“Ölüm cəzasının ləğvi ilə əlaqədar yaranmış problemlərin həlli üçün hər bir məhkumun işinə yenidən baxılmalı və “Qanunun geriyə qüvvəsi prinsipinin” ən əlverişli müddəalarına müvafiq cəza tətbiq edilməlidir”
Qobustan Qapalı həbsxanasında ömürlük həbsə məhkum edilmiş 76 məhbus dövlət başçısı İlham Əliyevə, Milli Məclisə, İnsan haqları üzrə Müvəkkilə (Ombudsman) və “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansa müraciət edib. Alyansa daxil olan müraciətdə deyilir;
“Hörmətli cənablar, Sizlərə müraciət edən bizlər Qobustan Qapalı həbsxanasında ömürlük cəza çəkən dustaqlarıq. Azərbaycan Respublikasında ölüm cəzasının ləğvi ilə əlaqədar AR Milli Məclisinin qəbul etdiyi 10 fevral 1998-ci il tarixli Qanunun 4-cü bəndi ilə həmin ərəfədə qüvvədə olan ölüm cəzasına məhkum olunmuş 128 nəfərin cəzası qeyri məhkəmə qaydasında ömürlük həbs cəzası ilə əvəzlənib.
(Bənd 4. Bu Qanunun qüvvəyə mindiyi günədək ölüm cəzasına məhkum olunmuş şəxslərin cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin).
Azərbaycan Respublikasında vaxtilə istisna cəza növü kimi sayılan “ölüm cəzası” ləğv edilərkən “Cinayət Qanununun zamana görə qüvvəsi” hüququ prinsipinə əsasən yeni Qanunun qüvvəyə mindiyi ana qədər qüvvədə olmuş AR CM-nin 23-cü maddəsinə müvafiq olaraq bizim hər birimizin işinə fərdi qaydada məhkəmədə baxılaraq 15 (on beş ) ilə qədər azadlıqdan məhrumetmə cəzası və ya Prezidentin əfv fərmanı qaydasında 15 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli idi.
Qanunverici orqan olan AR Milli Məclis məhkəmə səlahiyyətlərini mənimsəyərək, bizi kütləvi şəkildə, məhkəməsiz ömürlük həbs cəzasına məhkum etmişdir ki, bu da AR Qanunvericiliyinə, eyni zamanda tərəfdarı olduğumuz Beynəlxalq Hüquq normalarına və Avropa Konvensiyasına ziddir.
Bu Qanun pozuntusu ilə əlaqədar AŞPA – nın da qəbul etdiyi 16 aprel 2007-ci il tarixli 1545 №-li Qətnamənin 8.9-cu bəndində qeyd olunur ki, “ölüm cəzasının ləğvi ilə əlaqədar yaranmış problemlərin həlli üçün hər bir məhkumun işinə yenidən baxılmalı və “Qanunun geriyə qüvvəsi prinsipinin” ən əlverişli müddəalarına müvafiq cəza tətbiq edilməlidir”.
Bu Qanun pozuntusu ilə əlaqədar dəfələrlə kütləvi şəkildə Möhtərəm Prezident Sizə, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri cənab Əli Hüseynova, AR İnsan Hüquqları üzrə müvəkkil- Ombudsman, xanım Elmira Süleymanovaya, Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri, xanım Rəbiyyət Aslanovaya və AR Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidova müraciət etdik, son hədd olaraq yeganə çıxış yolumuz olan dəfələrlə dinc aclıq aksiyaları keçirsək də adı çəkilən qurumlardan heç bir cavab ala bilməmişik.
Möhtərəm Prezident, hazırda 128 məhbusdan 73 məhbus sağ qalıb. Onlar arasında yaşı 70, hətta 80-i ötmüş, görmə qabiliyyətini tam itirmiş, 19- 20-25 ilədək cəza çəkən məhbuslar var.
Milli Məclisin yol verdiyi Qanun pozuntusu nəticəsində 128 nəfərdən 40 nəfəri müxtəlif səbəblərdən dünyasını dəyib, 11 nəfər əfv olunub (Müzamil Abdullayev, Nəriman İmranov, Surət Hüseynov, Rəhim Qazıyev, Əlikram Hümbətov, Eldar Əliyev, Mahir Məmmədov, Etibar İsrafil oğlu İsmailov, Təbriz Ağabala oğlu İsmayılov, Elxan Allahverdiyev, İqor Krianovski ekctradisiyadan sonra azad olunub ).
Möhtərəm Prezident, hörmətli cənablar! Bir daha Sizlərə müraciət etməyə məcburuq. Qeyri-qanunu ömürlük cəzaya məhkum edilmiş çoxsaylı məhbusların, on illərlə davam edən müraciətlərimizə, bizə qeyri-qanuni tətbiq edilmiş ömürlük cəzaya münasibətinizi bildirmənizi, saxlandığımız ağır şəraitimizi nəzərə alaraq, on illərlə həllini tapa bilməyən problemin ədalətli həll edilməsinə kömək etməyinizi xahiş edirik.
Biz, aşağıda imzaları olan məhbuslar Sizin ədalətiniz və dəstəyiniz sayəsində illərlə həllini tapa bilməyən bu problemin ədalətli həllini tapacağına ümid edirik.”
(Müraciəti ömürlük həbs cəzasına məhkum edilmiş 76 məhkum 10 sentyabr 2014- cü il tarixdə adbaad imzalayıb)