Ömər Məmmədov: “Və qarşımda şərt qoyublar ki, izahatı imzalamasam, atamı həbs edəcəklər”
Avqustun 20-i Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə blogger, “Facebook”dakı “Heydər Əliyev adına səhifə”nin admini Ömər Məmmədovun ilkin apelyasiya şikayətinə baxılıb. Ö.Məməddovun vəkili Əlayif Həsənov çıxış edərək, məhkəmə qarşısında istintaqın tam təzələnməsi ilə bağlı vəsatət qaldırıb.Vəkil bunu onunla izah edib ki, müdafiə tərəfi daha öncəki məhkəmədə çoxsaylı vəsatətlər qaldırsa da, bunların heç biri təmin olunmayıb.
Vəkilin sözlərinə görə, daha əvvəlki vəsatətlərdən biri də məhkəmə prosesində video çəkilişin təmin olunması ilə bağlı olub. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsi bu vəsatəti də təmin etməyib.
Vəkilin çıxışından sonra, hakim Ömər Məmmədovdan vəkilin qaldırdığı vəsatəti təsdiq edib-etmədiyini soruşub. Gənc blogger isə belə cavab verib: “Vəkilimin dedikləri ilə razılaşıram. Bir daha bildirmək istəyirəm ki, məni Bakı İstintaq Təcridxanasında dəfələrlə döyüblər. Və qarşımda şərt qoyublar ki, izahatı imzalamasam, atamı həbs edəcəklər. Yəni məcbur olduğum üçün, onların yazdığı izahata imza atmışam. Mən nə narkotik istifadəçisiyəm, nə də narkotika satışı ilə məşğul olmuşam”.
Çıxış edən dövlət ittihamçısı Rövşən Tağızadə isə hakimdən vəkilin qaldırdığı vəsatəti təmin etməməyi istəyib.
Daha sonra hakimlər müşavirəyə çıxıblar. Müşavirədən sonra hakim C. Ramazanov məhkəminin qərarını açıqlayıb: “Məhkəmə Ö.Məmmədovun işi üzrə ilkin apellyasiya şikayətinə baxış zamanı qaldırılmış vəsatətin təmin olunmasına ehtiyac görmür. Buna görə də yenidən istintaqın təzələnməsi haqda vəsatəti təmin etmir ”.
Məhkəmə sentyabrın 3-ü saat 16:30-a dək təxirə salınıb.
19 yaşlı Ömər Məmmədov “Axın” Gənlər Hərakatının rəhbəri, Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Həbs olunandan sonra isə o, daha əvvəl üzv olub ayrıldığı Nida Vətəndaş Hərəkatına yenidən üzv olub.