Ombudsmandan təkliflər: əlillərə ipoteka, məhkumlarla videozəng…

Ombudsmanın təklifləri müzakirəyə çıxarılacaq

Source: Meydan TV


Ombudsmanın təklifləri müzakirəyə çıxarılacaq

İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) 2020-ci il üçün illik məruzəsində bir sıra təkliflərlə çıxış edib. Təkliflərdən biri ipoteka krediti ilə mənzil almaq və ya digər kreditlər əldə etməklə maddi vəziyyətini yaşılaşdırmaq istəyən əlilliyi olan şəxslərlə bağlı qanunvericliyə dəyişikliklə bağlıdır.

Qeyd edilir ki, həmin şəxslərlə bağlı sığorta müqaviləsinin bağlanmasını və onların bu hüquqdan istifadəsini məhdudlaşdırdığına görə Maliyyə Nazirliyi Kollegiyasının 2014-cü il 23 sentyabr tarixli, Q-21 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 4.3.2-ci yarımbəndinin (sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda, birinci və ikinci dərəcə əlilliyi olan şəxslərlə bağlı sığorta müqaviləsi bağlanmır) çıxarılsın.


"Pensiya yaşına az qalanların iş yerindən ixtisarı qadağan edilsin"

Digər təklifdə isə uşağın anadan olmasına görə (“süd pulu”), radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün, habelə dəfn üçün nəzərdə tutulmuş müavinətlərin, bununla yanaşı, ailə başçısını itirməyə görə və bir yaşınadək uşağı olan aztəminatlı ailələrə ödənilən müavinətlərin məbləğinin artırılması yer alır.

Bundan başqa, işçilərin ixtisarı zamanı pensiya yaşının çatmasına azı 5-7 il qalmış işçilərin əmək və sosial təminat hüquqlarının müdafiəsi məqsədi ilə yaşa görə əmək pensiyası yaşına çatmasına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunması və bununla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə müvafiq əlavələrin edilməsi də təklif olunur.


Məhkumlarla videozəng əlaqəsi…

Videozənglərin təşkil edilməsinin məhkumun ailəsi və yaxınları ilə əlaqələrini möhkəmləndirməklə islah prosesinə müsbət təsirini, görüş üçün sərf ediləcək nəqliyyat xərclərinə (xüsusilə uzaqda yaşayanlar üçün) qənaəti, qadağan edilmiş əşyaların müəssisə daxilinə keçirilməsinin qarşısının alınmasında əhəmiyyətini, habelə xarici ölkələrdə geniş tətbiq edilən videogörüntü vasitəsi ilə əlaqə saxlama təcrübəsini nəzərə alaraq, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə qısamüddətli görüşə gələ bilməyən şəxslər üçün videogörüşlərin təşkilini nəzərdə tutan əlavənin edilməsi də təkliflərdə yer alır.

Ombudsmanın illik məruzəsi martın 10-da Milli Məclisin İnsan hüquqları komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Ana səhifəXəbərlərOmbudsmandan təkliflər: əlillərə ipoteka, məhkumlarla videozəng…