On mindən çox Qarabağ qaçqını Ermənistan vətəndaşlığı alıb

Qarabagdan köç. Foto: Meydan TV

“Kavkazski uzel”in materialı

Son aylarda Qarabağdan olan erməni qaçqınların Ermənistan vətəndaşlığına keçmək üçün müraciətləri bir neçə dəfə artıb. Bu haqda Ermənistan Miqrasiya və Vətəndaşlıq Xidməti məlumat yayıb. Köçkünlər deyirlər ki, pasportu dəyişmək təkcə mənzil proqramına görə deyil, həm də iş tapmaq üçün zəruridir.

2025-ci ilin iyul ayına qədər Qarabağdan olan 9 346 qaçqın Ermənistan vətəndaşlığı alıb. Məcburi köçkünlər əvvəllər vətəndaşlıq almaq üçün müraciət etməyə həvəs göstərmirdilər, çünki özlərini artıq Ermənistan vətəndaşı hesab edirdilər və Qarabağa qayıdacaqlarına ümid edirdilər. Lakin Ermənistan hakimiyyəti mənzil proqramına qatılmaq üçün vətəndaşlığı məcburi şərt edib. İyulun sonuna qədər vətəndaşlıq üçün müraciətlərin sayı ikiqat artıb. Köçkünlərin sözlərinə görə, pasportun dəyişdirilməsi məcburi bir addımdır.

31 iyul tarixinə olan məlumata əsasən, 10 mindən çox Qarabağ qaçqını Ermənistan vətəndaşlığı alıb, 12 min 400 nəfər isə müraciət edib – bunu Miqrasiya və Vətəndaşlıq Xidməti “Kavkazskiy uzel”-in müxbirinə bildirib.

Hüquq müdafiəçisi Artak Beqlaryan qeyd edib ki, “Artsaxda [tanınmamış DQR] verilmiş və Ermənistan tərəfindən təsdiqlənmiş pasportlar Ermənistan hakimiyyəti tərəfindən tanınmır”.

Onun sözlərinə görə, əvvəllər “070” kodlu Qarabağ pasportu yalnız Ermənistanda səsvermə hüququnu məhdudlaşdırırdı, “digər bütün hüquqlardan istifadə etmək mümkün idi”.

“Təəssüf ki, Ermənistan hakimiyyəti öz qaydalarını qoydu, indi artsaxlılar [Qarabağ erməniləri] pasport şöbələrinə getməyə məcburdur. Ermənistan hökumətinin qaçqınlara qarşı qoyduğu məcburi şərt – vətəndaşlıq olmadan dövlət sistemində, hüquq-mühafizə orqanlarında işləmək və ya mənzil proqramından yararlanmaq mümkün deyil. Eyni zamanda, gələcəyini Ermənistanda görənlər də vətəndaşlıq alır. Amma sosial problemlər səbəbilə Ermənistandan köçmək istəyən 10 mindən çox ailə var”, – deyə Beqlaryan bildirib.

Martuni rayonundan olan Qavruş Ayrapetyanın ailəsi mənzil sertifikatı ilə dövlət proqramının benefisiarı olmaq üçün Ermənistan vətəndaşlığı almağa qərar verib.

“Biz “070” kodlu Qarabağ pasportlarımızı dəyişmək istəmirdik, çünki artıq Ermənistan vətəndaşı olduğumuzu düşünürdük. Amma hakimiyyət elə şərtlər qoydu ki, bütün ailə ilə pasport şöbəsinə getməli olduq. Özümüz mənzil ala bilmirik, hətta sertifikat alsaq belə: ailəm azsaylıdır və Ermənistanda iş və həyat olan yerlərdə ev almaq mümkün deyil. Sosial dəstək olmadan kirayə də götürə bilmirik – artıq ‘40+10’ proqramı yoxdur, bütün gəlirimiz kirayəyə gedir. Ona görə də müvəqqəti vətəndaşlıq almağa qərar verdik. Dedilər, iki ay çəkəcək. Sonra baxarıq, bəlkə kiçik də olsa ev tapdıq”, – deyə üç nəfərlik ailə başçısı bildirib.

Qarabağ qaçqınları üçün Ermənistanda “40+10” proqramı mövcud idi: hər qaçqına 40 min dram (təxminən 103 ABŞ dolları) kirayə haqqı üçün, 10 min dram (təxminən 25,8 ABŞ dolları) isə kommunal xərclər üçün verilirdi. 2025-ci ilin aprelindən bu proqram yalnız 18 yaşa qədər uşaqlara, əlilliyi olan şəxslərə və pensiyaçılara tətbiq olunur, əmək qabiliyyətli şəxslər üçün ləğv edilib.

Qarabağdan olan Karine Tsatryan bildirib ki, ailəsinin bütün yetkin üzvləri son iki il ərzində iş tapıb, həmçinin ailədə tələbələr də var:

“Biz pasportları dəyişmək qərarına gəldik, çünki onsuz mənzil almaq üçün sertifikatdan istifadə edə bilmirik. Yerevanı düşünmürük, çünki paytaxtda daşınmaz əmlak hər gün bahalaşır. Amma hökumət bəzi yaşayış məntəqələrində hər qaçqına 4 milyon dram verməyə hazır olduğunu açıqladıqdan sonra, həmin yerlərdə də evlərin qiyməti artdı”.

Ermənistan hökumətinin 2024-cü ildə qəbul etdiyi mənzil proqramına görə, Qarabağdan olan hər ailə üzvü ev almaq və ya tikmək üçün sertifikat ala bilər. Sərhəd kəndlərində mənzil alan ailələrə 5 milyon dram (təxminən 13 min ABŞ dolları), paytaxtdan uzaq 452 yaşayış məntəqəsinə köçənlərə isə 4 milyon dram (təxminən 10,5 min ABŞ dolları) verilir. 2025-ci ilin iyulundan bu siyahıya 611 yaşayış məntəqəsi daxildir.

Stepanakertdən [Xankəndi] olan Lusine Mnatsakanyan bildirib ki, “070 kodlu pasportu işə düzəlmək üçün dəyişib”.

“Mən hətta mənzil proqramını düşünmürəm, çünki sertifikatla belə, Ermənistanda şəhərlərdə ev almaq mümkün deyil. Pasportu dövlət idarəsində iş tapmaq üçün dəyişdim. Həyat yoldaşım da orqanlarda işləmək üçün dəyişdi. Tanışlarımız arasında çoxu sertifikatla ev almağı düşünmür, çünki bu mümkün deyil, iş və minimal infrastruktur olmayan uzaq kəndlərə getmək isə bizim üçün qəbulolunan deyil”, – deyə o bildirib.

Ana səhifəXəbərlərOn mindən çox Qarabağ qaçqını Ermənistan vətəndaşlığı alıb