki məntəqələrində mənim xeyrimə müşahidə aparacaq kifayət qədər müşahidəçi olacaq və məntəqə seçki komissiyalarında “şparqalka” ilə imza vərəqələrinin doldurulmasının, “karuseldən” istifadənin, seçki qutularına topa bülletenlərin atılmasının qarşısının alınması məntəqə seçki komissiyalarından qətiyyətlə tələb ediləcəkdir”.

Ana səhifəXəbərlər“”Onbaşı”lar seçicilərə təzyiqlər edir”